Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:42

'Rəsulzadənin adı yazılan daşı saxlayıb binanı Heydər Əliyevin şəkilləri ilə bəzəyiblər'


BDU
BDU

"Qarşıdan dahi liderimiz Heydər Əliyevin 100 illik yubileyi gəlir, bununla bağlı tədbirlər, konsertlər keçirilir. Heydər Əliyev mühazirələrində mən də iştirak edirəm", – bu sözləri AzadlıqRadiosuna tələbə Elmir Heydərli deyib.

Bu il hazırkı prezident İlham Əliyevin atası Heydər Əliyevin doğumunun 100 ili tamam olur deyə, 2023-cü il "Heydər Əliyev İli" elan edilib. 2003-cü ildə vəfat edən H.Əliyev 1993-cü ildən ölümünə qədər Azərbaycan prezidenti olub.

Artıq universitetlərin 70 faizində "Heydər Əliyev İli" ilə bağlı tədbirlər start götürüb. Məsələn, Azərbaycan Dövlət Pedaqoji Universitetində "Heydər Əliyev dərsləri"nə başlanılıb və ilin sonunadək bütün fakültələrdə tədrisi nəzərdə tutulub. Eləcə də digər universitetdə keçmiş prezidentə həsr olunan mühazirələrə, seminarlara, müxtəlif tədbirlərə tələbələr cəlb edilir.

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin birinci kurs tələbəsi olan Heydərli bu il universitetdə 20-dən çox belə tədbirin əksəriyyətinə qatıldığını deyir.

Təbliğatın universitetə gedən halı

Bakı Slavyan Universitetinin keçmiş rektoru, korrupsiyada adı hallanan Nurlana Əliyeva aprelin 3-də məhkəmə iclasında 2016-cı ildə bu vəzifəyə təyin olunduğu vaxtı yada salıb. Onun sözlərinə görə, həmin vaxt prezident onu yanına çağıraraq deyib ki, universitetdə ideoloji vəziyyət ağırdır.

"Mən gələndən sonra inkişaf başladı. Mən rektor təyin olunandan sonra YAP-a üzv olanların sayı kəskin şəkildə artdı", – o bildirib.

Azərbaycanın ali təhsil müəssisələrində hazırkı hakimiyyətin təbliğatının aparılması, tələbə və müəllimlərin bu təbliğata könüllü, yaxud məcburi şəkildə alət edilməsi halları yeni deyil. Tələbələrin belə tədbirlərdə iştirakı haqda məlumatlar elə universitetlərin rəsmi saytlarında tez-tez paylaşılır. Anım günlərində universitet heyətinin kütləvi şəkildə qəbirüstü ziyarətlərini, müxtəlif yürüşlərə qatılmasını göstərən fotolar da yayılır.

Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultaylarına bəzi universitetlərin rektorları qatılırlar. Universitet müəllimlərinin əksəriyyəti YAP üzvüdür. AzadlıqRadiosu azı 10 universitet müəllimindən partiya mənsubluğunu soruşub, onlardan yalnız birinin hakim partiyanın üzvü olmadığı bilinib.

'Bir gənc niyə Mehriban Əliyevanın könüllüsü olsun ki?'
Gözlə

No media source currently available

0:00 0:10:20 0:00

"Müəllimlərim deyir ki, bunlar mənə iş tapanda kömək olacaq"

Bakı Slavyan Universitetinin 4-cü kurs tələbəsi AzadlıqRadiosuna danışır ki, hakim partiyanın təbliğatının fəal iştirakçısı olmaq gələcəkdə iş imkanlarına işıq tutur. O, hələ 1-ci kursda müəllimlərin onlarla bu yöndə mütəmadi söhbətlər apardığını yada salır: "3-cü kursda qrupumuzda 25 tələbənin 17-si YAP üzvü idi. Mən də müxtəlif könüllü proqramlarına qoşuldum, əlamətdar günlərdə yürüşlər təşkil edirdim. Heydər Əliyevin hər anım və doğum günündə tələbələrlə ulu öndəri ziyarət etdik. Cənab prezidentin (İlham Əliyevin) dəmir yumruğu ətrafında birləşdik, müharibə dönəmində sosial şəbəkələrdə paylaşım etmək tapşırıldı, onu da etdik. Müəllimlərim deyir ki, bunlar mənə iş tapanda kömək olacaq. Hələ ki bu istiqamətdə xeyrini görməsəm də, inanıram ki, məzun olandan sonra iş tapanda bu xidmətlərim nəzərə alınacaq".

Facebook sosial şəbəkəsi 2020-ci ilin oktyabrında da elan etmişdi ki, YAP-a bağlı 8 mindən çox Facebook və Instagram hesabını silib. Onların sosial şəbəkənin koordinasiyalı saxta davranışa qarşı siyasətini pozduğu bildirilib. Ancaq YAP bu deyilənləri təkzib edib.

"Gah heykələ baş əydirirlər"

Ancaq hakim partiyanın ali təhsil ocaqlarında təbliğatından narazılar da var. Bakı Dövlət Universitetində oxuyan tələbə AzadlıqRadiosuna deyir ki, təhsil ilə əlaqəsi olmayan tədbirlərdə iştiraka etiraz edir, lakin onların bu narazılığı cavabsız qalır. Onun sözlərinə görə, universitetdəki həmkarlar ittifaqı, gənclər təşkilatı, könüllü birləşmələr rəhbərliyin, ölkə başçısının təbliğatı ilə məşğul olur: "Gah heykələ baş əydirirlər, gah da tərifnamə paylaşmaq tapşırılır. Laçına könüllü adı ilə tələbələr cəlb ediləndə etirazımı bildirdim, az qala töhmət alırdım. (bir qrup azərbaycanlı fəal ötən ilin dekabrından Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizində etiraz aksiyası keçirir – red.) Tələbə olduğumuz müddətdə ağzımızı açmağa da imkan vermirlər, heç bir məmur yaxınımız olmadığı üçün də məcbur susuruq. İzah edə bilmirik ki, təhsil ocağı tələbə yetişdirmək üçündür, yaltaq yox".

21-yaşlı tələbənin sözlərinə görə, vaxtı ikən ölkədə bəzi etiraz aksiyalarında iştirak etmək istəsə də, məhz universitet rəhbərliyindən çəkinərək fikrindən daşınıb. Onun sözlərinə görə, universitetdə siyasi təbliğat da yalnız bir istiqamətdə aparılır: "(Məmməd Əmin) Rəsulzadənin adı yazılan daşı həyətdə saxlayıb binanın içini addımbaşı Heydər Əliyevin şəkilləri ilə bəzəyiblər. Tələbənin beynini, gözünü yummaq üçün hər şeyi edirlər. Tarix dərslərində ölkə qurucusu kimi Heydər Əliyev göstərilir, Rəsulzadənin adı çəkilmir. Məktəbdə başlayan təbliğat universitetdə də böyüyür".

"Gənclər evi"lərinə gənclərin yolu nə zaman düşür?
Gözlə

No media source currently available

0:00 0:05:21 0:00

Rəsulzadənin özünün əsasını qoyduğu BDU-dan büstü 1999-cu ildə götürülüb. "Burada Azərbaycan xalqının böyük mütəfəkkiri, Azərbaycan Demokratik Respublikasının banisi Məmməd Əmin Rəsulzadənin büstü qoyulacaqdır" yazılan mərmər lövhə isə illərdir universitetin həyətində qalmaqdadır.

Bir qrup müstəqil tələbənin təsis etdiyi Tələbə Güc Mərkəzinin sədri Fərid İmanov AzadlıqRadiosuna deyir ki, xüsusən də anım və ad günü kimi tədbirlərə tələbələr məcburən aparılır. Buna qarşı müqavimət göstərənlər imtahanda kəsilmək və qovulmaqla da təhdid edilir: "Bu təhdid və təqiblər imtiyaz verdikləri YAP, Tələbə Gənclər Təşkilatı (TGT), Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) üzvləri vasitəsilə edirlər. Həmin təşkilatlara üzv olanlara da güzəştlər tətbiq edilir. Qaib yazılmır, qiymətlər verilir və digər güzəştlər edilir... Qanunla universitet daxilində siyasi təbliğatın qadağan olduğu bir ölkədə ali təhsil ocaqlarında YAP-ın rəsmi şöbələri fəaliyyət göstərir".

BSU-nun önündə tələbələr ilə söhbətdən məlum oldu ki, YAP-a üzv olanlar arasında da bu təbliğatdan narazılar var. Bir neçə tələbə məzun olan kimi üzvlüyünü ləğv etdirəcəyini, bəziləri vaxtı ikən geniş vüsət alan təbliğata qoşulmaq istəməsə də, məcbur edildiyini söyləyirlər.

Universitetlərdə ayrıseçkilik, yoxsa..

AzadlıqRadiosu universitet müəllimlərindən YAP-a məcburi üzvlük iddialarına rəy almağa çalışıb. Müəllimlər siyasi mövzularda sualları cavablamaq üçün rəhbərlikdən icazə almaq lazım olduğunu deyiblər.

Dövlət universitetlərinin mətbuat xidmətləri isə tələbə və müəllimlər arasında ayrıseçkilik aparılmadığını bildirir, söz və fikir azadlığının pozulduğunu qət şəkildə inkar edirlər. Lakin indiyədək ictimai-siyasi fəallar arasında siyasi ideologiyasına görə problemlə üzləşdiyini deyənlər olur. Gənc fəal Qiyas İbrahimov sabiq prezident Heydər Əliyevin Bakıdakı heykəlinə "Rədd olsun sistem!" və "Qul bayramınız mübarək!" şüarları yazdıqdan bir müddət sonra həbs edilmiş və universitetdən çıxarılmışdı. Sonralar onun təhsilini davam etdirmək cəhdi uğursuzluqla nəticələnmişdi. Müsavat üzvü, Lənkəran Dövlət Universitetinin müəllimi Yadigar Sadıqlı həmin təhsil müəssisəsindən müxalif fəaliyyətinə görə uzaqlaşdırıldığını bildirib.

R.Quliyev
R.Quliyev

Deputatdan təklif

Universitetdə müəllim işləyəndə Kommunist Partiyasına üzv olduğunu, hazırda isə müstəqil deputat kimi fəaliyyət göstərdiyini deyən deputat Rüfət Quliyev tələbələrə və müəllimlərin siyasi düşüncə seçimlərində azad olduqlarını vurğulayır. Deputatın fikrincə, bu azadlıq fonunda YAP üzvlərinin artması etibar göstəricisidir: "Müstəqil deputat olsam da, hakim partiyanı dəstəkləyirəm. Onun fəlsəfəsini tələbələrə izah edirəm. Cavanlar bilməlidir ki, ölkədə iqtisadi artım, siyasi plüralizm var, heç kim onları məcbur etmir ki, bu və ya digər partiyaya üzv olsunlar. Bu, könüllüdür. Təbii ki, təbliğat və təşviqat gedir. O biri partiyalar da öz ideyalarını təbliğ edirlər, Azərbaycanda kifayət qədər siyasi plüralizm var".

Deputat AzadlıqRadiosuna deyir ki, universitetlərdə dövlətçilik maraqlarına xidmət edən dərslərin sayı artırılmalı, ictimai fənlər vasitəsilə Azərbaycan dövlətçiliyi təbliğ edilməlidir. O, "Heydər Əliyev İli" ilə əlaqədar dərslərin, ona həsr olunan tədbirlərin çoxaldılmasını da təklif edir.

Ə.Kərimli
Ə.Kərimli

Totalitar idarəetmə ənənəsi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli isə universitetlərdə YAP-a üzvlərin cəlb olunması fonunda başqa siyasi təşkilat təmsilçilərinin daimi təzyiqlərə məruz qalmasını "totalitar idarəetmə ənənəsi" adlandırır.

"Müəllim və tələbələri YAP-ın inzibati nəzarətinə götürmək üçün kütləvi şəkildə partiyaya üzv edirlər. Bu da nəticədə bütün heyətin nəzarətdə saxlanmasına gətirib çıxarır. Universitetlərdə elə bir repressiv şərait qurublar ki, cəbhəçi gənclər öz partiya mənsubiyyətini gizlətmək məcburiyyətindədir. Onlar siyasi fəaliyyəti, aksiyalarda iştirak etmələri bilinəndə təzyiqlərə məruz qalırlar", – deyən AXCP sədri əlavə edir ki, ötən illərdə müxaliflərin, siyasi fəalların ideologiyalarına görə universitetlərdən qovulması halları olub.

Kərimli qeyd edir ki, qanuna uyğun olaraq AXCP-nin universitetdə özəkləri yoxdur, ancaq YAP-ın rəsmi özəklərinin mövcudluğu qanunaziddir.

Qanunvericilik nə deyir

"Təhsil haqqında" Qanunun 14.9-cu maddəsinə görə, təhsil ocağında, təhsili idarəetmə və digər təhsil orqanlarında siyasi partiyaların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir. Həmin qanunun 32.4-cü maddəsinə görə, təhsil alanların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə yol verilmir.

Hüquqşünas Fariz Namazlı deyir ki, "Siyasi partiyalar haqqında" Qanunun 12.1.2 maddəsi partiyalara öz ideyalarını və proqramını təbliğ etməyə icazə verir və burada istisna hallar nəzərdə tutulmur: "Ancaq həmin maddədə "istənilən yerdə", "yerindən asılı olmayaraq" və s. ifadələri işlədilmədiyinə görə digər qanunlarda nəzərdə tutulan hallar bu sərbəstliyi məhdudlaşdıra bilər. Eyni zamanda, qanunun 4.5-ci maddəsində siyasi partiyaların fəaliyyətinin qadağan olduğu yerlər göstərilib. Həmin siyahıda təhsil müəssisələri də yer alır".

Hansı ölkənin siyasi partiyalar haqqında qanunu daha demokratikdir?
Gözlə

No media source currently available

0:00 0:04:11 0:00

Hüquqşünas Sübhan Həsənlinin sözlərinə görə isə, Konstitusiya vətəndaşların məcburi şəkildə partiyaya üzvlüyünü qadağan etsə də, siyasi partiyalar haqqında yeni qanunda məsələ fərqli şəkildə öz əksini tapıb: "Siyasi partiyalar haqqında yeni qəbul edilmiş qanunda da göstərilib ki, dövlət qeydiyyatından keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Yəni ki, universitetlərdə və digər yerlərdə əgər hansısa bir partiya təbliğatla məşğul olursa, bu, digərləri üçün də keçərli olmalıdır. Onlara da şərait, imkan yaradılmalıdır. Qanunvericilik birtərəfli təbliğatı, yaxud da məcburi üzvlüyü qadağan edir".

Həsənli deyir ki, bir şəxsin məcburi şəkildə təhsil hüququndan məhrum edilərək tədbirə aparılması yolverilməzdir. Digər tərəfdən, Avropa İnsan Hüquqlar Konvensiyasının 14-cü maddəsi də ayrıseçkliyin bütün formalarını qadağan edir: "Əgər universitetlərdə müxalif tələbələrə ayrıseçkilik varsa, təkcə yerli yox, həm də Avropa İnsan Hüquqları Məhkəməsi səviyyəsində öz hüquqlarını müdafiə edə bilərlər".

2022-2023-cü tədris ilində Azərbaycanın 54 ali təhsil ocağında 187 min, orta ixtisas təhsili müəssisələrində 50 minə yaxın tələbə oxuyur.

XS
SM
MD
LG