Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:44

Çinlə Rusiyanın dezinformasiya əməkdaşlığı güclənib


Arxiv fotosu
Arxiv fotosu

Ukraynada Moskvanın başlatdığı müharibədən bir il keçir. Çin və Rusiya bu müddətdə informasiya məkanında bir-birinə daha çox yaxınlaşıblar. Onların dövlət mediası bir-birinin əsas tezislərini təkrarlayır ki, bu da Qərbi nüfuzdan salma strategiyasının bir hissəsidir. Bu barədə AzadlıqRadiosunun müxbiri Reyd Stendiş (Reid Standish) yeni hesabata istinadla yazır.

Almaniya Marşal Fondunun “Demokratiyanın Müdafiəsi Alyansı” bir illik tədqiqat nəticəsində belə bir qənaətə gəlib ki, Moskva 2022-ci ilin fevralında Ukraynan işğal etməyə başlayandan Çin rəsmiləri və mediası mesajlarında “Kremlə daha böyük ritorik dəstək” bildiriblər. Halbuki Pekin özünü münaqişədə neytral göstərməyə çalışıb.

“Çin müharibə başlayandan rusiyaynlü tezisləri təkrarlayıb, eyni zamanda Rusiyanın hərbi cinayətlərindən az danışıb, Rusiyanın səslərinə önəm verib”, – alyansın təhlilçisi, hesabatın müəlliflərindən olan Etiyen Sula (Etienne Soula) AzadlıqRadiosuna deyib.

Çin, arxiv fotosu
Çin, arxiv fotosu

Müharibəyə “işğal” demir

Fevralın 24-də dərc olunmuş hesabatda vurğulanır ki, “Çinin Qərbin nüfuzunu sarsıtmaq üçün özünün qlobal nüfuz şəbəkəsindən istifadə bacarığı” ona Qlobal Cənubda (cənub yarımkürəsi, “üçüncü dünya”) qoşulmayan ölkələr arasında fikir formalaşdırmaqda üstün mövqeyə çıxarır.

“Qərb demokratiyalarını və onların müttəfiqlərini zəiflətmək naminə Çin həm də Qlobal Cənuba müraciət etməklə bu ölkələri təcrid etməyə çalışıb. Ukraynadakı müharibə kontekstində Çinin mesajlarında təkidlə qeyd edilib ki, Ukraynaya dəstək verən ölkələr dünyanın qalan hissəsinə qarşı riyakar və laqeyd mövqe tuturlar”, – hesabatda vurğulanır.

Çinin sərt nəzarət altında olan mediası müharibəyə işğal demir, Kremlin terminologiyası ilə “xüsusi hərbi əməliyyat” ifadəsindən istifadə edir. Çinin media orqanları Rusiyanın dövlət kanallarının dezinformasiya və konspirologiya nəzəriyyələrini yayır. İddia edirlər ki, ABŞ-nin Ukraynada bioloji silah laboratoriyaları var, Rusiya qüvvələrinin Buçada dinc sakinləri öldürməsi xəbərləri yalandır, Ukrayna Prezidenti Volodimir Zelenskini ABŞ milyarderi Corc Soros (George Soros) idarə edir və sairə.

Sosial media tezisləri

Hesabatın təhlilinə görə, bu mövqe sosial media kanallarında da yayılıb.

2022-ci il fevralın 24-dən 2023-cü il yanvarın 23-dək Çinin Twitter-dəki diplomatik və dövlətə bağlı media hesablarında Rusiyanın Xarici işlər naziri Sergey Lavrovdan ukraynalı həmkarı Dmitro Kulebaya nisbətən “üç dəfə çox” sitat gətirilib. Rusiya Prezidenti Vladimir Putinin adı isə Zelenskidən səkkiz dəfə çox çəkilib.

Rusiyanın narrativini əks etdirən Çin mediası fürsətdən istifadə edərək Pekinin ABŞ-nin xarici siyasətinə dair çoxdankı tezislərini də təkrarlayıb.

Müharibənin ilk ilində Çinin Twitter-dəki diplomatik və dövlətə bağlı media hesablarında “müharibə”dən danışanda Birləşmiş Ştatların adı Rusiyadan iki dəfə çox çəkilib, NATO daha artıq fokusda olub. Halbuki NATO “müharibədən öncə Çinin media hücumlarına adətən məruz qalmırdı”.

“Demokratiyanın Müdafiəsi Alyansı”nın hesablamasına görə, 2021-ci ildə Çinin dövlət mediası tvitlərində “NATO”nu 1200 tvitdə yada salıb, alyansın “genişlənməsi”ndən 52 tvitdə danışılıb. Ancaq Rusiyanın işğalı başlayandan həm “NATO”, həm də “genişlənmə” sözlərindən istifadə uyğun olaraq 540 və 1700 faiz artıb.

Tayvan müqayisəsi

Son bir ildə dövriyyəsi artan mövzulardan biri də Tayvanla bağlıdır. Di gəl, bu məsələdə Çinin informasiya məkanında Rusiya ilə oxşarlıqdan çəkindiyi də görünür.

Pekin özünü idarə edən adanı öz ərazisi sayır, azı 500 dəfə Tayvanın adı Ukrayna ilə bir tvitdə çəkilib. Hesabatda qeyd olunur ki, həmin məlumatların çoxunda Çin rəsmiləri və mediası iki məsələ arasında müqayisə aparmamağa çalışıb. Tayvanı öz ərazisi sayan Çin özünün “suverenliyi və ərazi bütövlüyünə” sayqı tələb edir və ölkələri Taypey ilə müstəqil ölkə kimi davranmalı olmadığını deyir.

“Çinin Rusiyaya dəstəyi birmənalı deyil. Heç nədən asılı olmayaraq, Çinin maraqları qırmızı xətt təşkil edir”, – Sula deyir.

Propaqandanın bəhrəsi

Çin və Rusiya son on ildə Afrika, Latın Amerikası, Yaxın Şərq və Asiyada yeni auditoriya cəlbinə böyük investisiya qoyublar, buna milyardlar xərclədikləri deyilir.

Qlobal Cənubda bu narrativlər deyəsən toxumlarını səpə bilib. Avropa Xarici Əlaqələr Şurasının fevralın sonunda açıqladığı rəy sorğusunda deyilirdi ki, Qərb ölkələrinin əksəriyyəti Ukraynaya dəstək verdiyi halda, cənub yarımkürəsində müharibəyə dəstək nisbətən azdır, Moskvaya rəğbət böyükdür, Qərb liderlərinin motivlərinə şübhələr var.

Sulanın sözlərinə görə, bu o deməkdir ki, Pekinlə Moskvanın əməkdaşlığı tərəflərin bütün məsələlərdə eyni mövqe tutmamasına baxmayaraq, davam edəcək.

“İnformasiya məkanı asan hədəfdir. Heç kəs demir ki, Rusiyaya dəstəyə görə Çinə sanksiyalar qoyacaq. Bu, Rusiyanı xoşbəxt edir, Pekinin daha geniş maraqlarına xidmət edir, Afrika kimi ölkələrdə Qərbin nüfuz itkisini sürətləndirir və burada yalnız Çin Qərb ölkələrinin yaratdığı boşluğu doldura bilər”, – Sula vurğulayır.

XS
SM
MD
LG