Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:48

Frankofoniya sammitində hansı ölkələr Azərbaycanı dəstəkləyib


Paşinyandan Azərbaycana sülh təklifi
Gözlə

No media source currently available

0:00 0:04:03 0:00

Paşinyandan Azərbaycana sülh təklifi

Ermənistan ötən həftəsonu Tunisdə keçirilən Frankofoniya sammitinin qətnaməsinin elə təqdim olunduğu formada qəbul edildiyini deyir, Azərbaycan Prezidenti İlham Əliyevin dediklərini rədd edir.

Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Unanyan AzadlıqRadiosunun erməni xidmətinə (Azatutyun) deyib ki, Azərbaycan Prezidentinin açıqlamaları həqiqətə uyğun deyil.

“Əgər Azərbaycan istədiyinə nail olsaydı...”

Prezident Əliyev noyabrın 21-də demişdi ki, Frankofoniya sammitinin Ermənistanla həmrəylik ifadə edən qətnaməsindən “bəzi anti-Azərbaycan müddəalar çıxarılıb”.

“Bütün bu sənədlər Nazirlər konfransında təqdim olunduğu kimi, yəni, layihə sammitdə bütünlükdə qəbul edilib. Əgər Azərbaycan istədiyinə nail olsaydı, hər şey onların istədiyi kimi getsəydi, onda bu qədər bəyanat verməzdilər”, – Vaan Unanyan söyləyib.

Azatutyun sammitdə qəbul edilən “Böhran vəziyyətləri, onların qarşısının alınması və sülhün möhkəmləndirilməsi” qətnamə layihəsini gördüyünü, ancaq sənədin bu gün – noyabrın 23-də rəsmən yayılacağını yazır. Unanyan məhz həmin sənədin sammitdə qəbul olunduğunu bildirib.

Sənəd layihəsində nə deyilir?

Azatutyun-un məlumatına görə, layihədə təşkilatın 50-dən çox üzvü Frankofoniya üzvü olan Ermənistanla həmrəylik bildirir. Eyni zamanda Ermənistanla Azərbaycan arasında son hərbi eskalasiyadan, bu qarşıdurma nəticəsində beynəlxalq hüququn, ərazi bütövlüyünü və humanitar hüququn pozulmasından narahatlıq ifadə olunur. Qurum üzvləri həmçinin Ermənistanla Azərbaycanın Qarabağ münaqişəsinin dinc və ədalətli tənzimlənməsi yönündə cəhdlərini alqışlayıblar.

Azatutyun qeyd edir ki, Albaniya, Rumıniya və Moldova qətnamə layihəsində Ermənistan- Azərbaycan və Qarabağ münaqişəsilə bağlı müddəalara düzəlişlər təklif ediblər. Unanyanın sözlərinə görə, bu ölkələr layihənin həmin formada qəbuluna mane olmağa çalışıblar, ancaq qətnamə elə təqdim olunduğu formada da qəbul olunub. Düzəlişlər irəli sürən ölkələr veto prosesi başlada bilərdilər, amma bunu etməyiblər, XİN sözçüsü belə deyir.

“Albaniya Rumıniya və Moldovanın dəstəyilə bu müddəalar üzrə müzakirəni bərpa etməyə cəhd göstərib. Ancaq Xarici işlər naziri Ararat Mirzoyanın rəhbərliyi ilə Ermənistan nümayəndə heyətinin nazir forumunda apardığı iş, Frankofoniyada Ermənistanla həmrəylik bu müzakirənin baş tutmamasıyla nəticələndi. Yəni, Azərbaycanın təsiriylə bu təşəbbüslə çıxış edən ölkələr istədiklərinə nail olmadılar”, – XİN sözçüsü deyib.

'Ağalı kəndində yayda pomidorun kilosu 6 manat idi'
Gözlə

No media source currently available

0:00 0:06:03 0:00

Ərazi müdaxiləsinə dair birbaşa müddəa yoxdur

Ancaq Azatutyun sənəddə Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü pozmasına dair birbaşa müddəanın olmadığını yazır. Yerevan layihəyə belə bir ifadənin salınmasına çalışıbmı? Unanyan deyib ki, sənəd mövcud formatda da Yerevanı qane edir. Onun sözlərinə görə, istənilən halda, daha yaxşı qətnamə, daha kəskin qınama əldə etmək olardı: “Ancaq bu, əldə edə bildiyimiz ən mümkün sənəddir, hesab edirəm ki, əlimizdə çox yaxşı bir sənəd var”.

Qətnamənin əhəmiyyətinə gəlincə, XİN sözçüsü deyir ki, bu qətnamədə beynəlxalq ictimaiyyətin Ermənistanın ərazi bütövlüyü, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yoluyla həllinə dair mövqeyinin aydın ifadə olunması çox vacibdir: “Bu o deməkdir ki, qurum Ermənistanla həmrəylik bildirir. Diplomatik dildə bu, Ermənistana dəstək deməkdir”.

Bəs Frankofoniya sammitinin noyabrın 19-20-də keçirilməsinə baxmayaraq, yekun sənəd niyə hələ də yayılmayıb? XİN sözçüsü bu yubanmanı texniki sayır, deyir ki, katiblik düzəlişlər etməliydi, amma məna dəyişikliyi olmayacaq.

Azərbaycan XİN və prezidentin dedikləri

Azərbaycan XİN bu açıqlamalara hələlik, münasibət bildirməyib. Ancaq qurum noyabrın 19-da yaydığı bəyanatda Fransanı Beynəlxalq Frankofoniya Təşkilatından “xarici siyasət aləti” kimi istifadədə suçlayıb, qurumun qəbul etdiyi sənədləri “siyasi baxımdan qərəzli” sayacağını bildirib. XİN həmçinin Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyanın noyabrın 18-də Nazirlər iclasındakı çıxışını “provokativ” adlandırıb, “təşkilat üzvlərinin Azərbaycana qarşı mövqeyini” tənqid edib.

Mirzoyan həmin çıxışında deyirdi ki, qətnamə layihəsində Frankofoniya üzvləri “Ermənistanla həmrəylik bildiriblər”.

Prezident Əliyev isə Frankofoniya təşkilatı çərçivəsində Azərbaycana qarşı “çirkin təxribat” planlaşdırıldığını bildirib. Onun sözlərinə görə, orada hazırlanmış qətnamənin ilkin variantı sırf anti-Azərbaycan tezisləri üzərində qurulub və həqiqətə tam zidd olub. Ancaq Azərbaycanın “dostlarının səyi nəticəsində bütün anti-Azərbaycan tezisləri oradan çıxarıldı. Fransa-Ermənistan tandemi bu imkandan da istifadə edə bilməyib”.

Fransa bu ittihamlara münasibət bildirməyib.

Xatırlatma

Yerevan bildirir ki, 2021-ci ilin mayından başlayaraq bir neçə müdaxilə nəticəsində Azərbaycan Ermənistanın onlarla kvadrat kilometr suveren ərazisini tutub. Bakı isə ittihamları rədd edir, sərhədin delimitasiya olunmadığını əsas gətirir.

Tərəflər arasında sentyabrın ortasında baş vermiş sərhəd toqquşmalarında 300-dək hərbçi həlak olub. Bu, 2020-ci ilin 44 günlük müharibəsindən bəri ən çox ölümlə nəticələnmiş toqquşma idi.

Həmin müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Təmas xəttinə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi

XS
SM
MD
LG