Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:45

Azərbaycan nədən Ukrayna ərazisinin ilhaqına münasibət bildirmir?


Dörd Ukrayna vilayətinin Rusiyaya ilhaqının elanı mərasimi.
Dörd Ukrayna vilayətinin Rusiyaya ilhaqının elanı mərasimi.

Sentyabrın 30-da Rusiya Prezidenti Vladimir Putin Ukrayna ərazisində işğal etdikləri dörd vilayətin ölkəsinə birləşdirilməsi ilə bağlı sərəncam imzalayıb. Aparıcı Qərb və bir çox ölkələrdən fərqli olaraq Azərbaycanın rəsmi qurumları, hələlik, bu məsələyə rəsmi münasibət bildirməyiblər. Halbuki, Azərbaycanın təcrübəsində separatçı bölgələrdə seçkiləri, referendumları tanımamaqla bağlı çoxsaylı hallar olub.

Amma bununla belə, bu il aprelin sonunda Prezident İlham Əliyev "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda keçirilən konfransda çıxışında bildirmişdi ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və bunu açıq-aşkar bəyan edir.

Mövcud vəziyyətlə bağlı, hələlik, Azərbaycan Xarici İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb. Lakin nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva AZƏRTAC-ın Ukraynada cərəyan edən son hadisələr, bu ölkənin ərazi bütövlüyü və suverenliyi ilə bağlı sualına belə cavab verib: "Azərbaycan və Ukrayna hər zaman qarşılıqlı şəkildə bir-birlərinin ərazi bütövlüyü və suverenliklərini dəstəkləyiblər. Bu xüsusda Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur".

H.Babaoğlu
H.Babaoğlu

"Ərazi bütövlüyü prinsipi beynəlxalq hüququn imperativ tələbidir"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin sədr müavini Hikmət Babaoğlu da "Turan"a bildirib ki, Rusiya-Ukrayna müharibəsi sadəcə iki ölkə arasında müharibə deyil: "Bu müharibənin çoxsaylı səbəbləri olduğu kimi, müharibənin bitməsindən sonra da çoxsaylı nəticələr olacaq. Amma o elə nəticələr olacaq ki, onlar beynəlxalq münasibətlər sistemində sadəcə regional deyil, həm də qlobal faktora çevrilə bilər".

Deputatın sözlərinə görə, müharibədən sonra tamamilə yeni strateji reallıqlar və güc tarazlığı formalaşacaq: "Amma nə olursa olsun, bütün bunlar Ukrayna ərazilərinin ilhaqı faktının qalıcı olmasına gətirib çıxara bilməz. Çünki dövlətlərin ərazi bütövlüyü prinsipi beynəlxalq hüququn imperativ tələbidir və buna riayət olunmalıdır".

A.Qasımlı
A.Qasımlı

"Dünya iki yerə bölünüb"

Siyasi şərhçisi Azər Qasımlı isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan hökuməti bu ilhaq məsələsinə münasibət bildirməli idi: "Dünyada elə bir situasiya yaranıb ki, dünya iki yerə bölünüb. Bir tərəfdən demokratik, o biri tərəfində isə avtoritar ölkələr. Bunun bir tərəfində işğal və beynəlxalq hüququnun tanınmaması, digər tərəfində isə buna qarşı olan dünya ictimaiyyəti. Azərbaycan belə məqamlarda bir dövlət olaraq mövqeyini bildirməlidir ki, o hansı tərəfdədir və hansı dəyərləri dəstəkləyir".

Ekspert hesab edir ki, Azərbaycan iqtidarı mütərəqqi dünyanın, demokratiyanın yanında olmadığına görə Ukraynanın dörd vilayətinin ilhaqına münasibət bildirilmədi: "Azərbaycan iqtidarı Rusiyanın, işğalçının yanındadır və Rusiya elitası, Putinlə münasibətlərini pisləşdirməmək üçün mövqe nümayiş etdirmir".

Rusiya-Ukrayna müharibəsi: Azərbaycan necə davranmalıdır?
Gözlə

No media source currently available

0:00 0:10:27 0:00

Xatırlatma

Bu il fevralın 24-də Rusiya Ukraynaya təcavüz edib. Bundan sonra bu ölkəyə Qərb ölkələrinin sanksiyaları genişlənib. (2014-cü ildə Ukrayna ərazisi olan Krımın ilhaqından sonra Rusiya sanksiyalarla üzləşmişdi) Azərbaycan isə sanksiyalara qoşulmur.

Bu il fevralın 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalayıb.

Sənəddə iki ölkə arasında hərbi, siyasi, iqtisadi və başqa sahələrdə əməkdaşlıqdan bəhs edilir.

XS
SM
MD
LG