Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:56

Azərbaycanın ixrac gəlirləri azalıb


Dövlət Gömrük Komitəsi 2023-cü ilin ilk üç ayının göstəricilərini açıqlayıb. Xarici ticarətlə bağlı göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə geriləyib. Qeyd olunan müddətdə Azərbaycanın toplam ixracı 7 milyard 741 milyon dollar olub. Ötən il bu göstərici 240 milyon dollar çox olub və ya bu il ixrac gəlirlərində 3 faiz azlma olub.

Təbii qaz gəlirləri kəskin azalıb

Hər zaman olduğu kimi, Azərbaycanın ixracında əsas pay enerji sektorunundur. Bu ilin birinci rübündə ölkənin ixracında enerji sektorunun payı 88 faiz olub. Başqa sözlə desək ölkənin xarici ticarətdən qazandığı hər 100 dollardan 88-i məhz bu sector hesabına formalaşıb.

İxracda qeydə alınan azalma elə enerji gəlirlərinin aşağı düşməsindən qaynaqlanır. Azərbaycan 2023-cü ilin ilk üç ayında ötən ilin eyni dövrü ilə müqayisədə 400 milyon dollardan daha az gəlir götürüb. Bunun da əsas səbəbi təbii qaz gəlirlərinin azalmasıdır.

Ötən ilin ilk rübündə Azərbaycan 5 milyard 687 milyon kubmetr təbii qaz ixrac edib. Bu da ölkəyə 3 milyard 464 milyon dollar qazandırıb. Deməli, hər min kubmetr təbii qazın orta ixrac dəyəri 609 dollar olub. Bu ilin ilk üç ayında isə ölkə 3 milyard 54 min kubmetr təbii qaz ixrac edə bilib. Deməli, ixrac edilən təbii qazın həcmi 46 faiz azalıb. Təbii qaz ixracından 2 milyard 347 milyon dollar gəlir götürülüb. Bu da onu göstərir ki, təbii qaz ixracından gəlirlər də 32 faiz azalıb. 2023-cü ilin ilk üç ayında təbii qazın hər min kubmetrinin orta ixrac dəyəri ötən illə müqayisədə 26 faiz çox - 769 dollar olub.

Neft gəlirləri artıb

2023-cü ilin ilk üç ayında neft ixracından gəlirlərsə artıb. Azərbaycan ilboyu neft satışından 4 milyard 272 milyon dollar gəlir götürüb. Ötən il həmin rəqəm 3 milyard 680 milyon dollar olub. Başqa sözlə, son bir ildə Azərbaycan neft satışından gəlirlərini 16 faiz artırıb. Satılan neftin miqdarı da həmin dövrdə 16 faiz artaraq, 5 milyon 887 min tondan 6 milyon 810 min tona yüksəlib. Bu o deməkdir ki, satılan neftin bir tonunun orta ixrac dəyəri bu il 627 dollar, ötən ilsə 625 dollar olub. Orta qiymət, demək olar, dəyişməyib

2023-cü ildə Azərbaycanın ən çox neft ixrac etdiyi ölkə yenə İtaliyadır. Bu ilin ilk üç ayında ixrac edilən neftin 33 faizi bu ölkəyə, 10.4 faizi Azərbaycan neftinin ən böyük ikinci alıcısı olan İsrailə satılıb. Ötən ilin eyni dövründə İsrail neft ixracına görə üçüncü yerdə idi. Son bir ildə Azərbaycanın İsrailə neft satışı təxminən 40 faiz artıb.

Bu il Azərbaycandan ən çox neft alan üçüncü ölkə İspaniyadır. Bu ölkənin Azərbaycandan aldığı neftin miqdarı 169 min tondan 605 min tona yüksəlib. Bu, il ərzində üç dəfədən çox artım deməkdir. Hazırda İspaniyanın Azərbaycanın neft ixracındakı payı 9 faizə yaxındır.

İspaniya ilə yanaşı, Hindistan da Azərbaycandan neft alışını kəskin artırıb. Əgər ötən ilin ilk üç ayında Hindistan Azərbaycandan 137 min ton neft almışdısa, bu il həmin göstərici dörd dəfə artaraq, 522 min tona yüksəlib. Hindistanın Azərbaycandan neft ixracında payı 7.7 faizdir. Ən çox neft satılan ölkələrin ilk beşliyindəki sonuncu ölkə Çexiyadır (6.3 faiz). Qeyd olunan eyni dövrdə Çexiya Azərbaycandan 427 min ton neft alıb. Bu, ötən illə müqayisədə 2.6 dəfə artım deməkdir. Əvəzində, ötən ilin ilk üç ayında Azərbaycandan ən çox neft alan ölkələrin ilk beşliyində yer almış Ukrayna və Tailand payını azaldıb. Həmin ölkələr Azərbaycanın neft ixrac etdiyi ilk 15 ölkə arasında belə yer almayıb.

Neftdənkənar ixrac nəyin hesabına artıb?

Toplam ixrac göstəricisi ötən illə müqayisədə azalsa da, sırf qeyri-neft sektorundakı ixracda artım gözə çarpır. 2023-cü ilin ilk üç ayında Azərbaycanın qeyr-neft məhsulları ixracı 912 milyon dollar olub. Ötən ilin eyni dövründə bu rəqəm 727 milyon dollar idi. Deməli, qeyri-neft sektoru üzrə ixracdakı artım 25 faiz civarındadır. Beləcə, neftdənkənar məhsul ixracının toplam ixracdakı payı da artaraq, 9.1 faizdən 11.8 faizə yüksəlib.

Qeyri-neft ixracı ilə bağlı daha bir məqam diqqət çəkir. Ötən ilin ilk rübündə bu sektorda ən çox meyvə-tərəvəz ixracında artım qeydə alınmış və ölkə bundan 124 milyon dollar gəlir götürüb. Bu il həmin göstərici 10 milyon dollara yaxın azalaraq 115 milyon dollara enib.

Neftdənkənar ixrac göstəriciləri gözdən keçirilərkən üzə çıxır ki, artımda əsas bir sahə - elektrik enerjisi ixracı rol oynayır. Azərbaycan ötən il 33.4 milyon dollar dəyərində elektrik enerjisi ixrac edib. Bu il həmin göstərici təxminən 8 dəfə artaraq 281 milyon dollara yüksəlib. Eyni dövrdə Azərbaycanın xaricə satdığı elektrik enerjisinin həcmi də dörd dəfədən çox artıb.

Bu baxımdan, aydın olur ki, Azərbaycanda qeyri-neft sektorundakı ixracın üçdə biri yenə də enerji sektoru ilə bağlıdır.

XS
SM
MD
LG