Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:52

İran azərbaycanlısı: 'Dərsə hicabsız gəlmək adiləşib'


Tehran Universitetinin tələbələri etiraz edir
Tehran Universitetinin tələbələri etiraz edir

"İnsanlar ölümdən qorxmadan küçələrə çıxırlar"

“Təbriz və digər şəhərlərdə gənc qadınlar çox vaxt küçəyə hicabsız çıxırlar. Yerli əxlaq polisi isə onlara əvvəlki kimi hər hansı təzyiq göstərmir”. Bunu AzadlıqRadiosunun söhbətləşdiyi İran azərbaycanlılarından biri deyir.

Sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin vəfatı ölkə boyunca iğtişaşlara yol açıb. Əmini hicabı düzgün bağlamadığına görə əxlaq polisi tərəfindən saxlanılıb və 3 gün sonra vəfat edib. Şahidlər onun saxlanarkən döyüldüyünü deyirlər.

Etirazçılar qadınların hüquqlarının qorunması, polis zorakılığına son qoyulması, İranın demokratikləşməsi və hökumətin istefasını tələb edirlər. İnternetə məhdudiyyət qoyulduğundan ölkədə baş verənlər barədə məlumatların əldə edilməsi çətinləşib.

Hərbi təlim keçirən İran deyir ki, sərhəddə hansısa dəyişikliyə biganə qalmayacaq
Gözlə

No media source currently available

0:00 0:05:13 0:00

“Liderlərinin olmaması isə prosesi həm gecikdirir”

Təhlükəsizliyə görə adının anonim qalmasını istəyən, Tehranda yaşayan İran azərbaycanlısı AzadlıqRadiosuna deyib ki, yaxın günlərdə daha güclü və çoxminli aksiyaların keçiriləcəyi gözlənilir.

“Bu təşkilatçılığı konkret hər hansı təşkilat və ya hərəkat üzərinə götürməyib. Əsasən gənclər təşəbbüslə çıxış edirlər. Liderlərinin olmaması isə prosesi həm gecikdirir, həm də insanları aksiyaya kütləvi şəkildə qatılmaqdan çəkindirir. Amma hazırkı rejimə nifrət o qədər böyükdür ki, insanlar ölümdən qorxmadan küçələrə çıxırlar. Xüsusən də Evin Həbsxanasında baş verən yanğın, nəticədə 40 nəfərin öldürülməsi insanlarda qəzəbi artırıb”, – o deyib.

İran rəsmiləri isə Evindəki yanğında 8 məhbusun öldüyünü bildirib.

“Qadınlar çox vaxt hicabsız küçəyə çıxırlar”

Kimliyini təhlükədən dolayı anonim saxlayan digər azərbaycanlı deyir ki, gənclər də etirazlarda fəaldır, lakin aparıcı qüvvə hələ də qadınlardır. Onun sözlərinə görə, İranda qadınların tələbi hicabsız gəzmək deyil. Onlar hakimiyyətin insanların şəxsi həyatına müdaxiləsinə etiraz edir:

“Təbriz və digər şəhərlərdə gənc qadınlar çox vaxt küçəyə hicabsız çıxırlar. Yerli əxlaq polisi isə onlara əvvəlki kimi hər hansı təzyiq göstərmir. Çünki bu təpki və zorakılığın böyük bir etiraza çevriləcəyindən ehtiyat edirlər. Əsasən də Azərbaycan şəhərlərində polis hicabsız qadınlara müdaxilə etməyə çəkinir. Rəsmi qurumlar da yerli polislərə təlimat veriblər ki, başıaçıq qadın gördükdə hər hansı müdaxilə etməsin. Yerli qadınlar başıaçıq gəzsələr belə, üst geyimlərində açıq-saçıqlıqdan qaçırlar. Çünki açıq-saçıq geyinənlərə polis sərt müdaxilə edir”.

“Hadisələrin ilk mərhələsində Azərbaycan şəhərləri aktiv idi”

Həmin şəxs onu da deyir ki, bir aydan çoxdur davam edən iğtişaşlar zamanı Mərənd və Marağa şəhərlərində isə hər hansı aksiya olmayıb.

“Hadisələrin ilk mərhələsində Azərbaycan şəhərləri aktiv idilər. Təbriz və Urmiyədə bir neçə dəfə aksiya keçirildi. Lakin sonradan proseslər səngidi. Hazırda Təbriz və Urmiyədə hər hansı aksiya keçirilmir. Zəncan və Qəzvində tələbələrin etirazları davam edir. Mərənd və Marağa şəhərlərində isə hər hansı aksiya qeydə alınmayıb. Yeganə Azərbaycan şəhəri Ərdəbildir ki, orada 3 gündür aksiyalar dayanmır. Xeyli sayda həbs olunan və yaralanan var. Buna səbəb də orta məktəbdə təhsil alan 16 yaşlı Aytəki polisin qətlə yetirməsidir”, – o, AzadlıqRadiosuna müsahibəsində deyib.

Arıçılar tonlarla balı sata bilmirlər: 'Yarmarka bəs eləmir'
Gözlə

No media source currently available

0:00 0:07:01 0:00

“Qohumuna, dostuna foto, video atanlar belə saxlanılır”

Ərdəbildə yaşayan 40 yaşlı xanım AzadlıqRadiosuna İranda nəinki etiraza çıxanların, bu mövzuda tənqidi bir söz deyənlərin də təzyiq ilə üzləşdiyini deyir. Onun sözlərinə görə, hazırda vəziyyət gərgin olsa da, geniş aksiyalar baş vermir. Di gəl, saxlananlar var:

“Hadisələr barədə başqa ölkədə yaşayan qohumuna, dostuna foto, video atanlar belə saxlanılır. Hətta onların əleyhinə bir söz deyənləri də bölməyə aparırlar. Nömrələr, telefon – hamısı yoxlanışdadır. O gün bir tanış sosial şəbəkədə paylaşım etdiyi üçün səhər saat 5-də gəlib aparmışdılar”.

Mitinqlərin əleyhinə olanlar da var

İki ildir Beynəlxalq Əl-Mustafa Universitetində təhsil alan bir azərbaycanlı tələbə isə Təbriz şəhərində ciddi iğtişaş olmadığını, yerli camaatın, əsasən yaşlı təbəqənin “bu cür azadlığı dəstəkləmədiyini”, mitinqlərin əleyhinə olduğunu iddia edir. Onun sözlərinə görə, təhsil ocağında sadəcə təhlükəsizlik gücləndirilib.

Ancaq İranda bir sıra universitetlər son etirazlara qoşulublar. Qatı mühafizəkar Prezident İbrahim Rəisi oktyabrın 8-də Tehranda ancaq qadınların təhsil aldığı Əlzəhra Universitetində bir universitetdə çıxış edəndə, qadın tələbələr “Rəisi, rədd ol”, “Mollalar, rədd olun” deyə qışqırıblar.

Qadın müəllimlər tətil edir

AzadlıqRadiosunun “Etirazların orta məktəblərə, təhsil ocaqlarına hansı təsiri var?” sualına cavabında Tehranda yaşayan azərbaycanlı deyib ki, orta məktəblərin yuxarı sinifləri əsas etirazçı kəsimdir.

“Qadın müəllimlər tətildədirlər. Onlar hökumətə etiraz olaraq dərsə gəlməkdən imtina edir. Bu yaxınlarda 17 yaşlı orta məktəb şagirdinin dərsdən çıxıb evə gələrkən, polis tərəfindən 24 güllə atəşi alması valideynləri qorxudub. Aşağı siniflərin dərsə davamiyyətini saxlamağa çalışsalar da, əksər valideynlər uşaqlarını məktəbə göndərmirlər. Həm universitet, həm məktəblərdə dərsə hicabsız gəlmək adiləşib. İndi insanlar bunu özləri üçün ciddi bir şey və ya prinsipial məsələ saymırlar”, – həmin şəxs danışır.

Əsra Pənahinin məzarı
Əsra Pənahinin məzarı

“Uşaqlarımız da təhlükədədir, özümüz də...”

İranda insan haqlarını monitorinq edən qurumların məlumarına görə, etirazçılara divan tutulması nəticəsində azı 28 uşaq, ümumilikdə isə, azı 215 nəfər öldürülüb.

16 yaşlı Əsra Pənahi oktyabrın 13-də Ali dini lider Ayətullah Əli Xameneyinin şəninə mahnı oxumadığı üçün təhlükəsizlik qüvvələri tərəfindən döyüləndən sonra xəstəxanada vəfat edib.

İki övladı orta məktəbdə oxuyan, Urmiyədə yaşayan azərbaycanlı ailə isə övladlarının bu rejimdən qurtula bilməsi üçün gün saydığını deyir.

“Vəziyyət çətindir, ölkəni tərk etmək olmur, istəmirik də çıxıb gedək. Amma belə də yaşamaq olmur. Gündə bir uşağın ölüm xəbəri gəlir... Qaldı ki, hicaba, xanımım da etirazlardan sonra hicabını açdı, hələ ki saxlanılmayıb”, – AzadlıqRadiosunun müsahibi söyləyib.

İranda hicab islam inqilabından sonra qadınlar üçün məcburi geyim kodeksi elan edilib. Qadınlar zaman-zaman bu qaydanı müxtəlif formalarda pozublar. Ancaq Rəisi hakimiyyətə gələndən qaydalar sərtləşdirilib, əxlaq polisi nəzarəti gücəndirib.

Avropa İttifaqı oktyabrın 17-də etirazlarçılara divan tutulmasını pisləyib, İranın informasiya nazirinə, əxlaq polisinə, aparıcı rəsmilərinə sanksiyaları açıqlayıb.

XS
SM
MD
LG