Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:26

Tokayev separatçılığı önləməyə çalışır


Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Novruz bayramında çıxış edərkən
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Novruz bayramında çıxış edərkən

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev etnososial gərginlik mənbələrinin əmələ gəlməməsi məqsədilə “qapalı etnik rayon və məhəllələrin yaranmasının qarşısının alımasına” dair göstəriş verdiyini bildirib.

O bu barədə məlumatı Qazaxıstan Xalq Assambleyasında etdiyi çıxışında verib.

Onun sözlərinə görə etnososial qrupların tam inteqrasiya olunmasına mane olan regional fərqlərə, mədəniyyət və digər faktorlara xüsusi diqqət verilməlidir:

"Son münaqişələr əsasən kənd yerlərində baş verib. Buna görə də ucqar kəndlərin sakinləri arasında fəal maarifçilik işinin aparılması vacibdir. Söhbət ilk növbədə etnosların kompakt yaşadıqları ərazilərdən gedir”.

Tokayev deyib ki, adamlarla dövlətin millətlərarası geosiyasəti barədə söhbətlər etmək, “dostluq və həmrəyliyin saysız nümunələrini” göstərmək lazımdır.

Prezident habelə deyib ki, birlik və razılığın pozulmasına yönəlik “istənilən təxribatların” qarşısı ciddi şəkildə alınmalıdır.

Yenə “xarici qüvvələr”

Onun sözlərinə görə ictimai məkanda “müxtəlif xarakterli saxtalaşdırma və feyklərin, destruktiv yazıların” sayı artıb və əksər hallarda bunların müəlliflərinin Qazaxıstana heç bir bağlılığı yoxdur.

Tokayev deyib ki, əsasən xaricdən işləyən belə adamlar Qazaxıstan cəmiyyətində inamsızlıq, etimadsızlıq və ixtilaf toxumları səpməyə, dövlət təhlükəsizliyinə hədə yaratmağa çalışırlar.

Prezidentin sözlərinə görə belə şəraitdə “kriminal və ya məişət zəminində baş verən istənilən insidenti millətlərarası müstəviyə qaldırmaq mümkündür”.

Tokayev çıxışında ölkədə qazax dilinin tədrisi məsələsinə də toxunub.

O deyib ki, qazax dilini bilməyənlərə qarşı bu zəmində ayrı-seçkiçiliyə yol verilməsi qeyri-məqbuldur. Onun fikrincə, bununla yanaşı qazax dilinin öyrənilməsi gündəlik norma sayılmalıdır.

Tokayevin dediyinə görə qazax dilini bilmək hər bir insan üçün vətənpərvərliyin göstəricilərindən biridir.

Söhbət hansı etnoslardan gedir?

Qazaxıstan prezidentinin çıxışında ayrı-ayrı etnos və dillərin konkret adları çəkilməyib.

Lakin Qazaxıstanın hazırkı etnik tərkibi narahatlığın əsasən etnik ruslarla bağlı olduğunu göstərir.

Son statistikaya görə ruslar Qazaxıstanın 19.4 milyonluq əhalisinin 15-16 faizini təşkil edirlər.

Bütün başqa millətlər, məsələn özbəklərin və tatarların sayı 2 faizdən artıq deyil.

Kompakt yaşama məsələsinə gəldikdə də, rus əhali əsasən ölkənin şimal vilayətlərində - Uralsk və Petropavlovskda, habelə keçmiş və indiki paytaxt Almatı və Astanada yaşayır.

Rusiya mediasında, hətta dövlət televiziyasında zaman-zaman şimal vilayətlərinin Qazaxıstana aid olub-olmaması sual edilir.

Qazaxıstan belə hallarla bağlı rəsmi Moskvaya narazılığını bildirib.

Ukrayna müharibəsi gərginliyi artırıb

Ukraynadakı müharibəyə görə ölkəyə Rusiya vətəndaşlarının kütləvi axını bu narahatlığı daha da artırıb.

Rusiya prezidenti Vladimir Putin 2022-ci ilin sentyabrında qismən səfərbərlik elan edəndən bəri Qazaxıstana ümumilikdə 900 minədək Rusiya vətəndaşı gəlib. Bunların əksəriyyəti hərbi mükəlləfiyyət yaşında olan gənclərdir. Bunların böyük bir qismi sonradan üçüncü ölkələrə səfər edib.

Rusiya vətəndaşlarından 36 mininə müvəqqəti məskunlaşmaq hüququ verilib. Bundan başqa Qazaxıstanda daimi yaşamaq hüququ üçün 3578 ərizə verilib.

Hazırda Qazaxıstanda 300 minədək Rusiya vətəndaşı var.

Bu da qeyd olunur 2023-cü ildə Rusiyada hər hansı yeni səfərbərliyin elan olunması Qazaxıstana daha bir miqrasiya dalğası yarada bilər. Bunun qarşısının alınması üçün Qazaxıstan hərbi xidmət yaşında olan rusiyalıların Rusiyaya deportasiya ediləcəyini bildirib.

Buna baxmayaraq Qazaxıstandan Rusiyaya qayıdanların sayı çox azdır.

XS
SM
MD
LG