Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:42

Ateizm və biseksuallığa görə ‘müalicə alan’ qadının Dağıstandan qaçışı


Arxiv fotosu
Arxiv fotosu

Avqustda 20 yaşlı Dağıstan sakini Elina Uxmanova üçüncü dəfə evdən qaçıb. İllərlə yaxınlarının təhqir və zorakılığına məruz qaldığını deyən Uxmanova öz təhlükəsizliyi sarıdan narahatlığını bölüşür. Ailəsi onu bir neçə ay Mahaçqalada bir ziddiyyətli reabilitasiya mərkəzində ateizm və biseksuallığa görə zorla müalicəyə cəlb edib.

Bir neçə aydır ki, insan haqları fəallarının qoruması altında olan Uxmanova yalnız indi öz hekayəsini danışa bilir.

"Şimali Qafqazda istər cavan qız olsun, istər cavan oğlan, ailəsindən qaçan heç kim tam təhlükəsizlikdə deyil. Heç Rusiyadan kənarda belə. Heç xaricdə də 100 faiz qarantiya yoxdur”, – o, AzadlıqRadiosunun “Kavkaz.Realii” xidmətinə müsahibəsində deyib.

“Elə bilirdim...”

Universitetdə fizika ixtisası üzrə oxuyan Uxmanova Xasavyurt şəhərindəndir. O, zorakılıqla hədələnən LGBT şəxslərə kömək edən “SK SOS” qrupunun onu Dağıstandan çıxarmasından sonra da qorxu hissinin qaldığını deyir.

"Elə hey qorxurdum. Elə bilirdim, istənilən an otağıma soxulub məni geri qaytaracaqlar”, – o deyir.

Uxmanovanın hekayəsi Şimali Qafqaz üçün yeni, yaxud unikal deyil. Oktyabrda dağıstanlı Magomed Ashabov özünü reabilitasiya mərkəzi kimi qələmə verən “Start” adlı müəssisədə “işgəncəyə məruz qalması” iddialarının araşdırılmaması ilə bağlı şikayətini ictimaiyyətə açıqlayıb. Valideynləri onu həmin mərkəzə homoseksuallıqdan “müalicə olunmağa” göndəriblərmiş.

Homoseksual qadın oğurlanıb

2021-ci ilin sonlarında Xalimat Taramova adlı çeçen homoseksual qadın oğurlanaraq Moskva yaxınlığındakı “Invia Elite” adlı klinikada üç ay saxlandığını demişdi. O bu müddət ərzində ekzorsizm və “cin çıxarılması üçün” edildiyi deyilən başqa prosedurlara məruz qoyulduğunu söyləyir. Rusiya rəsmiləri onun iddialarına reaksiya verməyiblər.

Uxmanova evdəki problemlərinin 10 yaşı olanda, anası ona və kiçik bacısına namaz qılmağı öyrətməyə başlayanda meydana gəldiyini danışır.

"Başa düşmürdüm ki, bu, nəyimə lazımdır. Ancaq böyüklər dua etməyimə görə gücə əl atır, döyürdülər. Onlarla danışmaq üçün hər hansı cəhd daha çox döyülmə və mübahisə ilə nəticələnirdi”, – o deyir.

Reabilitasiya mərkəzində 4 ay qalıb

14 yaşı olanda o, məktəbdə bir qıza biganə olmadığını hiss edir.

"Valideynlərimə öz oriyentasiyam haqda universitetdə oxuyanda danışdım. Mənə ‘fahişə’ deməyə başladılar”, – o, “Xolod” saytı üçün essesində yazır.

Daha öncə iki dəfə ailəsindən qaçan Uxmanovanı birinci dəfə polis, ikinci dəfə Mahaçqaladakı “Alyans Rekaveri” adlı reabilitasiya mərkəzinin işçiləri tutaraq ailəsinə təhvil verib. Onlar onu zorla tutub mərkəzdə müalicə etmək adı ilə saxlayıblar.

Uxmanova deyir ki, mərkəzdə qaldığı 4 ay ərzində orada gördüyü 5-10 nəfərin də çoxu öz iradələrinə qarşı bura gətirilmişdi.

AzadlıqRadiosu “Alyans Rekaveri” mərkəzi ilə əlaqə yarada bilməyib. Mərkəz Rusiyada tibb müəssisəsi kimi qeydiyyatdan keçməyib. Onun saytı isə Uxmanovanın hekayəsi dərc olunandan az sonra fəaliyyətini dayandırıb.

Əvvəl dostlarına deyirdi...

Uxmanovanın ittihamlarından sonra Rusiyanın “NewsTracker” saytı adı çəkilməyən, mərkəzin direktoru kimi təqdim edilən bir kişinin açıqlamasını yayıb. Həmin şəxs mərkəzə qarşı bütün ittihamları rədd edərək mərkəzin 19 ay öncə bağlandığını iddia edib.

Həmin mərkəzdə bir neçə ay qaldıqdan sonra ailəsi Uxmanovaya onu qonşu Çeçenistanda yerləşən “İslam təhsil mərkəzinə” göndərmək istədiyini deyib.

O, öncəki iki dəfə evdən qaçanda bunu dostlarına demiş, dostları da israrla onun yerini öyrənməyə çalışmışdılar. Bu dəfə isə daha bunu edə bilməyəcəyini anlayıb.

"Ən böyük səhv kiməsə inanmaqdır. İkinci səhvsə bunu tək edə biləcəyini düşünməkdir”, – o deyir.

Bu dəfə o, “SK SOS” qrupundan kömək istəyib.

“Reabilitasiya mərkəzləri”

"İndi Elina nisbi təhlükəsizlikdədir, birbaşa təhlükə altında deyil. Şimali Qafqazda bir çox ailənin Moskva və digər böyük şəhərlərdə əlaqələri var. Buna görə də onun yerini açıqlamırıq”, – qurumun sözçüsü AzadlıqRadiosuna deyib.

“SK SOS”un sözçüsü Miron Rozanov oktyabrda AzadlıqRadiosuna müsahibəsində Şimali Qafqazda bu qəbildən “çox sayda” reabilitasiya mərkəzinin olduğunu deyib. Onun sözlərinə görə, çox sayda LGBT fərdi bu mərkəzlərin onları oğurlayaraq zorla “müalicə etməsindən” şikayətlənir.

O bu cür mərkəzlərin dəqiq sayının bilinmədiyini və özlərini tibb müəssisələri kimi deyil, ruhani mərkəzlər kimi tanıtdıqlarını söyləyir. Belə mərkəzlər tibb ocaqlarından fərqli olaraq dövlət tərəfindən tənzimlənmir.

XS
SM
MD
LG