Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:13

Peyk təsvirləri Rusiyanın Belarusa qüvvə cəmlədiyini göstərir


Peyk təsvirləri
Peyk təsvirləri

Bu ilin fevralında Rusiya Belarusda genişmiqyaslı hərbi təlimlər keçirəndə hər iki ölkə bunu müdafiə xarakterli təlim kimi qələmə verdi.

Ancaq daha sonra Belarusda yerləşdirilmiş 30 minlik Rusiya qoşununun çox hissəsi Ukrayna ərazisinə soxuldu.

AzadlıqRadiosunun Belarus xidmətinin əldə etdiyi yeni peyk görüntülərindən minlərlə Rusiya əsgərinin Belarusa qayıtdığını görmək olur. Bu da Ukraynaya şimaldan yeni hücumun ola biləcəyi haqda suallar doğurur. Ancaq digər tərəfdən də Moskva Minskin köməyilə Kiyevin diqqətini yayındırmağa çalışa bilər.

Diqqət yayındırmaq

Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin hərbi təhlilçisi Mark Kansian deyir ki, rusiyalıların Belarusdan Ukraynaya hücum etmək üçün yetərli hərbi gücü yoxdur və yaxınlıqda Ukraynaya aid mühüm hədəflər yerləşmir”.

"Ola bilsin ki, rusiyalılar ukraynalıların diqqətini yayındırmaq, Xerson və Donbasdan qüvvələrinin bir hissəsini çıxarmasına nail olmaq istəyirlər”, – o deyir.

“Planet Lab” kommersiya şirkətinin oktyabrın 31-də çəkdiyi peyk görüntülərində Rusiyanın son bir neçə ay ərzində üç məkanda 300-dən artıq çadır qurduğunu görmək olur. Bu çadırlar Belarusda əsgərləri müvəqqəti yerləşdirmək üçündür.

Çadırlardan 190-ı Belarusun qərbindəki Obuz-Lyasnouski məntəqəsində salınıb. Burada quru qoşunları təlim keçir. Belarusun mərkəzi hissəsində 35 çadırın qurulduğu Repişçada isə artilleriya qoşunları məşq edir. Minsk yaxınlığındakı Lasvida məntəqəsində 80 çadır qurulub və burada hava qüvvələrinin təlimi keçirilir.

Hərbi texnika, çadırlar

Obuz-Lyasnouski bu məntəqələrin ən cənubda, yəni Ukrayna sərhədinə ən yaxın məsafədə yerləşənidir. Bura Ukrayna sərhədindən 160 kilometr şimaldadır.

Görüntülərdən əraziyə yüzlərlə hərbi texnikanın, o cümlədən hərbi yük maşınları və haubitsaların gətirildiyini görmək olur.

Çadırların çoxunun ölçüsü 12 x 7 metrdir. Vaşinqtonda yerləşən “RAND Corp.” siyasi beyin mərkəzinin hərbi təhlilçisi Dara Massikot deyir ki, bu çadırların hərəsinə 24-25 əsgər yerləşir.

Bu isə o deməkdir ki, bu üç məntəqədə qurulan çadırlarda maksimum 7 min 500 əsgər yerləşdirilmiş ola bilər.

Yaxınlıqdakı təlim ərazilərində və daş binalarda nə qədər əsgərin yerləşdirildiyi məlum deyil.

Lukaşenkanın açıqlaması

Oktyabrın 10-da Belarus lideri Alyaksandr Lukaşenka Rusiya qoşunlarının Belarusa gətiriləcəyini elan edib. Ancaq o bunun müdafiə xarakteri daşıdığını və hətta Ukraynanın hücum planlaşdırdığını iddia edib.

Bundan bir neçə gün sonra Lukaşenkanın müdafiə naziri Ukrayna sərhədi yaxınlığında Belarus əsgərləri ilə birlikdə ümumilikdə 9 min əsgərin yerləşdiriləcəyini deyib.

Ukrayna kəşfiyyatı Rusiyanın Ukraynaya 20 minlik qoşun yeritməyi planlaşdırdığını deyir. Ukrayna Rusiya əsgərlərinin təkcə bazalarda deyil, eyni zamanda mülki məntəqələrdə, o cümlədən anbar, anqar və atılmış fermalarda yerləşdirilə biləcəyini deyir. Bu isə Belarusdakı Rusiya əsgərlərinin dəqiq sayını yalnız peyk görüntüləri ilə təyin etməyi çətinləşdirir.

Moskvanın niyyəti nədir

Rusiya qoşunlarının Belarusda toplanması Ukraynanın qoşunlarını şərq və cənub cəbhələrindən çəkərək şimala yönəltməyə vadar etmək niyyəti də daşıya bilər. Bu isə Müharibə Araşdırmaları İnstitutunun gəldiyi qənaətdir.

İnstitut noyabrın 2-də verdiyi açıqlamada Belarus qüvvələrinin müharibədə iştirak ehtimalının çox az olduğunu bildirib. Açıqlamada deyilir ki, bu, Belarusun onsuz da məhdud hərbi resurslarına yük ola, 30 ildir hakimiyyəti zəbt etmiş Lukaşenkanın hakimiyyətdə qalmasını daha da çətinləşdirə bilər.

Təhlilçilər daha bir versiyanı müzakirə edirlər: Rusiya, öz ərazisində yetərincə imkan olmadığından Belarusda qurduğu bu düşərgələrindən təlim məqsədilə istifadə etmək istəyir.

Noyabrın 4-də Prezident Vladimir Putin Rusiyanın ümumilikdə 318 min əsgər səfərbər etdiyini açıqlayıb.

XS
SM
MD
LG