Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:43

Araşdırma: İran Rusiya üçün dronları daha ‘ölümcül’ edir


Portuqaliyada İranın Rusiyaya ölümcül dronlar verməsinə etiraz edən aksiyaçılar (Arxiv fotosu)
Portuqaliyada İranın Rusiyaya ölümcül dronlar verməsinə etiraz edən aksiyaçılar (Arxiv fotosu)

İran böyük bir ehtimalla Rusiyaya göndərdiyi dronları modifikasiya edir.

Britaniyanın münaqişə silahlarını araşdıran Conflict Armament Research (CAR) analitik şirkətinin hesabatında deyilir ki, bundan məqsəd dronların Ukraynanın infrastruktur obyektlərinə daha dağıdıcı zərbələr endirməsini təmin etməkdir.

CAR ekspertləri deyirlər ki, İranın Şahed 131 dronunun ötən ilin oktyabrında Odessa yaxınlığında tapılmış qırıntılarından onun zərbə hissəsinin “tələm-tələsik modifikasiya” edildiyi məlum olub.

“Modifikasiya” zamanı dronun döyüş başlığına çoxsaylı əlavə metal qırıntıları doldurublar ki, zərbə daha ölümcül olsun.

Ekspertlər bunu da müəyyən ediblər ki, Şahed-131 dronlarının döyüş başlığına 18 kiçik partladıcı əlavə edilib.

Görünür bundan məqsəd partlayışın gücünü artırmaq, dronun zirehi yara bilməsini təmin etməkdir.

Daha dağıdıcı

CNN xəbər verir ki, bütün bu elementlər Şahed dronlarının elektrik stansiyalarını, elektrik xətlərini və transformatorları dağıtmaq qabiliyyətini artırır, dağıdılmış obyektlərin bərpa və təmirini çətinləşdirir.

CAR mərkəzinin analitiklərindən Demian Splitters hesab edir ki, modifikasiyadan məqsəd zərbə radiusunu genişləndirmək və dronu daha dağıdıcı etməkdir.

Bundan əvvəl The Wall Street Journal öz mənbələrinə istinadla yazırdı ki, Rusiya və İran Rusiya ərazisində İran layihələri üzrə dronlar istehsal edəcək birgə müəssisə yaratmağı planlaşdırırlar.

Ötən ilin dekabrında ABŞ prezidenti Co Baydenin (Joe Biden) administrasiyası xəbərdarlıq etmişdi ki, Moskva və Tehran Rusiyada dron istehsalı üçün müştərək şirkət yaratmaq məsələsini nəzərdən keçirirlər.

Sanksiyalı şirkətlər

Yanvar ayında ABŞ-ın Ticarət Nazirliyi İranın dron və onun komponentlərinin hazırlanması ilə bağlı İran aviasiya sənayesinin və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) 7 şirkətinə ixrac məhdudiyyətləri qoyub. Bunların arasında aviasiya sənayesi, PUA-ların və onların komponentlərinin işlənməsi və istehsalı ilə bağlı müəssisələr var.

Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi Shahed Aviation Industries Research Center, Paravar, Design and Manufacturing of Aircraft Engines və Baharestan Kish, habelə Success Aviation Services FZC və iJet Global DMCC şirkətlərinin üzərinə sanksiyalar qoymuşdu.

ABŞ rəsmiləri bildirirlər ki, dronların Rusiyaya çatdırılmasını bu şirkətlər təmin edib.

Bundan başqa Qods Aviation Industries (QAI) şirkətinin rəhbərliyini və direktorlar şurasını təmsil edən 6 nəfərin adı sanksiyalar siyahısına salınıb.

Rusiya İran silahlarından istifadə ittihamlarını rəsmən rədd etsə də Müdafiə Nazirliyi yanında İctimai Şuranın nümayəndəsi RBC telekanalındakı canlı yayımda bunu etiraf edib. O, bunu deyəndə həmin anda mikrofonun söndürüldüyünü zənn edib.

Tehran isə bu xəbərləri nəhayət təsdiqləyərək bildirib ki, İran “az sayda” PUA-nı Rusiyaya Ukraynaya hücumundan aylar əvvəl çatdırıb.

Ukrayna hərbiyyəsi İran dronlarının böyük əksəriyyətini vurduğunu bəyan edir.

XS
SM
MD
LG