Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:55

Mirzoyanın ABŞ müşaviri ilə görüşdə dedikləri


Dövlət katibi Entoni Blinken, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan
Dövlət katibi Entoni Blinken, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan

"Azərbaycanın Dağlıq Qarabağ xalqına (əhalisinə-red) qarşı hərəkətləri, ən yüksək səviyyədə nifrətin qızışdırılması, açıq şəkildə güc tətbiqi ilə hədələməsi onun bölgədə etnik təmizləməyə məruz qoymaq niyyətindən və real təhlükədən xəbər verir".

Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, bunu Vaşinqtonda üçtərəfli görüşdə bu ölkənin Xarici İşlər naziri Ararat Mirzoyan bildirib.

Mayın 3-də Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın üçtərəfli görüşü keçirilib.

"Qoşunların çıxarılmasının, Alma-Ata Bəyannaməsi əsasında iki ölkə arasında sərhədlərin delimitasiyasının, o cümlədən Dağlıq Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinin beynəlxalq təminatlı dialoq mexanizmi çərçivəsində həllinin... regionda uzunmüddətli sabitlik üçün şərt olduğu vurğulanıb", –məlumatda bildirilir.

Ermənistan da Azərbaycanı onun bəzi ərazilərini işğal etməkdə günahlandır.

Azərbaycan XİN: "Daxili məsələdir"

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov, öz növbəsində, Qarabağ məsələsinin ölkəsinin daxili işi olduğunu bəyan edib.

"Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasının ölkənin daxili məsələsi olduğunu, bu istiqamətdə səylərə Ermənistan tərəfinin müdaxiləsinin qəbuledilməz olduğunu diqqətə çatdırıb", - Azərbaycan XİN bildirir.

Nazirliyin məlumatına görə, o, eyni zamanda, "erməni silahlı qüvvələrin hələ də tam olaraq Azərbaycan ərazisindən çıxarılmamasının ciddi təhdid mənbəyi olduğunu vurğulayıb".

Ermənistanın rəsmi qurumları isə, bir qayda olaraq, öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmadıqları haqda deyilənləri qəbul etmirlər. Onlar deyirlər ki, Qarabağın "müdafiə ordusu" onlara aid deyil.

ABŞ-ın Qarabağ əhalisi ilə bağlı Bakı və Yerevandan istəyi

Rəsmi Vaşinqton Bakı və Yerevandan xahiş edib ki, Dağlıq Qarabağ əhalisinin hüquqlarını və təhlükəsizliyini ən yaxşı şəkildə necə qorumaq barədə düşünsünlər.

Bu haqda "Azatutyun" radiosuna ABŞ Dövlət Departamentinin sözçüsü məlumat verib. Ondan soruşublar ki, Vaşinqtonda keçirilən görüşdə Qarabağla bağlı məsələlər müzakirə olunurmu. Mətbuat katibi vurğulayıb ki, Qarabağ əhalisinin hüquqları və təhlükəsizliyi Ermənistan-Azərbaycan münaqişəsində əsas məsələdir: "Çox sayda insanın həyatına son qoyan və çox uzun müddət davam edən münaqişənin davamlı həllini tapmağın yeganə yolu – bu insanların, nəhayət, öz evlərində özlərini təhlükəsiz hiss etmələri və hüquqlarının qorunmasıdır. Birləşmiş Ştatlar sülhün əsasını qoya biləcək uzunmüddətli və davamlı razılaşmanı dəstəkləyir".

Sözçü deyib ki, münasibətlərin tənzimlənməsi üzrə sazişin həcmi, xarakteri və məzmununu tərəflər özləri müəyyənləşdirməlidirlər.

Azərbaycan-Ermənistan danışıqları günlərlə çəkə bilər

Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamenti mayın 1-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda gedən danışıqlarının birinci gününün sonunda optimizm ifadə edib.

Mətbuat katibinin müavini Vedant Patel gündəlik brifinqində "Sülh mümkündür... Biz inanırıq ki, birbaşa diplomatiya ilə dialoq baş tutur" deyib.

"Turan"ın xəbərinə görə, Dövlət Departamentinin Vaşinqton yaxınlığındakı Təlim Mərkəzində keçirilən bu danışıqların dörd gün çəkəcəyi gözlənir.

Agentliyin "Vaşinqton uğurlu nəticəni necə təsəvvür edir" sualına Patel deyib ki, "bu, iki ölkədən asılıdır".

"Nəhayət, biz Cənubi Qafqazda sülhün mümkün olduğuna inanırıq... Bizim axtardığımız budur - Dağlıq Qarabağ regionunda bu iki ölkə arasında sülh və sabitlik", - o, sözlərinin sonunda vurğulayıb.

Azərbaycan və Ermənistan nazirləri ABŞ-da görüşüb

Mayın 1-də Amerika Birləşmiş Ştatlarında bu ölkənin dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüb.

“Turan” Agentliyinin xəbərinə görə, ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmiləri onlara bildiriblər ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında mayın 1-də səhər Vaşinqton yaxınlığında başlayan müzakirələr “çox konstruktiv olub”.

Xəbərdə vurğulanır ki, Dövlət katibi Entoni Blinken mayın 1-i səhər onlarla ayrı-ayrılıqda, eləcə də üçtərəfli formatda görüşüb.

Xəbərə görə, Dövlət Departamentin adının çəkilməsini istəməyən yüksək rütbəli rəsmisi agentliyə deyib ki, ABŞ-ın öhdəliyi “Cənubi Qafqaz üçün dinc, demokratik və firavan gələcəyi təşviq etməkdir”.

“Biz uzun müddətdir deyirik ki, birbaşa dialoq davamlı sülhə nail olmaq üçün problemlərin həllinin açarıdır. Biz müzakirələrin həftə ərzində davam edəcəyini gözləyirik", - deyə rəsmi “Turan”ın danışıqların vaxtı ilə bağlı sualına cavab verib.

ABŞ ümid edir və gözləyir

Dövlət Departamentinin adının açıqlanmasını istəməyən digər yüksək rütbəli rəsmisi vurğulayıb ki, Vaşinqton həftə ərzində Ermənistan və Azərbaycan nümayəndələrinin “həll yolu axtarmaq üçün birbaşa, səmimi müzakirələr aparacağına” ümid edir və gözləyir.

"ABŞ özünü danışıqlar üçün yalnız platforma təmin etməklə kifayətlənən ölkə sayır, yoxsa Vaşinqtonun mümkün nəticə barədə planları var" sualına Dövlət Departamentinin nümayəndəsi belə cavab verib: “Məqsədimiz danışıqlar üçün platforma təqdim etməkdir. İkitərəfli müzakirələr və davamlı sülhə doğru irəliləyiş əldə etmək üçün birlikdə iş görülmüşdür. Biz Ermənistan və Azərbaycanla bunu birlikdə edə bildiyimiz üçün çox xoşbəxt, habelə qürurluyıq”.

ABŞ-ın rəhbərlik etdiyi dialoqa Rusiyanın mövqeyi ilə bağlı agentliyin sualına cavab olaraq isə Dövlət Departamentinin digər rəsmisi deyib ki, “onlar bunu mənfi qəbul etsələr, məyus olarıq”.

Rəsmilərin dediyinə görə, ən vacibi tərəflərin harada baş verməsindən asılı olmayaraq (Vaşinqtonda, Brüsseldə və ya Moskvada) bir-biri ilə əlaqə qura bilməsidir.

“Burada məqsədimiz tərəflər arasında davamlı, balanslaşdırılmış və ləyaqətli sülhdür”, - deyə Dövlət Departamentinin həmin rəsmisi yekunda vurğulayıb.

Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri aprelin 30-da ABŞ-a işgüzar səfər ediblər. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında bildirilir ki, səfər çərçivəsində Ermənistanla sülh sazişi layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.

Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır. ABŞ Aİ formatını dəstəkləyir.

XİN: "Azərbaycanla Ermənistan arasında sülhün vaxtı çatıb"

"Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyü və suverenliyə əsaslanan sülhün vaxtı çatıb".

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə tviter səhifəsində paylaşım edib.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG