Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:31

ABŞ və Rusiya müdafiə nazirləri danışıblar


Pentaqonun rəhbəri Lloyd Ostin və Rusiyanın müdafiə naziri Sergey Şoyqu
Pentaqonun rəhbəri Lloyd Ostin və Rusiyanın müdafiə naziri Sergey Şoyqu

Pentaqonun rəhbəri Lloyd Ostinlə Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında telefon söhbəti olub.

Martın 15-də ABŞ-ın təşəbbüsü ilə keçirilən bu telefon danışığında Rusiya qırıcısı ilə Amerika dronunun Qara dəniz üzərində toqquşması müzakirə edilib.

Rusiya Müdafiə Nasirliyinin bu söhbət barədə rəsmi məlumatına görə Şoyqu deyib ki, insidentə “ABŞ-ın Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatla (Moskva Ukraynaya qarşı tammiqyaslı təcavüzünü belə adlandırır) bağlı elan etdiyi məhdud uçuş zonası rejimini pozmasına, habelə Rusiyanın maraqlarına qarşı kəşfiyyat fəaliyyətinin artmasına görə” baş verib.

Bundan başqa Şoyqu deyib ki, ABŞ dronlarının Krım yaxınlığında keçirdiyi uçuşlar “təxribat” xarakteri daşıyır və vəziyyətin eskalasiyası üçün şərait yaradır.

Pentaqon xəbərdarlıq edib ki...

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə Ostin bunların cavabında deyib ki, insidentin səbəbi Rusiya pilotlarının “beynəlxalq hava məkanında qeyri-məqbul və qeyri-peşəkar hərəkətləridir”.

Ostin bir daha xatırladıb ki, Vaşinqton dünyanın əksər ölkələri kimi Krımın ilhaqını tanımır və yarımadanı Ukraynanın ərazisi hesab edir.

ABŞ müdafiə naziri Şoyquya xəbərdarlıq edib ki, Birləşmiş Ştatların təyyarə və dronları beynəlxalq hava məkanında beynəlxalq qanuna uyğun şəkildə uçuşlarını davam etdirəcək.

Martın 14-də ABŞ hökuməti ona məxsus dronun Qara dəniz üzərində Rusiyanın Su-27 qırıcısı ilə toqquşduğunu, nəticədə MQ-9 Reaper dronunun dənizə düşdüyünü xəbər vermişdi.

ABŞ bildirirdi ki, dron beynəlxalq hava məkanında uçuş tapşırığını yerinə yetirirdi.

ABŞ dronun yaddaşını dərhal silib

Pentaqonun versiyalarından birinə görə Rusiya qırıcısı təhlükəli manevr edərkən dronun pərinə toxunub və bundan sonra ABŞ hərbi hava qüvvələri dronu vuraraq salmalı olub.

Rusiya tərəfi Su-27 ilə dron arasında hər hansı fiziki toxunmanın olduğunu inkar edir.

ABŞ rəsmiləri isə bildirirlər ki, belə bir toqquşma baş verib və ola bilsin, Rusiya qırıcısı da zədələnib.

Lakin ABŞ rəsmiləri Rusiya qırıcısının drona bilərəkdən toxunmadığını düşünürlər.

Bu da xəbər verilir ki, ABŞ insidentdən dərhal sonra məsafədən əlaqə ilə dronun yaddaşındakı məlumatı silib.

Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev demişdi ki, Rusiya tərəfi sözü gedən dronun dənizin dibindən çıxarılmasına çalışacaq.

Patruşev deyib ki, bu dronun uçuşları ABŞ-ın Ukraynadakı hərbi əməliyyatlarda birbaşa iştirakını sübuta yetirib.

Türkiyə ilə məsləhətləşmə

Lakin ABŞ Silahlı Qüvvələri Baş Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri general Mark Milli dronun dənizin dibindən çıxarılmasının az qala mümkün olmadığını deyib:

"Dron ehtimal ki, böyük dərinliyə düşüb və onun qırıntılarının çıxarılması texniki baxımdan çox mürəkkəb olardı”.

O xəbərdarlıq edib ki, ABŞ qırıntıların səpələndiyi dəniz dibi sahəsinin ölçüsünü yalnız bir neçə gündən sonra müəyyən edə biləcək.

Bu qırıntıların 1219-1524 metr dərinliyə düşdüyü təxmin edilir.

Buna baxmayaraq Türkiyənin müdafiə naziri Hulusi Akar Türkiyə boğazlarının ABŞ dəniz donanmasının gəmiləri üçün açılacağına dair xəbərləri şərh edib.

Xəbərlərdə deyilirdi ki, ABŞ gəmiləri Qara dənizə sözü gedən dronun qırıntılarının dəniz dibindən çıxarılması üçün gətirilə bilər.

Akar bu barədə suallara yığcam cavab verib və bildirib ki, bununla əlaqədar bütün məsələlər Türkiyə və ABŞ-ın hərbi strukturları arasında müzakirə olunur:

“Biz bu məsələni diqqətlə izləyirik. Müxtəlif təmaslar var. ABŞ-dan olan partnyorlarımızla məntiqi həll tapmağa çalışırıq”.

Leopard 1 tankları anqarda
Leopard 1 tankları anqarda

“Rusiyanın təkcə sursatı yox, dostları da tükənir”

Martın 15-də habelə Ukraynaya hərbi dəstək üzrə beynəlxalq kontakt qrupunun Ramştayn çərçivəsində 10-cu görüşü başa çatıb.

Görüş videokonfrans formatında keçirilirdi.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin bu görüşü yekunlaşdırarkən deyib:

"Biz görürük ki, Rusiyanın təkcə silah-sursatı yox, dostları da tükənir. Amma anti-Putin koalisiyası genişlənir. Ukraynanın müdafiəsi üzrə bizim kontakt qrupumuz Ukraynaya lazım olduğu qədər dəstək verməkdə davam edəcək”.

Nazir bildirib ki, İsveç Ukryanaya 10 tank, Norveç isə ABŞ-la birlikdə NASAMS hava hücumundan müdafiə sistemləri verəcək.

Ostinin sözlərinə görə Niderland və Sloveniya da Ukraynanın hərbi ehtiyaclarının təmin olunması üçün lazım olanı edəcəklər.

Pentaqonun rəhbəri bunu da bildirib ki, hazırda 9 ölkə ümumilikdə Ukraynaya 150-dən çox Leopard tankları verəcəyini vəd edib:

“Biz hazırda Ukraynanın azadlıq uğrunda mübarizəsinin həlledici anındayıq. Bütün bunlar bizim sarsılmaz qətiyyət və birliyimizi göstərir”.

XS
SM
MD
LG