Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:31

ABŞ Rusiyanın bazar iqtisadiyyatı statusunu ləğv edir


Rusiya, arxiv fotosu
Rusiya, arxiv fotosu

Birləşmiş Ştatlar noyabrın 10-da Rusiyanın bazar iqtisadiyyatı statusunu ləğv edib. Bu isə Moskva və Vaşinqton arasında ticarət tədbirlərinin sərtləşməsi, münasibətlərin gərginləşməsi deməkdir.

20 il öncə verilmiş status Rusiya mallarına antidempinq rüsumlarının hesablanmasını məhdudlaşdırmışdı.

Bundan sonra ABŞ-ın maliyyə institutları Rusiyaya qeyri-bazar iqtisadiyyatı olan ölkə kimi baxacaqlar.

Hökumətin “geniş” müdaxiləsi

ABŞ Kommersiya Departamenti Rusiya iqtisadiyyatına hökumətin “geniş” müdaxiləsini üzə çıxardığını, bunun isə qiymət və xərclərin təhrif olunmasına gətirdiyini bildirib.

“Bu qərar Birləşmiş Ştatlara imkan verir ki, Rusiya hökumətinin öz iqtisadiyyatına artan müdaxiləsinin səbəb olduğu bazar təhriflərini yoluna qoymaq üçün öz antidempinq qanununu tam tətbiq etsin”, – Ticarət Departamenti bəyanatında bildirib.

Vaşinqton Rusiyaya bazar iqtisadiyyatı statusunu 2002-ci ildə verib. Bu isə Rusiyanın 2012-ci ildə Dünya Ticarət Təşkilatına (DDT) qəbulu yolunda əsas addım idi.

Bunadək Rusiya qeyri-bazar iqtisadiyyatı olan ölkə sayılırdı, antidempinq rüsumları yüksək idi, ixracatçılar öz maraqlarını müdafiə edə bilmirdilər.

Ukraynaya hücumdan sonra...

Rusiyadakı Amerika Ticarət Palatası ötən il bildirib ki, Moskva ABŞ-ın Rusiyanı bazar statusundan məhrum etməklə bağlı istənilən qərarını DDT-də mübahisələndirə biləcək.

Moskva bu il fevralın sonunda Ukraynaya hücuma başlayandan Qərblə münasibətləri dramatik pisləşib.

ABŞ və digər Qərb ölkələri Rusiyaya geniş sanksiyalar tətbiq edib, Moskvanın hərb maşınının maliyyəsini azaltmağa çalışıblar.

Ukraynanı işğal etməyə başlayan Rusiya bir sıra beynəlxalq statuslarından, o cümlədən Amerika Dövlətləri Təşkilatına müşahidəçi statusundan məhrum olub.

XS
SM
MD
LG