Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:53

Rusiya ‘Napolen, ya Vermaxt deyil’. ‘Putin hər şeyi batırdı’


Kiyev, 19 dekabr, 2022-ci il
Kiyev, 19 dekabr, 2022-ci il

Amerikalı hərbi strategiya mütəxəssisi Şon MakFeyt (Sean McFate) hesab edir ki, Rusiyanın Ukraynaya fevralda başladığı tammiqyaslı hücum Kremlin effektiv saydığı strategiyanı uğursuz blitzkriqə çevirib və təhlilçinin “ənənəvi müharibə ölüb” iddiasını bir daha təsdiqləyib.

O deyir ki, o zamandan bəri Moskva “müharibəni sülh kimi qələmə vermək” cəhdlərinə son qoyub və Ukraynada mülki vətəndaşları hədəfə alaraq onlara əziyyət verməklə “ənənəvi müharibədən çox terrorizmi xatırladan” kampaniyaya başlayıb.

Ancaq MakFeyt deyir ki, Rusiya qış gəldikcə ukraynalıları dondurmaq üçün istilik və digər infrastrukturları bombalasa da, "Napoleon, yaxud da Vermaxt deyil. Söhbət sərt qışa öyrəşmiş ukraynalılardan gedir”.

“Strateji iflic” dövrü

NATO Müttəfiq Qoşunlarının keçmiş ali komandanı admiral Cim Stavridis (Jim Stavridis) keçmiş desantçı MakFeyti “yeni Sun Tzı" adlandırıb. (Sun Tzı e.ə. VI-V əsrlərdə yaşamış Çin hərbi strateqi, “Hərb sənəti” traktatının müəllifidir – tərc.). MakFeyt məşhur “The New Rules Of War: How America Can Win -- Against Russia, China, and Other Threats” (“Müharibənin yeni qaydaları: Amerika Rusiya, Çin və digər təhülkələrə necə qalib gələ bilər”) kitabının müəllifidir.

MakFeyt Atlantika Şurasında baş tədqiqatçı, habelə ABŞ Milli Müdafiə Universiteti və Corctaun Universitetinin strategiya professorudur. O, eyni zamanda ABŞ hərbi və kəşfiyyat icmaları və BMT üçün konsultantlıq edir. Onun çapı gözlənən yeni kitabı “The Sneaky War: Russia, China, The U.S. And The Emerging Strategic Paradigm” (“Sinsi müharibə: Rusiya, Çin, ABŞ və yaranmaqda olan strateji paradiqma”) adlanır.

Hərbi strateq AzadlıqRadiosunun gürcü xidmətinə müsahibəsində Rusiya prezidenti Vladimir Putinin yanlış addımlarından, Qərbin bu cür avtokratlara qalib gəlmək üçün “strateji iflic” dövrünü aşmasından və “döyüş meydanındakı qələbələrin” çəkisindən danışıb.

Uğursuzluğun simvolu

“Fevralda müharibə başlayanda həmkarlarımın çoxu mənimlə zarafat edirdilər ki, “Ey, MakFeyt, bəs deyirdin ənənəvi müharibə ölüb?” Mən də cavab verirdim ki, müharibə hələ bitməyib. O zaman hələ adamlar elə bilirdi, müharibə üç-dörd günə bitəcək. Biz dəqiq gördük ki, ənənəvi müharibə Rusiya üçün alınmadı. Onlar 2014-cü ildə öz qeyri-ənənəvi müharibələrini aparanda daha çox uğur qazanmışdılar. Bu il onlar 1940-cı illərin blitzkriqini başladılar və bu tamamilə uğursuz oldu. Martın sonlarında isə rus qeyri-ənənəvi müharibəsinə keçdilər. Yəni Çeçenistanda, Suriyada etdikləri kimi və Ukraynada hələ də etməkdə olduqları kimi… mülki əhalini qırmağa, şəhərləri yerlə-yeksan etməyə başladılar.

Ənənəvi müharibənin öldüyü sübuta yetirildi. Qalib gəlməyin daha asan üsulları var. Müasir dövrdə ənənəvi müharibəni aparmaq çətindir. Rusiya dörd həftəyə qədər ənənəvi müharibə apardı və bacarmadı. Bu uğursuzluğun “Kiyev üzərinə gedən” 10 kilometrlik konvoyun ilişib qalması qədər gözəl simvolu ola bilməz. Ənənəvi müharibə məhz budur. Özü də ənənəvi müharibə təkcə quruda və artilleriya zərbələri ilə aparılan müharibə deyil. Bu şeylərdən qeyri-ənənəvi müharibədə də istifadə edilə bilər. Rusiya nə etdi? Şəhərləri raket atəşinə tutdu. Bu isə ənənəvi müharibədən çox terrorizmə bənzəyir. Ənənəvi müharibə [Prussiya generalı və hərbi nəzəriyyəçisi Karl fon] Klauzevitzin müharibəsidir, silahlı münaqişədir… Muzdlu döyüşçülər deyil”, – MakFeyt deyir.

“Hər şeyin bugünkü qədər pis olacağını düşünmürəm”

“Rusiya və Çin bilir ki, onlar Avropa və Amerika əhalisini bu işə cəlb etsələr … bu ölkələr Ukraynanı müdafiə etmək üçün döyüşə başlayacaqlar. Buna görə də onlar müharibəyə başlayıb onu sülh kimi qələmə verməyə çalışırlar. Buna görə də Rusiya bu ilə qədər dezinformasiyadan, muzdlulardan və “balaca yaşıl adamlardan” – bütün bu təxribat taktikalarından istifadə edirdi…

Müharibələr belə udulur. İstədiyiniz ən son şey böyük auditoriya və ənənəvi hücumdur, çünki bu, dünyanı sizə qarşı birləşdirir. Rusiya bunu edəndə İsveç və Finlandiya NATO-ya [qoşulmaq istəyini bildirdi]. Bu hərəkət NATO-nu parçalamaqdansa daha da birləşdirdi. Halbuki Rusiyanın əslində etmək istədiyi NATO-nu parçalamaq idi. Ancaq onlar ənənəvi müharibəyə əl atdıqları üçün hər şey tərsinə oldu. Bununla bağlı daha gizli davransaydılar, kim bilir, necə olardı? Ancaq hər şeyin bugünkü qədər pis olacağını düşünmürəm”, – strateq deyir.

“Putin hər şeyi batırdı”

MakFeyt 2015-ci ildə belə demişdi: "Putinin çara xas “Böyük Rusiya” ideyası və ona nail olmaq üçün strateji düşüncəsi var”. Ancaq bununla yanaşı bu gün 1940-cı illərdə qalmış hücum strategiyasını seçən Putini görürük.

“Bəli, Putin hər şeyi batırdı. Bilmirəm o Putinistanda nə baş verib. 21 il ərzində o, yavaş-yavaş, məharətlə Rusiyanın gücünü 1999-cu ildə olduğu yerdən qaldırmışdı. 2022-ci ildə isə ən səfeh strategiyalarla hər şeyi batırdı. Bilmirəm”, – o deyir.

Mak Feyt düşünür ki, Putinin yanlış qərarlarının bir səbəbi yaxın ətrafının hər şeyə “hə” deyən adamlara çevrilməsidir: “Görünür, o həm də elə bildi ki, şərqi Ukraynanı tutmaq 2014-cü ildə Krımı tutmaq kimi olacaq. …O, (Ukrayna Prezidenti Volodimir) Zelenskinin siyasi liderliyi [amilini] və ukraynalıların döyüş əzmini düzgün hesablamadı. Yəni o, strateji təxminlə bağlı hər növ klassik səhvə yol verdi. …Müəyyən mənada bu mənə 2003-cü ildə ABŞ-ın İraqa hücumunu xatırladır. Bu, strateji baxımdan çox kütbeyin [qərar] idi”.

XS
SM
MD
LG