Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:51

Xarabalıqda yaşayan milyon yarım rusiyalı


Pskovda bir binanın həyətində Prezident Vladimir Putinin büstü, 2004-cü il
Pskovda bir binanın həyətində Prezident Vladimir Putinin büstü, 2004-cü il

Pskovun mərkəzindəki Əmək küçəsi -32 şəhərin qədim kremlindən cəmi 20 dəqiqəlik məsafədə yerləşdiyindən prestijli bir ünvan ola bilərdi. Alman əsirlərin 1950-ci ildə anbar kimi tikdikləri bu bina sonradan müvəqqəti yaşayış binasına çevrilib.

Binanın kiflənməsinə, divarlarındakı çatlara, borularının daim deşilərək su sızdırmasına, sakinlərinin şikayətlərinə baxmayaraq, məmurlar onu rəsmən “yaşayış üçün yararsız” elan etmirlər.

112 min bina və...

Rusiya hökumətinin məlumatına görə, 1,6 milyon rusiyalı “yaşayış üçün yararsız” elan edilmiş 112 min 353 binada yaşayır. Sakinlərin bu siyahıya salınmalı olduğunu dediyi binalarda isə nə qədər adamın yaşadığı məlum deyil. Bu, yerli məmurların həll etmək istəmədiyi, yaxud həll edə bilmədiyi ümummilli problemdir.

Prezident Vladimir Putin noyabrın 30-da hökumət rəsmiləri ilə virtual görüşündə bu məsələni qaldırıb.

"Biz davamlı olaraq bu barədə danışmışıq. İnsanları bu gecəqondulardan köçürməliyik…”, – o deyib.

Doğrudan da Putin bu problem haqda “davamlı olaraq” danışıb. O, son 15 ildə azı yeddi dəfə məmurlara bu məsələni həll etməyi tapşırıb.

“Biabırçı səhifə”

"Neft və qaz gəlirlərindən toplanmış bu qədər sərvəti olan ölkə milyonlarla vətəndaşının gecəqondularda yaşamasını özünə yaraşdıra bilməz”, – Putin 2007-ci ildə ənənəvi illik müraciətində deyib. 2013-cü ildə Kalmıkiyaya səfəri zamanı bu məsələni hökumətin “əsas vəzifəsi” adlandırıb. 2020-ci ildə isə məmurlara “bu biabırçı səhifəni bağlamağı” və yeni gecəqonduların yaranmamasına çalışmağı tapşırmışdı.

Təhlükəli, uçub tökülən yaşayış evləri Kremli tənqid edənlərin ən çox qaldırdığı məsələlərdən biridir. Onlar deyirlər ki, Kreml Ukraynaya hücum edərək orada özünün dağıtdığı şəhərləri bərpa etməkdənsə, daxildə bu problemi həll etməli idi.

Sentyabrda Rusiyanın “Birinci Kanal”ı Novqoroddan tikinti işçilərinin Ukraynanın Zaporojye bölgəsində Rusiyanın işğal etdiyi Vasilyevka kəndini yenidən qurmağa göndərilməsi haqda reportaj verib.

“Hələ də oradayam”

23 yaşlı Sofiya Maxova Kalininqrad vilayətində, kənd yerində, II Dünya müharibəsindən öncə tikilmiş birmərtəbəli binada yaşayır. O yeddi il öncə valideynlərini qəzada itirib.

"O vaxt eyni zamanda çox şey baş verdi. Valideynlərim öldü, özüm də hamilə qaldım. Onlar öləndən sonra hökumət onların uçmaqda olan evimi “yaşamaq üçün yararsız” evlər siyahısına saldı. Məni köçürülmə siyahısına saldılar və mən hələ də oradayam”, – o deyir.

İki məhkəmə şikayətindən sonra hökumət Maxovaya ev verilməsi barədə tapşırıq verib.

"Ancaq soruşanda dedilər ki, mənzil yoxdur və əvəzində mənə vauçer verdilər”, – Maxova söyləyir.

Vauçerin dəyəri 2,5 milyon rubldur (40 min dollar). Kalininqradda yeni binada birotaqlı mənzilin qiyməti isə 4 milyon rubla (63 min dollar) yaxındır.

"Mən bu pula Kalininqrad, yaxud Quryevskdə mənzil ala bilmərəm”, – Maxova vurğulayır.

“Cibimizdən pul ödədik”

İqor Oleynikov 1989-cu ildən bəri Kalininqrad bölgəsinin Baltiysk şəhərində yaşayıb. Bu mənzili ona 1986-cı ildə Çernobıl faciəsi zonasındakı işinə görə veriblər. 2015-ci ildə onun yaşadığı bina “qəzalı” evlər siyahısına daxil edilib. Buna baxmayaraq, sakinlər köçürülməyib.

"Qonşularım və mən müstəqil ekspertin baxış keçirməsi üçün cibimizdən pul ödədik. O gəlib hər bir mənzilin şəklini çəkdi və dedi ki, binanın yararsız olduğu adi gözlə də görünür”, – Oleynikov bildirir.

2018-ci ildə hökumət komissiyası Oleynikova ev vauçerinin verilməsi barədə qərar qəbul edib.

"Bütün sənədlərimi yığıb verdim, ancaq heç nə baş vermədi. İndi görmə qabiliyyətimi də itirmişəm və hüquqlarımı müdafiə etmək üçün qapı-qapı gəzə də bilmirəm. Ancaq onlara zəng vurub danışa bilmirəm, o da işə yaramır. Heç kim mənə dəqiq cavab vermir. Elə bir idarədən o birinə ötürürlər. …Hər şeydən yorulmuşam”, – o deyir.

XS
SM
MD
LG