Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:40

Gömrüyün müstəntiqi istintaqını apardığı gürcünün pulunu mənimsəməkdə suçlanır


Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi

Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinin müstəntiqi külli miqdarda yeyintidə suçlanaraq cəzalandırılıb. Onun müstəntiq kimi araşdırdığı cinayət işində depozitə qoyulmuş vəsaitləri mənimsədiyi iddia olunur.

53 min dollar

Söhbət Gürcüstan vətəndaşı Caba Cibqaşvili haqqındakı cinayət işindən gedir. Cibqaşviliyə 2021-ci ilin martında Bakı Ağır Cinayətlər Məhkəməsində 5 il həbs kəsilib. Xeyli vaxtdır ki, eyni məhkəmədə onunla bağlı istintaqı aparmış müstəntiq Nicat Qasımovun da işinə baxılırdı.

Cibqaşvili Azərbaycana gələrkən üstündə olan 53 min dollar pulu gömrüyə şifahi və ya yazılı şəkildə bəyan etmədən, gizli şəkildə keçirməyə cəhddə suçlanaraq həbs edilib. Ona CM-in 206-cı (qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.

Onunla bağlı cinayət işi üzrə araşdırmalar Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində aparılıb. Gürcüstan vətəndaşının üstündən tapıldığı iddia olunan 53 min dolların depozit hesabına qoyulmasına qərar verilib. Müstəntiq Qasımovun depozitə qoyulmalı olan həmin vəsaiti mənimsəyib öz ehtiyaclarına xərclədiyi iddia olunur.

Bu məsələnin üstü açılandan sonra Qasımov vəzifəsindən azad edilib, ardınca cinayət işi başlanıb. Ona CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsi ilə ittiham irəli sürülüb.

Vəsaiti ödəyib

Sabiq müstəntiqin işində həm Dövlət Gömrük Komitəsi, həm də Cibqaşvili zərərçəkmiş qismində tanınıb. Çünki pul Cibqaşvilinin olub, lakin Dövlət Gömrük Komitəsində depozit hesaba qoyulmasına qərar verilmişdi.

Qasımov özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu söyləyib. Mənimsənildiyi iddia olunan vəsaiti istintaqın gedişində Qasımov ödəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində oktyabrın 12-də keçmiş müstəntiqə hökm oxunub. Məhkəmə ziyanın ödənilməsini və s. yüngülləşdirici halları nəzərə alıb Qasımova şərti cəza verib. O, istintaq və məhkəmə dövründə də həbsdə deyildi. Onun barəsində başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilmişdi.

XS
SM
MD
LG