Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:37

Gültəkin Hacıbəyli təqsirləndirilən şəxs qismində tanındı


Gültəkin Hacıbəyli
Gültəkin Hacıbəyli

Milli Şuranın üzvü, keçmiş deputat Gültəkin Hacıbəyli təqsirləndirilən şəxs qismində tanınıb. Bu barədə Nəsimi rayon Məhkəməsində hakim Elməddin Hüseynov qərar qəbul edib.

Hacıbəyli Facebook sosial şəbəkəsində yazdığı şərh əsas gətirilərək Leyla Arif adlı istifadəçi tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilib. Dekabrın 8-də bu məhkəmə iclasını izləmək istəyən jurnalistlər, ictimaiyyət nümayəndələri məhkəmə zalına buraxılmayıb.

"Axtarış qərarı o zaman çıxarılır ki..."

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, Hacıbəylinin vəkilləri deyib ki, əvvəlki məhkəmə iclasları keçirildiyi vaxtda onların baş verənlərdən xəbəri olmayıb. Çünki Hacıbəyli sentyabrın 3-də ölkədən gedib və o vaxta qədər də ona bu məhkəmə haqda heç bir rəsmi bildiriş və s. gəlməyib. Bir də noyabrın 30-da o, ölkəyə qayıdanda hava limanında saxlanılandan sonra belə bir məhkəmə prosesinin getməsindən xəbər tutub.

Vəkillər iş materialları, əvvəlki məhkəmə iclaslarında baş verənlərlə tanışlıq üçün onlara vaxt verilməsini istəyib.

Hacıbəyli özü isə ona dövlət hesabına verilmiş vəkildən imtina edib. Eyni zamanda, barəsində qaldırılmış iddianın da, axtarış qərarının da siyasi sifariş olduğunu vurğulayıb: "Axtarış qərarı o zaman çıxarılır ki, şəxs üzrsüz səbəbdən məhkəmədən yayınsın. Mənimlə bağlı halda Dövlət Sərhəd Xidmətinin məktubu var, məlumdur ki, ölkədə deyiləm. Yenə də axtarışa verilirəm, deməli, məkrli məqsəd var".

Hacıbəylinin məhkəməsi dekabrın 16-da davam edəcək.

İttihamçı nə deyir

Xüsusi ittihamçı Leyla Arif iddia ərizəsində göstərib ki, Hacıbəyli Facebook-dakı müzakirələrdə onu "separatçı" adlandırıb. Bu səbəbdən də Hacıbəylinin CM-in 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cəzalandırılmasını tələb edir. Bu maddədə 2 ilədək islah işləri və ya 3 ilədək azadlığın məhdudlaşdırılması, yaxud da eyni müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulub.

Hacıbəyli isə bu iddianı siyasi sifarişin nəticəsi hesab edir, düşünür ki, məqsəd onu susdurmaqdır. O vurğulayıb ki, məhkəmənin ədalətli qərar verməyəcəyinə də indidən əmindir: "Çünki Azərbaycanda məhkəmə yoxdur, məzhəkə var. Özümə qarşı məhkəmə işlərində bunu görmüşəm. Məni maraqlandıran cəmiyyətin verəcəyi qərardır".

Gültəkin Hacıbəyli 2000 və 2005-ci ildə Goranboy rayonundan Milli Məclisə üzv seçilmişdi.

XS
SM
MD
LG