Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:27

Prezidentin dediyindən belə çıxır ki, bir kvadratmetrin təmizlənməsi 5 manata başa gəlir


Ermənistanla Azərbaycan mina məsələsində əməkdaşlıq edə bilərlər?
Gözlə

No media source currently available

0:00 0:03:50 0:00

Ermənistanla Azərbaycan mina məsələsində əməkdaşlıq edə bilərlər?

Prezident İlham Əliyev bugünlərdə dedi ki, Azərbaycana işğaldan azad edilən ərazilərinin minalardan təmizlənməsi üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır. Onun bildirməsinə görə, Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır: "İlkin hesablamalara görə, Ermənistan işğal zamanı bir milyondan çox mina basdırıb".

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və başqa bəzi müxalif qüvvə təmsilçiləri isə bu məsələdə korrupsiya amilindən narahatlıqlarını ifadə edirlər.

Birləşmiş Millətlər Təşkilatının (BMT) dəyərləndirməsinə əsasən, dünyanın 70-dən çox ölkəsində basdırılmış minaların ümumi sayı 100-120 milyon civarındadır.

"Landmine Monitor Report" nəşrinin hesablamalarına görə, Qarabağda minalanmış ərazilərin ümumi sahəsi 350 kv.km-dan 830 kv.km-dək ola bilər.

Mina xəritələri qeyri-dəqiqdir? 'Təbiət hadisəsi də ola bilər'
Gözlə

No media source currently available

0:00 0:03:42 0:00

Minaların çıxarılma qiymətləri…

Beynəlxalq dəyərləndirmələrə görə, torpağa basdırılmış bir piyada əleyhinə minanın çıxarılması 300 dollardan 1000 dollara qədər başa gələ bilər.

Beynəlxalq Böhran Qrupu bu il hesabatında bu məsələlərə də yer ayırıb. Qurum bildirib ki, Azərbaycan ərazilərin minalardan təmizlənməsində Avropa İttifaqının (Aİ) dəstəyindən yararlana bilər: "Minalardan təmizləmə bahalı işdir. Azərbaycanda yerli orqanlar deyirlər ki, minanı basdırmaq 3, çıxarmaq 1000 dollara başa gəlir…".

Azərbaycan Müdafiə Nazirliyinin (AMN) yaydığı məlumata görə, işğaldan azad edilmiş ərazilərdə oktyabrın 15-dək mühəndis-istehkam bölmələri 27 min 960 hektardan çox ərazini minalardan təmizləyiblər: "Ümumilikdə 9 min 726 piyada, 2 min 485 tank əleyhinə və 10 min 316 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib".

25 min dollar - Azərbaycana gətirilən minaaxtaran itlərin qiyməti
Gözlə

No media source currently available

0:00 0:02:50 0:00

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına görə isə, onlar, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin həyata keçirdiyi tədbirlər nəticəsində ötən il ümumilikdə 20 min 165 hektar ərazi minalardan təmizlənib, 41 min 503 mina və partlamamış hərbi sursat aşkarlanıb.

Xərclənənlər

Xərclərə gəldikdə isə, bununla bağlı "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat"da müəyyən rəqəmlərdən bəhs edilir. Həmin hesabata görə, ötən il dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin partlamamış hərbi sursat və minalardan təmizlənməsi işləri üçün 105.8 milyon manat (işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üzrə xərclərdə 97.6 milyon manat vəsait də nəzərə alınmaqla) xərclənib. Bu, 2020-ci illə müqayisədə 98.2 milyon manat və ya 14.1 dəfə çoxdur. Amma rəsmi qurumlar bir minanın zərərsizləşdirilməsinin dəqiq neçəyə başa gəldiyini açıqlamırlar.

H.Babaoğlu
H.Babaoğlu

"Prezidenti standartlara istinadən bu rəqəmləri səsləndirib"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin üzvü Hikmət Babaoğlu da "Turan"a deyib ki, Azərbaycan ərazisində təqribən 1 milyondan çox mina basdırılıb: "Bu sahədə ixtisaslaşmış istehkamçılarımız bilirlər ki, bir minanın zərərsizləşdirilməsi neçəyə başa gəlir, minanın utilizasiyası nə qədər mürəkkəb və təhlükəli bir prosesdir. Ona görə də Azərbaycan prezidenti, əlbəttə ki, qiymətləndirmə zamanı standartlara istinadən bu rəqəmləri səsləndirib".

Deputatın fikrincə, burada korrupsiya axtarmaq yalnız Azərbaycan müxalifətinin ağlına gələ bilər: "Bu proses yekunlaşmamış, nə qədər minanın zərərsizləşdirildiyi və nə qədər maliyyə vəsaitinin xərcləndiyi barədə hesabat ortada yoxkən artıq bu şəkildə Azərbaycan prezidentinin fikirlərini manipulyasiya etmək nə ədalətlidir, nə də doğru".

T.Vəliyev
T.Vəliyev

"Bir hektara 15 min manat xərclənib"

İqtisadçı Toğrul Vəliyev isə AzadlıqRadiosuna bildirib ki, mina təmizlənməsi ərazi üzrə hesablanır: "Yəni, avadanlıqdan istifadə edərək ərazi təmizlənir. Nazirlər Kabinetinin 2021-ci il üzrə hesabatında mina təmizlənməsi üçün 105 milyon manat göstərilib. Amma struktur göstərilməyib ki, neçə milyon minaların çıxarılmasına, neçə milyon onun utilizasiyasına xərclənib. Ona görə də hesablamalarda ərazi üzrə götürülür və hər hektarın dəyəri hesablanır".

Ekspertin sözlərinə görə, rəsmi rəqəmlərə əsasən, hesablamalar göstərir ki, hər kvadratmetri minalardan təmizləmək üçün 1.5 manat və ya bir hektara 15 min manat xərclənib: "Bu isə çox yüksək qiymət deyil. Prezidentin dediyindən belə çıxır ki, bir kvadratmetrin təmizləməsi 5 manata başa gəlir. Bu realdırmı? Bilmirəm, çünki biz İlham Əliyevin istinad etdiyi rəqəmlərin strukturunu bilmirik. Bu 25 milyard dollara birbaşa və dolayı xərclər daxil ola bilər. Ona görə də ancaq real sənədlərə istinad etmək lazımdır".

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG