Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:53

'Əvvəllər iki saat talış dilində dərs keçilərdi, indi bir saat...'


 İbrahimxəlil Fərziyev
İbrahimxəlil Fərziyev

Fevralın 21-i Beynəlxalq Ana Dilli Günüdür. Azərbaycan və talış dillərində şeirlər yazan İbrahimxəlil Fərziyev bugünə böyük önəm verir. O, Astara rayonunun mərkəzindən uzaqda, dağ yamacında yerləşən Burzubənd kəndində yaşayır. Kəndin yolları bir o qədər də rahat deyil.

"Azərbaycan və talış dillərində şeir yazıram"

İbrahimxəlil Fərziyev sovet dövründə Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini bitirib. 40 il dağlıq ərazilərdə yerləşən məktəblərdə dərs deyib. İndi pensiyadadır, fərdi yaradıcılıqla məşğul olur: "Azərbaycan və talış dillərində şeir yazıram. Azərbaycan dilində bir şeir kitabım çap olunub. Bir kitab qədər də talış dilində şeirlərim var. 10 ildən yuxarıdır çap edə bilmirəm, pul yoxdur. Pensiya alıram, 290 manat. Pensiya çatmır. Bu yaxınlarda bir az artırdılar. Pulum olsa, çap etdirərəm. Nəşriyyatın pulunu ödə, kitabı çap elətdir. Bu baxımdan heç bir maneə yoxdur".

İbrahimxəlil Fərziyevin çap olunmuş kitabı
İbrahimxəlil Fərziyevin çap olunmuş kitabı

"Təki pulun olsun"

O deyir ki, sovet dövründə talış dilində şeir çap etmək çətin idi: "Mətbuat orqanları talışca yazılmış şeiri yaxına buraxmırdılar, qorxurdular. İndi səndən asılıdır. Demək istəyirəm ki, talış dilində kitab çap etmək problem deyil. Təki pulun olsun. Biz çoxmillətli dövlətik, ona görə də hər yerdə normal qarşılanır. Mənim talış dilində olan bir şeirimə mahnı də bəstələyiblər".

"Söhbətə talışca başlayıb, azərbaycanca bitirirlər"

Divardan asdığı gitaranı göstərib deyir ki, musiqiyə də böyük marağı var. Onun sözlərinə görə, qonşu kəndlərin hamısında talışlar məskunlaşıb və talış dilində danışırlar: "Kim onlara deyir ki, talış dilində danışma? Azərbaycan dili ilə yanaşı işlənir, ikisi də doğmadır. Görürsən ki, söhbətə talış dilində başlayırlar, Azərbaycan dilində bitirirlər. Və ya əksinə. Millətçilik edənlər var, rast gəlirəm. Bu, olan şeydir. Kəndlərdə azad sözün meydanı daha genişdir. Heç kim digərinin ürəyinə dəymək istəmir".

Talış dilində poeziya almanaxı
Talış dilində poeziya almanaxı

"Dərsi elə adama verirlər ki, talış dilinin qrammatikasını bilmir"

Veteran müəllimin vurğulamasına görə, dilin yaşamasının bir yolu da onu tədris etməkdir: "Əvvəllər talışların kompakt yaşadıqları ərazilərdə olan məktəblərdə həftədə iki saat talış dilində dərs keçilərdi. İki saat yaxşı idi. İndi bir saata endiriblər. O dərsi necə keçirlər, məlumdur. Dərsi elə adama verirlər ki, talış dilinin qrammatikasını bilmir. O bir saat müəllimlərdə marağı öldürüb. Dövlət bunun üçün pul ayırıb. Onu yerinə yetirənlər məsuliyyət daşıyır".

Bu açıqlamaya, hələlik, Azərbaycanın rəsmi qurumlarından münasibət almaq olmayıb. Amma rəsmilər, bir qayda olaraq, ölkədə multikulturalizmin hökm sürdüyünü, milli azlıqların dilinə, adət-ənənələrinə qayğı olduğunu bildirirlər.

Talışlar, əsasən, Azərbaycanın cənub rayonlarında məskunlaşıblar. 2009-cu ildə keçirilmiş ümummilli siyahıyaalmanın nəticələrinə görə, Azərbaycanda talışların sayı 112 min nəfər təşkil edir. Lakin bir çoxları bu sayın daha çox olduğunu düşünürlər.

XS
SM
MD
LG