Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:21

Latviya prezidenti: ‘‘Demokratik Rusiya’ Qərbin xülyasıdır’ (Video)


Latviya prezidenti Elgis Levits Ukrayna lideri Volodimir Zelenski ilə Kiyevdə (Arxiv fotosu)
Latviya prezidenti Elgis Levits Ukrayna lideri Volodimir Zelenski ilə Kiyevdə (Arxiv fotosu)

Latviya prezidenti Elgis Levits AzadlıqRadiosunun Gürcü xidmətinə müsahibəsində deyib ki, Rusiyanın Ukraynaya müdaxiləsi Qərb üçün gözlənilməz olub, çünki Qərb Moskva barədə xülyalara dalıb.

Rusiyanın Ukraynaya səbəbsiz və əsassız tammiqyaslı müdaxiləsi başlanan andan üç Baltik ölkəsi – Latviya, Litva və Estoniya bu hücumu ən uca səslə pisləyən ilk ölkələr olub.

Bu da qeyd olunmalıdır ki, Latviya prezidenti Egils Levits başqa liderlərin Kiyevə səfər etməkdən çəkindikləri vaxt, ötən ilin aprelində Kiyevdə gecələyən yeganə dövlət başçısı idi.

O bunu ukraynalıların həmin vaxt mənəvi dəstəyə ehtiyacı olması ilə izah edir.

Putin üçün tribunal

67 yaşlı Levitsin fikrincə Rusiyanın Ukraynadakı hərbi cinayətlərinə görə beynəlxalq tribunal mümkün qədər tez qurulmalıdır.

Latviya prezidenti düşünür ki, beynəlxalq tribunalın qurulması üçün Rusiyanın müharibədə məğlub olmasını, Putinin şəxsən ora gətirilməsini gözləməyə ehtiyac yoxdur:

“Məsələn Yuqoslaviyadan olan bəzi canilər qiyabi mühakimə ediliblər. Burada da belə etmək olar. Ən mühüm məsələ şəxsin müttəhimlər kürsüsündə oturması deyil. Başlıcası bu müharibə, təcavüz maşınının necə hərəkətə gəlməsini, bunun necə mümkün olmasını hüquqi müstəvidə araşdırmaqdır. Başqa işlər, Ruanda, Syerra Leone işlərində də canilər zalda oturmamışdılar. Başlıcası ictimaiyyətə göstərməkdir ki, belə davranış məqbul deyil”.

Zelenski: "Rusiya Ukraynada məğlub olacaq"
Gözlə

No media source currently available

0:00 0:04:06 0:00

“Biz sizə demişdik” anı

Bir sıra şərhçilərin fikrincə Rusiyanın Ukraynaya hücumu Baltik ölkələrinə, habelə Polşaya – Qərbə “biz sizə demişdik axı” qınağını etmək imkanı verib.

Latviya prezidenti bu barədə deyib:

“Bu sadəlövhlük ona görə yaranıb ki, Qərb Soyuq müharibədən sonra Rusiyanın daxilində gedən proseslərə lazımi diqqət yetirməyib. Əgər onlar Rusiyada baş verənlərə daha diqqətlə baxsaydılar, bunu yaxşıca təhlil etsəydilər, onda əlbəttə onlar bu qənaətə gələrdilər ki, “demokratik Rusiya” arzu etməklə xülyaya qapılıblar. Məncə səbəb budur. Mən bunu səhlənkarlıq adlandırardım”.

Elə isə Qərb niyə bu xəbərdarlığa məhəl qoymayıb. Levits bu barədə deyir:

“Bəli biz onlara xəbərdarlıq edirdik. Amma buna inanmaq çox da rahat deyildi. Şirin xülyalara dalmaq, acı reallığı eşitməkdən daha rahat idi”.

Gürcüstan müharibəsi xəbərdarlıq idi

Levits-in fikrincə Gürcüstanda 2008-ci ildə baş vermiş müharibə də xəbərdarlıq idi:

“Əlbəttə təcavüz 2008-ci ildə Gürcüstanda başlamışdı. Baltik ölkələri buna dərhal reaksiya vermişdilər. Bizim prezidentlərimiz o vaxt Tbilisiyə getmişdilər. Çünki biz Rusiyanın hansısa ölkəyə hücum etməsinin nə olduğunu bilirdik. Amma Avropanın buna reaksiyası daha zəif oldu və rusları belə nəticəyə gəlməyə vadar etdi: “Hə, Qərb, Qərb ölkələri zəifdirlər. Odur ki, davam edə bilərik”. İkinci addım 2014-cü ildə Krımda atıldı. Onda da zəif reaksiya verildi. Bu isə nəhayət 2022-ci ilin tammiqyaslı hücumu ilə nəticələndi. Ona görə də biz, Qərb düzgün nəticə çıxarmalıyıq. Mən məmnunam ki, Qərb indi Rusiyanın xasiyyəti barədə həqiqətən də nəticə çıxarıb”.

NATO üzvlüyü müharibədən sonra

Ukraynanın Avropa İttifaqı və NATO üzvlüyü barədə suala cavab verən Levits deyib ki, bunların baş verməsi üçün Kiyev müəyyən islahatları aparmalıdır:

“Məsələn Latviyanın üzvlük prosesinə 7 il vaxt sərf olunub. Bu prosesi sürətləndirmək olar, amma bunu müharibə şəraitində etmək daha çətindir”.

Latviya prezidenti əlavə edib ki, Aİ üzvlərinin əksəriyyəti Ukraynanı blokun üzvü kimi görmək istərdi.

Levitsin fikrincə Ukraynanın mümkün NATO üzvlüyü məsələsi barədə söhbət müharibədən sonra təzələnməlidir.

Dövlət bağçasından imtina alan ukraynalı:"Bağça müdiri rus, ukraynalı qadınlarını azərbaycanlılarla müqayisə etdi"
Gözlə

No media source currently available

0:00 0:06:06 0:00

“Bu məsələdə neytrallıq təcavüzün tərəfində olmaq deməkdir”

Latviya prezidenti Moldova və Gürcüstanın Aİ üzvlüyü məsələsindən danışarkən deyib:

“Moldova hazırda Rusiyanın basqısı altındadır. Mən əminəm ki, Moldova hökuməti Aİ-yə üzv olmağı arzulayır, lazımi addımları atmaq istəyir. Amma Moldovaya dəstək lazımdır. Moldovanın böyük dəstəkçisi var. Bu Rumıniyadır və Rumıniya həqiqətən də Moldovaya çox kömək edir”.

Prezident deyib ki, Gürcüstan da islahatlar məsələsində tələsməlidir.

Levits hazırda Macarıstanın Ukrayna məsələsində tutduğu ikibaşlı mövqe barədə də fikrini bildirib:

“Bunun motivi neytral qalmaq arzusu da ola bilər. Amma ortalıqda aşkar təcavüzkarın və aşkar təcavüz qurbanının olduğu bir vaxtda neytrallıq mümkün deyil. Belə halda neytrallıq təcavüzkarın tərəfində olmaq kimidir”.

XS
SM
MD
LG