Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:45

Ukrayna paraşütçüləri: ‘Onları ət kimi önə atırlar’


Kreminna şəhəri
Kreminna şəhəri

Ukrayna hava-desant briqadasının paraşütçüləri üçün Donbas regionunun Kreminna şəhəri yaxınlığında Ukrayna xətlərinə amansız təzyiq edən Rusiya piyadalarının bir adı var: ət.

"Səfərbər olunmuş əsgərləri, öləcəklərini dəqiq bildikləri halda ət kimi önə atırlar. Sonra xətti yarıb keçə bilsələr, daha təcrübəli əsgərlər hərəkətə keçir", – hərbi qaydalara görə adının çəkilməsini istəməyən bir əsgər deyir.

“Orada vəziyyət çətin və dözülməzdir”

Rusiyanın hücumu artıq 11-ci ayının içindədir. Kreminnadakı döyüşlər intensivliyinə görə yalnız 80 kilometr cənubdakı Baxmut şəhəri ilə müqayisə oluna bilər.

Ukrayna əsgərlərinin müsahibələri, “Telegram” və digər yerlərdə Rusiya hərbi blogerlərinin dərc etdiyi materiallardan axan qanın nə qədər mənasız və amansız olduğunu görmək mümkündür. Ancaq bunun nə qədər çəkəcəyi bəlli deyil: bir Ukrayna rəsmisi Kreminnanın Ukrayna ordusu tərəfindən azad edilmək ərəfəsində olduğunu deyir.

"Baxmut, Kreminna: orada vəziyyət çətin və dözülməzdir. [Rusiyalılar] hər hansı irəliləyiş əldə etmək üçün bütün resurslardan – və bunlar mühüm resurslardır – istifadə edirlər”, – Prezident Volodimir Zelenski dekabrın 26-sı gecə yaydığı videomüraciətində bildirib.

Yeni əsgərlər önə atılır

Luqansk bölgəsində, Donbas regionunun inzibati sərhədi yaxınlığında yerləşən Kreminna Severodonetskdən 25 kilometr aralıda yerləşən şimal-cənub magistral yolunun üzərindədir. Rusiya ordusu bu şəhəri iyunda intensiv küçə döyüşlərindən sonra işğal edib.

Sentyabrda Ukrayna ordusu ölkənin şimal-qərbində, Xarkov bölgəsində qəfil əks-hücuma keçərək Rusiya ordusunu ciddi şəkildə geri çəkilməyə məcbur edib, Donetsk bölgəsinin Lıman şəhərini geri alıb və şərqdə Kreminna istiqamətində, şimalda isə Svatove kəndi istiqamətində hücuma başlayıb.

Ancaq Rusiya özünün təlim görməmiş, yeni səfərbər olunmuş əsgərlərini önə atdığından Ukrayna ordusunun irəliləyişi dayanıb.

“Kreminnanı itirsələr...”

Luqansk bölgə hərbi administrasiyasının rəhbəri Sergey Qayday dekabrın 26-da “Twitter”də Rusiya mülki hökuməti və yerli hərbi birliklərin Kreminnadan geri çəkildiyini, şərq istiqamətindəki daha təhlükəsiz mövqelərə çəkildiyini yazıb.

Bu xəbəri müstəqil qaydada təsdiqlətmək mümkün olmayıb.

"Ruslar anlayırlar ki, Kreminnanı itirsələr, bütün müdafiə xətləri qırılacaq”, - Qayday “Telegram”da yaydığı başqa bir postunda deyib.

İki gün sonra isə o bildirib ki, Ukrayna ordusunun Kreminnanı geri alacağı təqdirdə Luqansk bölgəsində bir neçə başqa şəhər və kəndi də sürətlə azad etmək mümkün ola bilər. "Nə qədər olmasa, onlar müdafiə edilə bilməyəcək dərəcədə dağıdılıb”, – o deyib.

“Xarkovda daha dağınıq halda idilər”

Dekabrın 24-də “Nastoyaşşeye Vremya”nın Kreminna cəbhə xətinin yaxınlığında müsahibə aldığı əsgərlər Rusiya birliklərinin davamlı hücumlarından danışıblar.

"Xarkovda onlar daha dağınıq halda idilər. İndi isə daha fokuslanmış və çoxdurlar. Biz beynimizlə döyüşürük. Onlar saylarla döyüşürlər. Çünki onların resursları bizimkindən qat-qat çoxdur”, – bir əsgər deyib.

Baxmut da daxil olmaqla bəzi ərazilərdə hərbi blogerlərin və hətta hərbçilərin paylaşdığı bəzi foto və videolarda I Dünya müharibəsinə xas səngər savaşını xatırladan köhnəlmiş döyüş taktikalarına diqqət yetirilir. I Dünya müharibəsi zamanı piyadalar səf-səf açıq sahəyə düzülərək düşmən səngərlərinə hücum etməyə çalışır, ancaq atəşə məruz qalırdılar. Kreminna yaxınlığındakı Ukrayna əsgərləri də buna bənzər taktika müşahidə etdiklərini deyirlər.

Ukraynada bu qəsəbənin sakinləri 10 aydır zirzəmidə yaşayırlar
Gözlə

No media source currently available

0:00 0:03:50 0:00

“Heç bir taktikaları yoxdur”

"Onlar sadəcə itələyib yollarını açmağa çalışırlar. Çoxu da ölür. Çünki heç bir taktikaları yoxdur… Elə ət kimi gedirlər. Piyadalar deyir ki, bəzi hallarda onlar hər hansı silahlı maşın, yaxud avtomat silah olmadan hərəkət edirlər”, – başqa bir əsgər söyləyib.

Vaşinqtonda yerləşən Müharibə Elmləri İnstitutu bildirib ki, Svatove-Kreminna cəbhə xəttində yerləşdirilmiş Rusiya birliklərində Moskva regionundan səfərbər edilmiş əsgərlər, habelə 20-ci birləşmiş ordunun 144-cü motoatıcı diviziyası və 8-ci birləşmiş ordu var.

"Güclərin bu qarışıq qruplaşması onu göstərir ki, Rusiya ordusu cəbhənin müxtəlif nöqtələrindən qoşunları Svatove-Kreminna xəttindəki boşluqları doldurmaq və konvensional birliklərin davamlı deqradasiyasını kompensasiya etmək üçün cəlb edir”, – İnstitutun dekabrın 26-da yaydığı hesabatda deyilir.

XS
SM
MD
LG