Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:41

İranda dollar bahalaşır, Azərbaycanda hiss olunur


Sərhədyanı ticarət obyektləri
Sərhədyanı ticarət obyektləri

"İran Astarasında 1 ABŞ dolları 350 min riala qalxıb"

İranda ABŞ dollarının durmadan bahalaşması Azərbaycanın sərhədyanı ticarət obyektlərində satılan istehlak mallarının qiymətlərində də müşahidə olunur. Astara sərhəd-gömrük keçid məntəqəsinin önündə xırda sahibkarlıqla məşğul olan Astara rayonu Ərçivan qəsəbə sakini Elnur Süleymanov qiymətlərin daha da artacağını düşünür: "Son məlumatlara görə, İran Astarasında 1 ABŞ dolları 350 min riala qalxıb. Təqribən bir həftə bundan əvvəl 1 ABŞ dolları 280 min rial idi. İrandan gətirilən istehlak mallarının gömrük rüsumu da qalxıb. Nəticədə malların satış qiyməti artıb. Mən belə başa düşürəm ki, İranda bahalaşma bununla bitməyəcək".

Onun sözlərinə görə, İranda tacirlər qiymət artımından narazıdırlar: "İrana xarici ölkələrdən gələn mallar da bahalaşır. Onlara mallar xarici valyuta ilə gəlir. Məsələn, Şri-Lankadan İrana gətirilən quru çay bahalaşıb. Soruşduq, bizə dedilər ki, Şri-Lankada yanacağın qiyməti həddindən artıq qalxıb. Buna görə də quru çay da bahalaşıb".

"İrandan malları TIR-larla gətiririk"

E.Süleymanov deyir ki, qiymət artımı onları çətinə salıb: "İrandan malları TIR-lar vasitəsilə gətiririk. Bizimlə işləyənlər deyirlər ki, İrandan gələn malların satışını dayandırın, yenə qiymət artımı gözlənilir. Belə getsə, sərhədyanı ərazilərdə ticarətlə məşğul olanların çoxu işini dayandıracaq. İranla işləmək çətinləşir. Ölkəmizdəki istehlak mallarının qiymətləri arasında fərq aradan qalxır. Fərq aradan qalxırsa, maraq da azalacaq...".

Xatırlatma

Tehran treyderləri və bonbast.com saytı bildirirlər ki, oktyabrın 3-də 1 ABŞ dollarının qiyməti 331 min rial olub. İran 2015-ci ildə dünya gücləri ilə nüvə sazişi imzalayanda 1 dollar 32 min rial idi. (2015-ci ildə bu ölkə ilə ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniya arasında saziş imzalanıb. Sazişə görə, nüvə silahlarının hazırlanması üçün istifadə edilən uranın zənginləşdirilməsi məhdudlaşdırılmalı, bomba hazırlamaq üçün əlverişli olan plutoniumun olduğu ağır-su reaktoru yenidən dizayn edilməli və bu prosesə daim beynəlxalq nəzarət həyata keçirilməli idi)

Lakin 2018-ci ildə ABŞ Prezidenti Donald Tramp öz ölkəsini bu sazişdən birtərəfli qaydada çıxardıqdan sonra Tehran üzərinə sanksiyalar bərpa olunub.

XS
SM
MD
LG