Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:45

Deputat: 'Aprelin 11-dəki hadisələrin arxasında Moskva dayanır'


Müstəqil olsa da, sərhədləri hələ də suallı qalan keçmiş sovet ölkələri
Gözlə

No media source currently available

0:00 0:04:40 0:00

Müstəqil olsa da, sərhədləri hələ də suallı qalan keçmiş sovet ölkələri

Azərbaycan və Ermənistanın sülh danışıqlarının növbəti raundunun Rusiyada keçirilməsinə razılıq verdikləri bildirilir. Bu barədə aprelin 12-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova danışıb. Bundan əvvəl isə belə bir görüşün ABŞ-da olacağı gözlənirdi.

Amma bu ərəfədə (aprelin 11-də) Ermənistan-Azərbaycan sərhədində vəziyyət yenidən gərginləşdi. Hər iki tərəfdən üst-üstə yeddi hərbçinin həlak olduğu açıqlandı, buna görə tərəflər bir-birlərini günahlandırdılar və ardınca Zaxarovadan Moskva görüşü açıqlaması gəldi.

V.Əhmədov
V.Əhmədov

"Vaşinqtonda görüşməli idilər"

Hələlik, Zaxarovanın açıqlamasına Azərbaycan Xarici İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb. Amma Milli Məclisin deputatı Vahid Əhmədov mövzu ilə bağlı "Turan"a açıqlamasında Moskva danışıqlarını qəbul etmədiyini bildirib.

Deputat hesab edir ki, axır-əvvəl Azərbaycan-Ermənistan arasında məsələ məhz Brüsseldə həll olunacaq: "Aprelin 11-də baş vermiş hadisələrin arxasında Moskva dayanır".

Əhmədovun fikrincə, əsas da ona görə ki, baş nazir Nikol Paşinyan ilə prezident İlham Əliyev Vaşinqtonda görüşməli idilər: "Yəni, bu görüş olmasın".

Onun sözlərinə görə, sərhəddə son təxribat Paşinyanın öz təşəbbüsü deyil: "Çünki Paşinyan bu yaxında deyib ki, biz vaxtında ən böyük səhvi o vaxt etmişik ki, Qarabağın Azərbaycan ərazisinin olduğunu əhaliyə çatdırmamışıq. Bu, çox ciddi mesaj idi və bu mesaj göstərir ki, Paşinyanın imkanı olsa, elə bu dəqiqə sülh sazişinə qol çəkər".

Nikol Paşinyanın "səhv" dediyi...

Amma AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə isə, Ermənistan baş naziri Nikol Paşinyan aprelin 12-də bir az fərqli, Qarabağ məsələsi ilə bağlı Madrid prinsiplərinə toxunaraq özünün və komandasının “ən böyük səhvi”ndən danışıb.

Parlamentdə keçirilən hökumət saatında Paşinyana Qarabağ və onun “müstəqillik uğrunda mübarizəsi” barədə də suallar verilib. Baş nazir bu kimi suallara cavabında deyib:

“Məncə bu məsələ iki hissədən ibarətdir: Madrid prinsiplərindən əvvəl və sonra. Bu prinsiplərə qədər erməni tərəflərinin mövqeyi belə idi ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayıb və SSRİ-nin çökməsi kontekstində öz müqəddəratını təyinetmə hüququnu reallaşdırıb və SSRİ-nin başqa subyektləri kimi Qarabağ da müstəqillik əldə edib. Amma 2007-ci ildə hakimiyyətin transferi zamanı Serj Sarkisyan baş nazir, Robert Koçaryan prezident olan vaxtlarda Madrid prinsipləri ortaya çıxıb.”

O sözlərinə sonra da belə davam edib:

"Bu prinsiplərdə ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququ var idi. Qeyd olunurdu ki, Dağlıq Qarabağın statusu dəqiqləşdirilməlidir və dəqiqləşdirmə mexanizmi Azərbaycan tərəfi ilə razılaşdırılmalıdır. Beləliklə, erməni tərəfinin qərarı ilə Dağlıq Qarabağın statusu mexanizmi Azərbaycanla birlikdə həll olunmalı idi. Onda belə bir sual doğur: Əgər Dağlıq Qarabağ Azərbaycanın bir hissəsi sayılmırdısa, niyə status Azərbaycanla razılaşdırılmalı idi".

Paşinyan vurğulayıb ki, Madrid prinsiplərinə qədər Qarabağ SSRİ-nin, sonra isə Azərbaycanın tərkibindən çıxmışdı. Baş nazirin sözlərinə görə, onun və komandasının ən böyük səhvi 2018-ci ildə hakimiyyətə gələndə bunun ictimailəşdirilməməsi olub.

Hərbi təlim keçirən İran deyir ki, sərhəddə hansısa dəyişikliyə biganə qalmayacaq
Gözlə

No media source currently available

0:00 0:05:13 0:00

"Rusiya və İran…"

Deputat Əhmədov isə öz açıqlamasında habelə deyib ki, Rusiya və İran Azərbaycanla Ermənistan arasında sülh sazişin bağlanmasını istəmir: "Çünki İran 30 illik işğal dövründə Qarabağdan narkotik və silahın daşınması üçün istifadə edib. Rusiya isə istəyir ki, vəziyyət düzəlməsin və o, bu iki dövləti (Azərbaycan və Ermənistanı) əlində saxlasın. Amma Fransa xaric, ABŞ və Avropanın mövqeyi elədir ki, Azərbaycanın ərazi bütövlüyü tanınmalıdır, sərhədlərin delimitasıyası aparılmalıdır".

Bu fikirlərə Rusiya və İranın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb. Amma hər iki ölkənin rəsmiləri dəfələrlə bəyan ediblər ki, onlar Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasında maraqlıdırlar.

"Rusiyadan asılı vəziyyətdədir"

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı isə AzadlıqRadiosuna xatırladıb ki, son bir il ərzində danışıqların həm Rusiya, həm ABŞ formatı olub: "Amma məsələ burasındadır ki, Rusiya Qarabağda olduğuna görə bilavasitə prosesə yerindəcə nəzarət edir. Ona görə də onu format o qədər də narahat etmir. Hətta heç bir formatda danışıqlar olmasa, bu, Rusiya üçün sərf edən bir variantdır. Rusiya üçün uyğun olmayan format ABŞ, yaxud da Avropa Birliyinin təklif etdiyi hansısa danışıqlardır".

Siyasi şərhçinin fikrincə, Rusiya siyasi gərginliklər yaradacaq ki, ABŞ və Avropa Birliyi formatı olmasın: "Hələ də həm Ermənistan rəhbərliyi, həm də Azərbaycan rəhbərliyi Rusiyadan asılı vəziyyətdədir. Azərbaycan rəhbərliyi heç istəmir ki, Rusiyanın yerinə ABŞ və ya Avropa Birliyi formatı olsun. Çünki Azərbaycan hakimiyyəti ölkədə qeyri-demokratik rejim qurduğuna görə Rusiyanın dayaqlarının burada zəifləməsi ona sərf etmir. Ermənistan rəhbərliyi isə tam da istədiyi kimi davrana bilmir, çünki Rusiya hələ də güclüdür və istədiyini edir".

A.Qasımlı
A.Qasımlı

"Oyunu pozur"

Qasımlının sözlərinə görə, ABŞ və ya Brüssel formatını həm Azərbaycan, həm Ermənistan tərəfi istəməlidir: "Əks halda, bu alınmayacaq. Rusiya da prosesdə oynayır. Yəni, Ermənistan bir az Qərbə doğru inteqrasiya, yaxınlaşma edən kimi Rusiya Azərbaycanla yaxınlaşır, müəyyən dividentlər təklif edir, provokasiya edir və oyunu pozur. Yaxud da, əksinə, Azərbaycan haradasa razılığa gəlməyəndə ermənilərə onların maraqlarına uyğun bəyanatlar verir".

Politoloq söyləyir ki, son həftələr ərzində Rusiya ilə Ermənistan arasında münasibətlər xeyli pisləşib: "Şans yaranıb ki, Azərbaycan rəhbərliyi Ermənistan rəhbərliyi ilə bir yerdə Amerika formatını qəbul etsinlər. İkisi bir yerdə qəbul etsələr, Rusiyanın edəcəyi bir şey qalmayacaq. Azərbaycan milli maraqlarına uyğun odur ki, Ermənistanla dil tapıb onlarla bir yerdə addımlasın. Amma bu iqtidarın bunu edəcəyinə inanmıram, çünki bu regiona kollektiv Qərbi buraxmaq istəmir. Onların güclü olması Rusiyanın zəif olması deməkdir. Rusiyanın isə zəif olması daxildə İlham Əliyevə sərf etməyən bir vəziyyətdir".

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də (ABŞ-ın dəstək verdiyi) Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır. Amma, hələlik, tərəflər arasında sülh sazişi imzalanmayıb.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG