Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:41

Puqaçovanın bir postunun əks-sədası. 'Brejnev kim olub?'


Rusiyanın keçmiş prezidenti Boris Yeltsin və Alla Puqaçova
Rusiyanın keçmiş prezidenti Boris Yeltsin və Alla Puqaçova

Rusiya pop musiqisinin əfsanəvi siması Alla Puqaçova Moskvanın Ukraynada apardığı müharibəni tənqid edib. “Bu müharibə aldadıcı məqsədlər uğrunda oğlanlarımızın ölümünə səbəb olur və Rusiyanı təcrid olunmuş ölkəyə çevirir”, – yazan Puqaçova Rusiyanın Ədliyyə Nazirliyindən özünün “xarici agent” siyahısına salınmasını istəyib.

Puqaçovanın Instagram postu cəmi bir neçə gün ərzində 750 mindən çox “layk” və 100 mindən artıq dəstək şərhi toplayıb.

Puqaçovanın bəyanatından iki gün öncə Moskva onun əri, tanınmış komediyaçı Maksim Qalkini "xarici agent" siyahısına salıb. Hökumət onu Kiyevin xeyrinə siyasi fəaliyyətlərdə və Ukraynadan pul almaqda ittiham edir. Qalkin və onu dəstəkləyənlərsə hökumətin bu davranışının onun müharibə əleyhinə tənqidi çıxışları ilə bağlayırlar.

40-80 yaşlılar

1970-ci illərdən bəri həm Rusiya, həm də bütün keçmiş sosialist blokunda populyar olan Puqaçova Putinin Ukraynaya hücumunu və Putin hakimiyyətini tənqid edən ən tanınmış sima sayıla bilər. Onun bu son bəyanatı rusdilli internetə canlanma gətirib.

"Əlbəttə, onun bəyanatı müxalifətə, yaxud rejimə qarşı vuruşanlara yönəlməmişdi, onun əsas auditoriyasına, Sovet İttifaqını xatırlayan və sevən və əlbəttə, Alla Puqaçovanı çox detallı xatırlayan və sevən 40 – 80 yaşlılara yönəlmişdi. Sözsüz ki, Puqaçova bu gün Rusiyada Sovet İttifaqının 1 nömrəli simasıdır”, – musiqi və mədəniyyət tənqidçisi Artemi Troitskiy deyib. O əlavə edib ki, sözügedən auditoriya on milyonlarla ölçülür.

"Mənə elə gəlir ki, o ən çox tanınan Rusiya vətəndaşıdır. Bəlkə Putinin özünü nəzərə almasaq. Əlbəttə ki, bu vətəndaşın bu mövzu ilə bağlı fikri çox sayda rusiyalı üçün son dərəcə əhəmiyyətlidir”, – Troitskiy deyib.

Son günlərdə Rusiyada keçmiş sovet lideri haqda belə bir lətifə dolaşmaqdadır: “’Leonid Brejnev kim olub?’ Cavab: ‘Puqaçova dövründə kiçik siyasi fiqur’”.

Dövlət mükafatları

1976-cı ildə Puqaçova bugünədək nəhəng auditoriyası olan “Taleyin istehzası” (“İroniya sudbı”) filminin bir neçə saundtrekini oxumuşdu. Növbəti il o, “Oxuyan qadın” (“Jenşina, kotoraya poyot”) adlı musiqili filmdə baş rolu ifa edir. Filmin əsas sandrekinin satış sayı 55 milyona çatır.

73 yaşlı musiqiçi çoxsaylı dövlət mükafatlarına, “SSRİ Xalq artisti” fəxri adına və üç dəfə “Vətənə Xidmət Ordeni”nə layiq görülüb.

Troitskiy deyir ki, Puqaçovanın bəyanatı insanların son günlər Ukraynada baş verən hadisələrlə bağlı eşitdiyi ən real və səmimi sözlərdir. Onun sözlərinə görə, baş verənlər "tamamilə abstrakt və uzaqdır. Əslində, rusiyalıların çoxu informasiyanı yalnız rəsmi mediadan ala bildiyi üçün bu haqda heç eşitməyib də. …Alla Puqaçovanın sözləri isə ictimaiyyət üçün daha ciddi hekayədir”.

Tofiq Yaqublu 'vətən xaini' kimi damğalanmasına münasibət bildirir
Gözlə

No media source currently available

0:00 0:06:08 0:00

Putini razı salmaq istədilər...

“Alla Borisovna sadəcə müğənni deyil. Şübhəsiz ki, Alla Borisovna bir əfsanədir”, – Putin administrasiyasının keçmiş siyasi müşaviri Stanislav Belkovskiy deyir.

Bir neçə sosial media şərhçisi Kremlin Qalkinə “xarici agent” adı “yapışdırmasını” böyük səhv adlandırıb. Qalkinin Ukraynada aparılan müharibə haqda dedikləri çox da diqqət cəlb etməmişdi.

"Putinin məmuru yalnız müdirini - Putini razı salmaq haqda düşünür. Onlar tanınmış bir fiqura hücumun Putinin populyarlığına, yaxud onun siyasi maxinasının sabitliyinə necə mənfi təsir edə biləcəyi barədə düşünmürlər”, – Belkovskiy deyir.

Puqaçovadan 27 yaş gənc olan Qalkin həyat yoldaşı qədər populyar olmasa da, həm müharibə, həm də rejimin təqibləri ilə bağlı sükutunu qoruyub saxlayan əsas kütləyə çıxışı var.

"Bundan sonra daha əyalətlərdəki qohumlarınıza “xarici agent”in nə olduğunu izah etmək çox rahat olacaq. Bu sadəcə, Maksim Qalkindir”, – “Qorod Qlıpov” adlı “Telegram” kanalı yazıb.

Sənaye mənzərəsi: tütünü, kərə yağını xaricdən almasın deyə, Azərbaycan nələr etməlidir?
Gözlə

No media source currently available

0:00 0:03:49 0:00

“Xarici agent”in gözdən salınması

Siyasi təhlilçi Aleksandr Kınev Qalkini "xarici agent" adlandırmağın "ifadənin təbliğati baxımdan özü-özünü məhv etməsi” anlamına gəldiyini vurğulayıb. Çünki artıq bu ifadə “ən qeyri-siyasi insana” da şamil edilir.

Kremlin keçmiş spiçrayteri (nitqyazanı) Abbas Qallyamov da bu fikirlə razıdır:

"Qalkinə “xarici agent” statusu vermək Qalkindən çox statusun özünü diskreditasiya edir. Xalq çox yaxşı bilir ki, Qalkin xarici agent, yaxud heç siyasi fiqur belə deyil. İndi ən sadəlövh vətəndaş belə bu statusun heç bir məntiqinin olmadığını aydın görəcək… Hökumətin sözü gözdən salındı və bundan sonra daha heç bir məna daşımayacaq”.

Rusiyanın "xarici agent" qanunu hələ 2012-ci ildə qəbul edilib və bundan sonra dəfələrlə dəyişikliklərə məruz qalıb. Bu qanun xaricdən yardım alan və hökumətin gözündə siyasi fəaliyyətlə məşğul olan QHT-lərin "xarici agent" kimi qeydiyyatdan keçməsini tələb edir.

Qanunun sonrakı versiyaları xaricdən maliyyələşən media, habelə xarici və Rusiya vətəndaşı olan fərdlərə də şamil olunmağa başlayıb.

“Çoxlarının ondan gözlədiyindən daha böyük”

Qalkinə hücum məsələsi Kremlin ifrat müdafiəçilərindən olan Vladimir Solovyov kimi şəxslər tərəfindən dövlət televiziyasında müzakirəyə çıxarılaraq böyüdülüb. Nəticədə Puqaçova daha məsələ ilə bağlı sakit qalmaq istəməyib. Cütlük Rusiyanın Ukrayna üzərinə hücuma başlamasından az sonra ölkəni tərk etsə də Puqaçova avqustda ölkəsinə qayıdıb. O, sentyabrın 3-də keçmiş sovet lideri Mixail Qorbaçovun dəfnində də iştirak edib.

"Puqaçova müxalifətçi, yaxud siyasi fiqur deyildi. Ona görə də, məncə, onun etdiyi böyük işdir. Çoxlarının ondan gözlədiyindən daha böyük”, – Belkovskiy deyir.

Troitskiy deyir ki, indi Kreml Puqaçovanı mümkün qədər "təcrid etməyə" çalışacaq. Ancaq onun artıq dedikləri milyonlarla Rusiya vətəndaşının beynində qalacaq.

İqtisadçı jurnalist Sergey Şelin sentyabrın 18-də Facebook postunda Puqaçovanın etirazından böyük effekt gözləmədiyini bildirib. "Gəlin, sadəcə, daha bir reputasiyanın xilas olmasına sevinək”, – deyə o yazıb.

XS
SM
MD
LG