Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:38

Gürcüstanda surroqat ana xidməti – 10 min-20 min dollara


Arxiv fotosu
Arxiv fotosu

Tbilisidə yaşayan 38 yaşlı Nino əkiz uşaqlara hamilədir. Həkimlər ona yataqda qalmağı tövsiyə ediblər. Yeddi aylıq hamilə qadın uşağın düşməsinin qarşısını almaq üçün dərman qəbul edir. Nino dərmanın təsirindən özünü yaxşı hiss etməyəndə ev işlərini üç övladı görür.

Əri işləsə də, sabit gəliri yoxdur. Ayda 600 larilik (218 dollar) kirayə haqqı ailə üçün ağır yükdür. “Surroqat hamiləliyə də buna görə razı olmuşam. Bəlkə balaca bir ev ala bilərəm”, – o deyir.

Onun sözlərinə görə, 22 yaşlı oğlu bu ideyaya qarşı çıxıb. “Ancaq ona izah etdim ki, bunu rifahımız üçün edirəm, başqa çıxış yolu görmürəm. Başqa çıxış yolu xaricə gedib orada işləməyə başlamaq olardı. Onu da mən istəmədim – uşaqlarımı qoyub evimdən uzağa getmək istəmədim”, – 15 yaşında ərə gedən Nino deyir.

Böyüyən biznes

Gürcüstanda ailələr uzun zaman Rusiyada çalışan yaxınlarının göndərdiyi puldan asılı olublar. Beş il öncə viza şərtləri yüngülləşdiriləndən Avropa İttifaqı (Aİ) ölkələrində işləyənlərin də sayı get-gedə artmağa başlayıb.

Ancaq surroqat hamiləlik son zamanlar nəzərəçarpacaq dərəcədə artıb. Gürcüstanda bu sahədə qanunvericilik sərt deyil. Üstəlik, bu xidmətin burada başqa ölkələrdəkindən ucuz olması bu sahənin böyüyəcəyini deməyə əsas verir.

İstismar ehtimalları ilə bağlı xəbərdarlıqlar Nino kimi qadınları çəkindirmir. Gürcüstanda surroqat doğuşun qiyməti dünyada ən aşağı səviyyədədir: 10 min – 20 min dollar arası. Müqayisə üçün, ABŞ-ın ayrı-ayrı yerlərində bu xidmət 120 min – 180 min dollaradır.

Bu, Ninonun ikinci surroqat hamiləliyidir. Bu dəfə o, bir hindistanlı cütlük üçün hamilə qalıb. Körpənin valideynləri ona 15 min dollar xidmət haqqı ödəməkdən əlavə bütün tibbi xərclərini də qarşlayırlar.

Yaşıllıq sarıdan yoxsul Bakı...
Gözlə

No media source currently available

0:00 0:04:48 0:00

Qarışıq hisslər

Nino ilk dəfə surroqat hamiləlik haqda 2015-ci ildə düşünməyə başlayıb. Onun sözlərinə görə, həmin vaxt ailə çox çətin durumda imiş. Buna baxmayaraq o, ilk addımı atmağa cəsarət etməyib. Ancaq beş il sonra, 2020-ci ildə Nino “özündənrazı və tələbkar” adlandırdığı valideynlərin oğlunu dünyaya gətirib. O uşağı cəmi bir dəfə, doğum evində görsə də, qarışıq hisslər keçirdiyini etiraf edir.

"Hamımız insanıq. Ancaq embrionun bədənimə köçürülməsindən qabaq mən özümə uşağı daşıyan “dayə” olduğumu və doqquz aydan sonra körpəni valideynlərinə verməli olduğumu aşıladım”, – o deyir.

Nino və əri həmin hamiləlikdən özlərinə ev almaq üçün 10 min dollar toplaya biliblər.

O bilir ki, bu əkizlər onun sonuncu şansıdır. Çünki agentliklər həm körpəyə, həm də onu daşıyan surroqat anaya mümkün tibbi problemlərin yaranmaması üçün yaşı 21 – 38 arasında olan surroqat analarla işləyirlər.

1997-ci ildən

1985-ci ildən bəri yalnız bir neçə ölkə kommersiya məqsədli surroqat doğuşları qanuniləşdirib. Həmin ildə detroytlu evdar qadın Şənnon Boff tarixdə özü ilə heç bir genetik əlaqəsi olmayan uşağı dünyaya gətirən ilk qadın olub.

Çox dindar ortodoks xristian ölkəsi olan Gürcüstan 1997-ci ildə dünyada surroqat reproduktivliyə icazə verən ilk ölkələrdən biri olub.

Kommersiya məqsədli surroqatlıq müqavilələri Avstraliya və ABŞ-ın bəzi yerlərində, Kanada, Kolumbiya, Meksika, Ukrayna və Britaniyada qanuniləşdirilib. Bu növ hamiləliklərə Laosda da dözümlü yanaşıldığı deyilir.

Gürcüstanda surroqat analıqdan dünyaya gələn ilk uşaq 2007-ci ildə doğulub.

“Alturist” surroqat analıq

Gürcüstan qanunları “altruist” surroqat analığına da icazə verir. Bu halda körpəyə hamilə olan qadın heç bir kommersiya məqsədi güdmür. Gürcüstan qanunları yalnız heteroseksual evli və ya birlikdə yaşayan cütlüklərə surroqat ananın xidmətlərdən istifadə etməyə icazə verir. Ölkə qanunları xarici müştərilər üçün də bu qaydaların sadələşdirilməsinə yönəlib.

Dünyada surroqat analıq sahəsində ilk dünya liderlərindən biri Hindistan 2015-ci ildə xaricilər üçün bu praktikanı yasaqladı. Eyni zamanda Aİ Gürcüstan vətəndaşları üçün viza tələblərini yüngülləşdirdi. Bundan sonra bu sahə Gürcüstanda çiçəklənməyə başladı. Gürcüstan qanunlarına görə, bu cür hamiləlikdən dünyaya gələn körpə doğulduğu andan etibarən öz bioloji valideynlərinə aiddir. Körpənin doğum şəhadətnaməsində də yalnız onların adları yazılır.

Gürcüstanda 10-dan çox süni hamiləlik klinikası mövcuddur. Bundan başqa, onlarla surroqat analıq xidmətləri agentliyi var. Bu agentliklər uşağı olmayan cütlüklərin surroqat anaların xidmətindən yararlanmasına kömək edir.

'Dövlətin doğum evində 1100 manat xərcim çıxdı'
Gözlə

No media source currently available

0:00 0:04:55 0:00

3 mindən çox körpə

Tamar Qvazava 15 ildir ki, bu sahədə çalışır. Son 9 ildə onun öz agentliyi olub. Qvazava hesab edir ki, bu cür xidmətlər zəruridir. Onun özü bu vaxta qədər 3 mindən çox körpənin dünyaya gəlməsinə kömək edib.

Onun sözlərinə görə, əksər agentliklərin surroqat analıq namizədlərinə qarşı tələbləri xeyli sadədir. Bu, yaşı 38-dən yuxarı olmayan qadınlar olmalıdır. Əksər agentliklər onların daha öncə uşaq dünyaya gətirmiş olmasını tələb edir. Bu, hamiləliyin gedişatını anlamaq və surroqat ananın körpəyə bağlanaraq prosesi pozmaması üçündür.

Qvazava yalnız bir altruist surroqat analıq halını xatırladığını deyir. Bir qadın öz bacısının uşağını öz bətnində daşıyıbmış.

Çin uşaqpulu verir, Azərbaycan yox - uşaqlara pul verilməməsini gerçək səbəbi nədir?
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

"Surroqat anaların əksəriyyəti bu addımı ən ağır sosial şərtlərə görə atır. Bu qadınların uşaqları olur, ancaq nə evləri, nə də özlərinə aid gəlirləri olur”, – o deyir.

Qvazava deyir ki, onun agentliyi qadınların bu addımı atmağa məcbur edilmədiyinə, borc, məsuliyyətsiz ər kimi arzuolunmaz amillər sarıdan əmin olmaq üçün namizədləri yaxından izləyir.

Qvazava əksər uğurlu surroqat anaların sonradan bunu bir daha etmək istədiyini deyir. Doğuş təbii olduğu halda ana altı ay bərpa olunmalıdır. Ancaq surroqat analara tələb yüksəkdir deyə, bəzi agentliklər bu qaydaya əhəmiyyət vermirlər.

Ukraynada müharibə başlayandan...

Qvazavanın sözlərinə görə, Gürcüstanda bu xidmətlərin əsas müştəriləri xaricilərdir. Fevralda Rusiya Ukraynaya qarşı müharibəyə başlayandan Gürcüstana maraq daha da artıb. Çünki Ukrayna surroqat analıq xidmətləri baxımından çox populyar idi.

"Biz artıq qonşu ölkələrdən surroqat anaları gətirib burada onlara embrion köçürərək onları öz ölkələrinə qaytarmağın, hamiləliyin son aylarında isə onları doğuş üçün yenidən Gürcüstana gətirməyin yollarını axtarırıq”, – Qvazava deyir.

Öz surroqat analıq təcrübələri haqda AzadlıqRadiosunun Gürcüstan xidmətinə danışan qadınların çoxu buna görə utandıqlarını, hamiləliklərini qonşularından və qohumlarından gizlətməyə çalışdıqlarını deyiblər.

“Buna iş desəm də utanıram”

33 yaşlı Salomenin özünün 11 və 4 yaşlarında 2 övladı var. İki aydan sonra isə o, surroqat körpəni dünyaya gətirməlidir.

O ilk dəfə 20 yaşlarında 9 min dollar qarşılığında bir gürcü cütlük üçün surroqat analıq edib. O zaman Salome və əri bunu gizli saxlayıblar. Hamiləlik irəliləyəndə isə anasına onun bir müddət kənddə yaşayacağını deyiblər. "Əlimdən gələni etdim ki, heç kim bu barədə heç nə bilməsin. Buna iş desəm də utanıram”, – Salome deyir.

Salome ev almağa ümid edir. Ancaq həm də kiməsə övladını qucağına alacağına ümid verməyin sevincini hiss etdiyini deyir. O deyir ki, bu onun sonuncu surroqat hamiləliyidir. “Ümid edirəm, başqa insanları xoşbəxt edib öz ailəmə də kömək edə bilmişəm”, – o deyir.

Xalq artisti Vidadi Həsənov: 'Nazir gəlib görsə ki, aktyorlar necə az maaş alır...'
Gözlə

No media source currently available

0:00 0:22:37 0:00

“Ərim bunu başa düşəcək”

35 yaşlı Elena da tezliklə yenidən hamilə olduğunu öyrənəcəyini deyir. Onun özü dörd uşaq anasıdır. Əriylə birlikdə ailələrini dolandırmağa çətinlik çəkirlər. Əri hələ də onun surroqat analıq etdiyini bilmir. Onun sözlərinə görə, hamiləlik alınmasa, o bunu heç vaxt bilməyə də bilər.

"Hətta indi də cəmiyyətdə belə bir yanaşma var ki, kimsə surroqat anadırsa, deməli, öz uşağını satır. Yaşadığım yerdə, rayonda bu hələ də utanc mövzusudur. Hamilə qalsam, bilirəm ki, ərim bunu başa düşəcək. İstənilən halda, o məni başa düşməlidir: bunu hamımız üçün istəyirəm”, – o deyir.

XS
SM
MD
LG