Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:29

Yaponiya kəşfiyyatı Rusiyanın 20-dən çox general itirdiyini bildirir


Arxiv fotosu
Arxiv fotosu

Ötən ilin fevralından bəri Ukraynada gedən döyüş əməliyyatlarında Rusiyanın 20-dən çox generalı həlak olub.

Bu barədə məlumatı Yaponiya kəşfiyyatına istinadla Nikkey qəzeti verib. Qəzet yazır ki, Yaponiya bu məlumatı ABŞ və Avropa kəşfiyyatları ilə əməkdaşlıqda əldə edib.

Məqalədə deyilir ki, yüksək rütbəli zabitlərin ölüm hallarının tez-tez baş verməsi Qərb üçün adi hal deyil və Rusiya ordusunun zəifliyindən xəbər verə bilər.

Materialda generalların siyahısı göstərilmir. Amma açıq mənbələrdən indiyədək Rusiyanın dörd generalının Ukraynada həlak olmasına dair məlumat var.

Onlardan biri – 63 yaşlı general-mayor Konamat Botaşev həlak olanda artıq təqaüddə idi və belə görünür ki, Rusiyanın Wagner özəl hərbi şirkətində xidmət edirdi.

Geniş xəbərçi şəbəkəsi

Bundan əvvəl hərbi ekspertlər qeyd edirdilər ki, Rusiya ordusunda yüksək rütbəli zabitlərin tez-tez həlak olmasına onların döyüş əməliyyatlarına birbaşa döyüş meydanlarda şəxsən rəhbərlik etməsi səbəb ola bilər.

Bu isə, bir tərəfdən komandanlıqda zəif təşkilatçılıq, digər tərəfdən isə Rusiya ordusunun öz strukturu ilə bağlı məqamdan xəbər verir.

Belə ki Rusiya ordusunda yüksək rütbəli zabitlərin faiz çəkisi yüksəkdir.

Nikkey yazır ki, Rusiya generallarının ölümü həm də Ukraynanın radiotexniki kəşfiyyatdakı üstünlüyü və Kiyevin Rusiyanın nəzarətində olan Ukrayna ərazilərindəki geniş xəbərçi şəbəkəsi ilə izah oluna bilər.

Təsdiqlənməmiş məlumatlar

Yaponiya kəşfiyyatının nümayəndəsi qəzetə deyib ki, generalların ölümləri ehtimalən Rusiya ordusunun yarıtmazlığından xəbər verir və bu, Çini narahat etməyə bilməz və Pekin Rusiya ordusuna kömək etməyə çalışa bilər.

Bu mülahizənin əsasları barədə məqalədə heç bir dəqiq məlumat verilmir.

Rusiya Ukraynadakı itkilərini rəsmən açıqlamır, amma Qərb mənbələri bunun, yaralılar da daxil 100-200 min civarında olduğunu bildirirlər.

Moskva əksinə, döyüş əməliyyatları zamanı həlak olmuş Ukrayna generalları barədə məlumatlar verir, amma açıq mənbələr hələ ki bu məlumatları təsdiqləməyiblər.

Kiyev də müharibədəki itkiləri barədə məlumatları məxfi saxlayır.

XS
SM
MD
LG