Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:24

Fondların sərbəst vəsaitindən yalnız beş bank yararlana biləcək


Mərkəzi Bankda kadr dəyişikliyi nədən xəbər verir?
Gözlə

No media source currently available

0:00 0:03:39 0:00

Mərkəzi Bankda kadr dəyişikliyi nədən xəbər verir?

Aprelin 17-də prezident fərmanı ilə Dövlət Sosial Müdafiə (DSMF) və İşsizlikdən Sığorta fondlarının sərbəst vəsaitlərindən istifadə qaydaları bəlli olub. Sərbəst vəsait deyərkən, bu fondların gəlir və xərcləri arasında qalan müsbət qalıq nəzərdə tutulur. İşçilər və işəgötürənlər hər ay əmək haqlarının bəlli hissəsini bu fondlara ödəyirlər. Beləcə, həmin fondların vəsaitləri formalaşır və bu vəsaitlər sosial ödənişlərə xərclənir.

Yeni qərardan sonra hökumət bu fondların sərbəst vəsaitlərini investisiyaya yönəltmək imkanı qazanır. Açıqlanan bilgilərdən aydın olur ki, bu vəsaitlər, əsasən, dövlət qiymətli kağızlarına yönəldiləcək. Yeni qaydalarda yatırımlardan əldə ediləcək gəlirin necə xərclənəcəyi də bilinib. Sərbəst vəsaitin investisiyaya yönəldilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi investisiya şurası yaradıb. Bu şuranın tərkibinə həmin nazirliyin, Dövlət Məşğulluq Agentliyinin, İqtisadiyyat və Maliyyə nazirliklərinin, Dövlət Neft Fondunun nümayəndələri daxil edilib.

Fikir ayrılıqları

Fondların sərbəst vəsaitlərindən istifadəyə dair qanun dəyişikliyi bu ilin fevralında Milli Məclisdə müzakirəyə çıxarılmışdı. Deputatlar bu müzakirəni heç də birmənalı qarşılamamışdılar. Məsələn, deputat Qüdrət Həsənquliyev öz çıxışında bildirmişdi ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) investisiya kimi qoyduğu vəsait sabah bata bilər. O, ardınca belə demişdi: "…inflyasiya ilə bağlı sabah DSMF-yə büdcədən əlavə vəsait ayıra bilərik. Çünki hər hansı investisiyanın bir ildən tez qaytarılacağı gözlənilmir. Bu halda necə olacaq?".

Deputatın fikrincə, DSMF və İşsizlikdən Sığorta Fondundakı (İSF) ola biləcək artıq vəsait müharibədə əlil olmuş insanlara, pensiyasının artırılmasına ehtiyacı olanlara sərf edilməlidir: "Artıq vəsait investisiya kimi qoyulmamalı, ehtiyacı olanlara verilməlidir".

Qüdrət Həsənquliyev dövlət qurumlarının xidmətlər müqabilində xidməthaqqı almasını anlaşılmaz sayır: "Belə çıxır ki, dövlət bizneslə məşğuldur. Dövlət büdcəsinin vəsaiti ilə formalaşdırılan bir quruma biznes fəaliyyəti ilə məşğul olmağa icazə veririk. Bu, Konstitusiyaya ziddir".

Deputat Fazil Mustafa isə dövlət şirkətlərinin səmərəsiz işini vurğulamışdı. "Biz investisiya məsələsini özəl sektora həvalə etməli, investisiya məsələsinin dövlət qurumlarında problem yaratdığını nəzərə almalıyıq. Bir məqam da var: …Bu investisiyalar özünü doğrultmazsa, heç kimin məsuliyyət daşımadığı bir halla qarşılaşırıq… Yanımıza çox sayda ehtiyacı olan insanlar gəlir. Biz bu sosial vəsaitləri ehtiyacı olan insanlara xərcləməliyik".

Müzakirələrdə bu da üzə çıxmışdı ki, ötən ilin sonunda DSMF-nin sərbəst qalıqları 1 milyard manat olub. Deputat Aydın Quliyev bu vəsaitlərin investisiya kimi yatırılmasında heç bir risk görməyib: "Bu vəsait Mərkəzi Bankda cəmləşəcək. Mərkəzi Bankın ehtiyatı 7 milyard dollardır. Digər tərəfdən, DSMF-nin Əsasnaməsinə görə, onsuz da gəlir gətirən fəaliyyətlə məşğul olmaq hüququ vardı. İndi bu, sadəcə, qanun çərçivəsinə salınır".

Milli Məclisin Əmək və sosial siyasət Komitəsinin sədri Musa Quliyev də narahatlığa əsas görmədiyini vurğulayıb: "Deputatlar arasında iqtisadçılar DSMF və İSF-nin sərbəst vəsaitlərinin investisiya kimi qoyulmasını dəstəklədi, hüquqşünaslar narahat olduğunu dedilər. Narahat olmayın. Prezidentin sərəncamı olacaq, sərəncamda vəsaitin necə saxlanacağı, şəffaflığın necə təmin olunacağı əksini tapacaq. Norveç, Kanada, Yaponiya kimi ölkələrin bu sahədə təcrübəsi uzun müddət öyrənilib. Bu vəsait Mərkəzi Banka qoyulacaq, risksiz əldə olunan gəlirlər pensiyaların proporsional qaydada artırılmasına xərclənəcək. Biz bir neçə il sonra bu qanunun əyani şəkildə nə dərəcədə fayda verəcəyinin şahidi olacağıq".

Sərbəst qalıqlar hara xərclənəcək?

Hər iki fondun sərbəst vəsaitlərinin investisiya edilməsi ilə bağlı qaydalarda bildirilir ki, bu vəsaitlər Azərbaycan Respublikasının dövlət qiymətli kağızlarına yatırıla bilər. Qaydalarda özəlliklə bildirilir ki, sərbəst vəsait səhmlərə, törəmə maliyyə alətlərinə, o cümlədən qiymətli metal və daşlara, daşınmaz əmlakın və malların alınmasına, xarici investisiya bazarlarına və digər istiqamətlərə investisiya edilə bilməz.

Unutmaq olmaz ki, son illər Azərbaycanda hökumət xarici dövlət borcunun azaldılmasını və ÜDM-in 10 faizindən azına endirilməsini özünə hədəf qoymuşdu. Dövlət borcuna dair göstəricilərdən bəlli olur ki, Azərbaycanın xarici dövlət borcu azalmaqdadır. Ancaq əvəzində ölkənin daxili dövlət borcunda artım qeydə alınır. Başqa deyimlə, hökumət xarici borcları, əsasən, daxili mənbələr hesabına qapatmağa çalışır. Bu baxımdan, yeni qəbul edilən qərara da bu yanaşmanın tərkib hissəsi kimi baxmaq olar. Hökumət adıçəkilən fondların sərbəst vəsaitləri hesabına xarici borcun miqdarını azalda və ya əlavə borclana bilər.

Vurğulamağa dəyər ki, Azərbaycanda qiymətli kağızlar bazarı çox məhdud inkişaf edib. Ötən il həmin bazarda toplam 15 milyard 563 milyon manatlıq əməliyyatlar aparılıb. Bunun 53.4 faizi dövlət qiymətli kağızlarının, cəmi 14.1 faizi korporativ qiymətli kağızların payına düşüb. Daha 32.5 faizlik əməliyyatlarsa repo əməliyyatlarının payına düşüb. Bu baxımdan, ölkədə dövlət qiymətli kağızlarından kənar sahələrdə investisiya imkanları onsuz da çox məhduddur.

Vəsaitlər yalnız beş bankda yerləşdiriləcək

Təsdiqlənən qaydalarda fondların sərbəst vəsaitlərinin ölkə banklarında saxlanması da nəzərdə tutulur. Bundan ötrü ayrıca tələblər də göstərilib. Bir banka qoyulan depozitin məbləği həmin bankın aktivinin 10 faizini aşmamalıdır. Banklarda depozitə yerləşdirilən investisiyanın da toplam məbləği investisiya portfelinin 5 faizindən çox olmamalıdır. Üstəlik, bu da bildirilir ki, sərbəst vəsaitlər ölkədə aktivlərinin həcminə görə ilk beşlikdə yer alan banklara yerləşdirilə bilər.

Azərbaycan vətəndaşları tez-tez yüksək kredit faizlərindən şikayətlənirlər. Ancaq unutmaq olmaz ki, ölkədə bank kreditlərinin yüksək olmasının əsas səbəbi kredit kimi verilən pulların maya dəyərlərinin yüksək olmasıdır. Rəsmi rəqəmlərə görə, Azərbaycanda bank öhdəliklərinin 80 faizindən çoxu depozitlərlə bağlıdır, yəni banklar, əsasən, şirkətlərdən və vətəndaşlardan pulu alır və kreditə ehtiyacı olanlara satır. Belə vəsaitlərə görə bankın özünün ödədiyi depozit faizləri də var. Bu da həmin pulun maya dəyərini yüksəldir. Deməli, fondların sərbəst vəsaitləri kimi pulların daha az xərclə banklarda yerləşdirilməsi ölkədə kredit faizlərinin nisbətən azalmasına kömək edə bilər. Bu baxımdan, aktivlərin həcminə görə vəsaitlərin ən böyük beş bankda yerləşdirilməsi həmin bankların daha ucuz maliyyə resurslarına çıxışına şərait yaradacaq. Bu isə Azərbaycanın bank bazarında onsuz da yüksək olan təmərküzləşməni - resursların az sayda oyunçunun əlində cəmlənməsini daha da artıra bilər.

Mərkəzi Bankın açıqladığı göstəricilərə görə, 2023-cü ilin əvvəlinə ölkədə fəaliyyət göstərən banklar arasında aktivlərin həcminə görə ilk beş yeri Azərbaycan Beynəlxalq Bankı, Paşa Bank, Kapital Bank, Xalq Bank və Bank Respublika tutur. Azərbaycan Beynəlxalq Bankı dövlətə, ilk dördlükdəki üç banksa prezidentin ailə üzvlərinə məxsusdur. Bu baxımdan, bəlli olur ki, adıçəkilən banklar, digər bir çox sahədə olduğu kimi, sərbəst resursların yerləşdirilməsindən də fayda götürəcəklər.

XS
SM
MD
LG