Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:29

Moskva Yerevanı ‘ziyanlı diskussiyanı’ dayandırmağa çağırır


Mixail Qaluzin
Mixail Qaluzin

Moskva Yerevanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) digər üzvləri ilə qarşılıqlı münasibətlərinə dair “ziyanlı diskussiyanın” dayandırılmasını və bununla bağlı bütün problemlərin konstruktiv həllini istəyir.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, bunu martın 29-da Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Ermənistanın baş naziri Nikol Paşinyanın “Ermənistan KTMT-dən yox, bəlkə də KTMT Ermənistandan çıxır” bəyanatını şərh edərkən Qaluzin deyib:

“Ümid edirik ki, kimin hardan çıxmasına dair ziyanlı diskussiyalara son qoyulacaq və təşkilatın Ermənistan ərazisində missiyasının yerləşdirilməsi də daxil Yerevanın KTMT çərçivəsində qarşılıqlı münasibətlərinə dair məsələlər konstruktiv və qarşılıqlı faydalı axarda həll olunacaq”.

Rusiya xarici işlər nazirinin müavini Moskvanın Ermənistanın təhlükəsizliyinin təminatı məqsədilə Azərbaycan-Ermənistan sərhədində KTMT missiyasının yerləşdirilməsi planlarının, habelə KTMT-nin respublikaya köməyinə dair təşkilat şurasının qərarında nəzərdə tutulmuş başqa tədbirlərin həyata keçirilməsinə hazır olduğunu bir daha təsdiq edib.

Qaluzin RTVI telekanalına müsahibəsində deyib:

“Biz bu işə Ermənistanın hazır olduğu qədər hazırlıq”.

Yerevanın incikliyi

Yerevan KTMT şurasının Ermənistana köməyə dair bəyannaməsini imzalamayıb.

Ermənistan KTMT-nin Yerevan sammitində hazırlanmış bu bəyannaməsində “Azərbaycan təcavüzünün” pislənməsini tələb edirdi.

Lakin KTMT-yə daxil ölkələrin başçıları Bakının rəsmən pislənməsinin bu sənəddə yer almasına qarşı idilər.

Bunun ardınca Ermənistan KTMT ilə bağlı bir sıra radikal addımlar atıb. Yerevan təşkilatın Ermənistanda keçirilməsi nəzərdə tutulan manevrlərində iştirakdan və KTMT-də sədrin müavini postundan imtina edib.

Ermənistan habelə Rusiyanın istəklərinə rəğmən ölkəyə Avropa İttifaqı müşahidəçilərinin missiyasını dəvət edib.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG