Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:59

Suriyada qaynı öldü, qayınanası ərə getdi, özü 9 il sonra həbs olundu...


Qardaş qardaşı polisə verdi ki, 'İŞİD-ə qoşulmasın'
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00

Qardaş qardaşı polisə verdi ki, 'İŞİD-ə qoşulmasın' (Video arxiv)

Bəxtiyar Şıxıyev hələ 10 il öncə həyat yoldaşı, qaynı və qayınanası ilə birlikdə Suriyaya gedib, orada "Cundul Şam" adlı qrupa qoşulub. Deyir ki, astma xəstəliyindən əziyyət çəkən qaynı orada vəfat edib, qayınanası Suriyada ərə gedib. Özü və həyat yoldaşı isə Suriyada doğulan övladını da götürüb Türkiyəyə gəliblər.

Bir müddət sonra həyat yoldaşı oradan da Azərbaycana qayıdıb və burada evə basqına görə həbs olunub. Özü də 9 il Türkiyədə yaşayandan sonra 2022-ci ildə Azərbaycana qayıdıb və vaxtilə Suriyada silahlı qruplaşmalara qoşulmağa görə həbs edilib. Həm ata, həm də ana həbsdə olduğundan onların 8-yaşlı oğlu babasının himayəsindədir.

"Saflığımdan istifadə edib Suriyaya apardılar"

33-yaşlı Şıxıyev 2022-ci ilin mayında həbs olunub. Ona CM-in n 283-1.3 (Azərbaycanın hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak məqsədi ilə yaradılan qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak) maddəsi ilə ittiham verilib. Şıxıyevin işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Cinayət işinin materiallarında iddia olunur ki, o, Suriyada xüsusi hazırlıq düşərgəsində təlimlər keçib, odlu silahlardan istifadə qaydalarını öyrənib, "Cundul Şam" adlı dəstənin tərkibində iştirak edib.

Məhkəmədə ifadə verən Şıxıyev danışıb ki, əslən Cəbrayıl rayonundandır, 2013-cü ildə Elxan adlı tanışı vasitəsilə Suriyaya gedib: "Deyirdi ki, "burada müsəlmanlara əziyyət verirlər, onları xilas etməliyik". Mənim saflığımdan istifadə edib Suriyaya apardılar. Əvvəl İstanbula, sonra Qaziantəpə, oradan Suriyaya getdik. Demişdilər ki, təlim keçəcəklər. Dekabr idi, hava şəraitinə görə keçmədik".

"Gördüm ki, vəziyyət deyildiyi kimi deyil"

Şıxıyevin sözlərinə görə, o, İŞİD-ə ("İslam Dövləti" terror qruplaşması) qoşulmayıb, əksinə, ona qarşı döyüşən "Cundul Şam"ın tərkibində olub. Deyir ki, özü heç vaxt döyüşməyib. Orada azərbaycanlıların çox olduğunu vurğulayan təqsirləndirilən şəxsin sözlərinə görə, bir müddət sonra Türkiyəyə qayıdıb.

"Ora gedəndən sonra gördüm ki, vəziyyət deyildiyi kimi deyil. Hamı özünə müsəlman deyir, amma bir-birini öldürür. Türkiyəyə qayıdandan sonra 2 il 7 ay həbsdə yatdım. Ümumilikdə 9 il Türkiyədə yaşadım. Azərbaycana qayıtmağa qorxurdum. Valideynlərim qocalırdı, fikirləşdim ki, nə olursa olsun, gəlim. 20-25 gün sonra DTX-dan çağırdılar...", – Şıxıyev ifadəsində bildirib.

Onun ittiham olunduğu CM-in 283-1.3 maddəsində 7 ildən 11 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG