Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:53

MTN polkovniki: 'Əlimdə Baş Prokurorluğun rəhbər vəzifəli şəxslərinin səs yazıları var'


Sahib Ələkbərov
Sahib Ələkbərov

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) polkovniki, nazirliyin şöbə rəisinin müavini olmuş, hazırda isə həbsdə olan Sahib Ələkbərov deyir ki, onda Baş Prokurorluğun rəhbər vəzifəli şəxslərinə məxsus səs yazıları var. Əgər başına bir iş gəlsə, həmin səs yazıları lazım olan orqanlara təqdim olunacaq.

"Başıma bir iş gəlsə, təqdim eləyəcəklər, yer yerindən oynayacaq. Gəlməsə də, özüm eləyəcəm. Xəbərdarlıq edirəm - otursunlar yerlərində, mənimlə işləri olmasın. Məhkəmələrə müdaxilə edib barəmdə qanunsuz qərarlar qəbul elətdirməsinlər", – Ələkbərov fevralın 14-də Bakı Apellyasiya Məhkəməsində çıxış edərkən belə deyib.

"Qərarı dəyişib işin içinə başqasını qoydular"

Sabiq MTN polkovniki iddia edir ki, 8 il azadlıqdan məhrum edilməsi haqda Bakı Hərbi Məhkəməsində çıxarılmış hökm qanunsuz və əsassızdır. Onun sözlərinə görə, MTN-də müstəntiq işlədiyi müddətdə nə kimsədən hədə-qorxu ilə pul tələb edib, nə də alıb. Ələkbərov deyir ki, Baş Prokurorluğun İstintaq İdarəsində onun, eləcə də birlikdə mühakimə olunduğu MTN İstintaq Baş İdarəsinin sabiq rəisi general Mövlam Şıxəliyev, şöbə rəisləri Vüsal Ələkbərov, Yasin Məmmədov haqqında istintaq ziddiyyətlərlə doludur, heç bir mötəbər sübut yoxdur.

"Təqsirləndirilən şəxs qismində cəlb olunmağım haqqında qərarda məni səlahiyyətlərimə görə səhiyyə naziri, baş prokuror, ədliyyə naziri, həm də milli təhlükəsizlik naziri kimi göstərmişdilər... Sonra qərarı dəyişib işin içinə başqasını qoydular", – Ələkbərovun sözləridir.

"Onda Rüstəm Usubov bir neçə dəfə məni hədələmişdi"

Onun dediyinə görə, irəli sürülən ittihamlardan biri baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubovun qərarına təsir göstərməsi haqdadır. İddia olunur ki, Ələkbərov Usubovun Səbail prokurorluğunun qərarını ləğv etməsinə nail olub. Təqsirləndirilən MTN polkovniki bunu absurd sayır. Deyir ki, əksinə, 2005-ci ildə Hacı Məmmədov olaylarına görə Rüstəm Usubovu şahid qismində dindirəndə özü onun tərəfindən hədələnmişdi: "Mən baş prokuror olmuşam ki, Usubova göstəriş verim ki, get, Səbail prokurorluğunun qərarını ləğv elə?! Bu qədər absurd olmaz axı. Çağırıb Rüstəm Usubovu dindirsinlər ki, mən necə nail olmuşam buna. 2005-ci ildə Hacı Məmmədovun dəstəsi ifşa olunanda o iş üzrə Rüstəm Usubovu MTN-də mən dindirirdim. Onda Rüstəm Usubov bir neçə dəfə məni hədələmişdi. Hacı Məmmədov işində mən birini dindirirdim. O dedi ki, ay kişi, mən palanam, eşşək qalıb kənarda...".

Çoxsaylı adam oğurluqları, 10-dan artıq qətl, quldurluq cinayətləri törətmiş polis polkovniki Hacı Məmmədovun rəhbərlik etdiyi dəstə haqda Baş Prokurorluğa, şəxsən Rüstəm Usubova hələ 2003-cü ildə Rəna Nəsibova adlı qadın məlumat vermişdi. O zaman Usubov onunla görüşsə də, bu dəstə ilə bağlı heç bir tədbir görülməmiş, əvəzində az müddət sonra Nəsibovanın meyiti işlədiyi ofisdə tapılmışdı. Ölümün səbəbi isə "artıq dozada narkotik qəbulu" kimi rəsmiləşdirilmişdi. 2005-ci ildə Hacı Məmmədovun dəstəsi tutulandan sonra isə bu məsələ yenidən araşdırıldı və Nəsibovanın boğulub öldürüldüyü məlum oldu. Usubov da həmin epizod üzrə şahid qismində dindirməyə cəlb olunmuşdu.

"Xəbərdarlıq edirəm..."

MTN polkovniki Ələkbərov deyir ki, ona qarşı irəli sürülmüş ittihamlar qanunauyğun şəkildə sübuta yetirilsə, cəzasını çəkməyə hazırdır. Lakin törətmədiyi cinayətə görə verilən cəza ilə barışmaq niyyətində deyil. O, dəfələrlə sui-qəsdə məruz qaldığını yada salıb. Vurğulayıb ki, onda olan məlumatları, səs yazılarını etibarlı yerdə saxlayır. Onun başına bir iş gəlsə belə, lazımi yerlərə çatdırılacaq: "Xəbərdarlıq edirəm - danışdıqlarımdan da yüz qat artığını səsli formada yazıb qoymuşam, etibarlı yerdə saxlayıram. Başıma bir iş gəlsə, meyitimi susdura bilməyəcəklər. Onda çox papaqlar boş qalacaq, rütbəsindən, mərtəbəsindən, vəzifəsindən asılı olmayaraq. Məni qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edənlərə xəbərdarlıq edirəm...".

Xatırlatma

Bu məhkəmədə mühakimə olunanlardan Mövlam Şıxəliyev 2021-ci ilin aprelindən həbsdədir, digər üç nəfər isə sentyabrın 21-də Bakı Hərbi Məhkəməsində hökm oxunanda məhkəmə zalında həbs edilib. Hökmə əsasən, Şıxəliyev 12 il, Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib.

Məhkəmə həmçinin Şıxəliyevin general-mayor, digərlərinin də rütbə və təltiflərinin alınmasına qərar verib.

Cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən, hədə-qorxu ilə adamların 5 milyon 77 min manatının ələ keçirilməsindən söhbət gedir.

Sabiq MTN-çilərin heç biri bu ittihamları qəbul etmir, özlərini təqsirli bilmirlər. Deyirlər ki, MTN-də bu işləri özbaşına eləyə bilməzdilər, çünki istintaqa prosessual nəzarət orqanı var – prokurorluq. Şıxəliyev və digərləri bildirib ki, cinayət işi MTN-in İstintaq Baş İdarəsində başlansa da, qərarı baş prokuror və onun birinci müavini verirdi. Cinayət işi başlamaq, şəxsin barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat vermək və s. səlahiyyətlər ancaq prokurorluqdadır.

Şıxəliyev və onunla birlikdə təqsirləndirilən şəxslərin adları zaman-zaman bir sıra ictimai-siyasi fəalların həbsində hallanıb.

XS
SM
MD
LG