Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:05

ABŞ dünyada demokratiyaya 9.5 milyard dollar ayırır


Volodimir Zelenski (solda) sammitdə onlayn çıxış zamanı. Sağda Co Bayden
Volodimir Zelenski (solda) sammitdə onlayn çıxış zamanı. Sağda Co Bayden

Birləşmiş Ştatlar 2022-2024-cü illərdə dünyada demokratiya və insan haqlarına dəstək məqsədilə 9.5 milyard dollar ayıracaq. Bu haqda Ağ evin saytında bəyanat yerləşdirilib.

“2022, 2023 və 2024-cü maliyyə illərində Birləşmiş Ştatlar bütün dünyada demokratiya, insan haqları və daha səmərəli dövlət idarəçiliyinə 9.5 milyard dollara yaxın investisiya qoyub, yaxud ayırmağı planlaşdırır”, – bəyanatda vurğulanır.

“Dönüş nöqtəsi”

Bundan başqa ABŞ dünyada demokratiya, media və azad seçkilərə dəstək məqsədilə 690 milyon dollar ayrılacağını elan edib. Bu açıqlamanı Prezident Co Bayden (Joe Biden) “Demokratiya sammiti”ndə verib.

O həmçinin demokratiyanın qlobal miqyasda genişlənməsi ilə əlaqədar yeni tarixdə “dönüş nöqtəsi”ndən danışıb. Bayden vurğulayıb ki, demokratik ölkələr avtoritarlarla müqayisədə “zəifləmirlər, daha da güclənirlər”.

Bir sıra qeyri-hökumət təşkilatları, o cümlədən Freedom House, yaxud İsveçin V-Dem qurumu isə dünyada avtoritarizmin yüksəldiyini, demokratik ölkələrin sayının azaldığını bildirir. Sammitdə çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş müxtəlif ölkələrdə media orqanları və hüquq müdafiəçilərin qarşı məhdudiyyətlərin çoxaldığını vurğulayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski sammitdə onlayn çıxışında deyib ki, onun ölkəsi hazırda Rusiyaya qarşı dayanmaqla demokratiya uğrunda mübarizənin ön xəttindədir.

Narazılar

Demokratiya Sammiti martın 28-də başlanıb, 30-dək davam edir. Liderləri tədbirə dəvət alan 121 ölkənin heç də hamısı “Freedom House” təşkialtının dəyərləndirməsinə görə demokratik sayılmır.

Azərbaycan da bu sammitə dəvət olunmayıb.

Əsasən onlayn rejimdə keçirilən sammitdə Rusiyanın Ukraynada apardığı müharibə, korrupsiya ilə mübarizə, demokratiyanın irəli aparılması uğrunda əməkdaşlıq, qadınların vəziyyəti və digər problemlər müzakirə olunur.

İlk belə sammit 2021-ci ildə keçirilib.

Sammitə çağrılmayan Moskva və Pekin onu sərt tənqid edib, ikiüzlü adlandırıblar. “Heç nəyə baxmadan əvvəlki kimi, demokratiya adlandırılan məsələlər üzrə ümumdünya müəllimi roluna iddia edən Amerika artıq ikinci dəfədir bir çox ölkələri şagird qismində yığaraq onlara dəyər öyrətməklə məşğul olur”, – Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev isə iddia edib ki, ABŞ-ı süqut gözləyir.

XS
SM
MD
LG