Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:57

Aİ-nin təmsilçisi Azərbaycanda vebsaytların bloklanmasına təəssüf edir


Peter Mixalko
Peter Mixalko

"Media azadlığı Avropa İttifaqının Azərbaycan hökuməti ilə apardığı dialoqun bir hissəsini təşkil edir", – Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko mayın 3-də Ümumdünya Mətbuat Azadlığı Günü ilə əlaqədar jurnalistlərlə görüşündə belə deyib.

Səfirin sözlərinə görə, dövlət qurumları, o cümlədən Medianın İnkişafı Agentliyi ilə (MEDİA) görüşlərdə də media ilə bağlı Venesiya Komissiyasının tövsiyələrini, narahatlıqları diqqətə çatdırırlar.

"Bu sahədə inkişafın olmasını istəyirik"

AzadlıqRadiosu da daxil olmaqla, bir sıra media orqanlarının saytlarına Azərbaycanda girişin altı ildir məhdudlaşdırılmasına münasibət bildirən səfir bu vəziyyətin hələ də davam etməsindən təəssüfünü bildirib: "Mən bir müddət əvvəl Medianın İnkişafı Agentliyində olmuşam. Orada da müəyyən məsələlər qaldırılıb. Biz bu sahədə inkişafın olmasını istəyirik".

Medianın azadlığı sahəsində məhdudiyyətlərin yolverilməzliyini vurğulayan Mixalko deyir ki, mətbuatın durumunu dəyərləndirərkən mötəbər beynəlxalq təşkilatların hesabatlarına istinad edirlər: "Bir müddət əvvəl mətbuat azadlığı ilə bağlı indeks çap olunub və əvvəlki dövrlə müqayisədə Azərbaycanda geriləmə olub".

Sərhədsiz Reportyorlar Təşkilatı mayın 3-də Dünya Mətbuat Azadlığı İndeksini yayıb. Azərbaycan indeksdə 180 ölkə arasında 151-ci yerdə qərarlaşıb. 2022-ci ildə 180 ölkə içində 154-cü olan Azərbaycan bu il indeksdə Pakistan və Əfqanıstan arasında yer alıb.

Ticarət dövriyyəsi artıb

Səfir Avropa İttifaqı ilə Azərbaycan arasındakı əməkdaşlıqdan da danışıb. Onun sözlərinə görə, 2022-ci ildə Azərbaycanın bütün ixracının 53 faizi Aİ-nin payına düşüb. Ticarət dövriyyəsi isə 2022-ci ildə əvvəlki illə müqayisədə iki dəfə artıb: "Avropa İttifaqı kənd yerlərinə internetin çəkilməsi üçün "Aztelekom"a 5 milyon avro vəsait ayırıb. 13 minə yaxın kiçik və orta sahibkara dəstək göstərmişik. Dəstəyimiz sayəsində 2 mindən artıq iş yeri yaradılıb".

Avropa İttifaqının Azərbaycanda minatəmizləmə prosesinə dəstəyini davam etdirəcəyini deyən Mixalko əlavə edib ki, Qarabağda da bərpa fəaliyyəti ilə bağlı layihələr həyata keçirməyi planlaşdırırlar.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Tərəflər sülh sazişi imzalamayıb. 2021-ci ilin dekabrından Azərbaycan və Ermənistan arasında sülh danışıqları, əsasən, Avropa İttifaqının vasitəçiliyi ilə aparılıb. Lakin ötən ilin sonlarından bu proses dayanıb.

XS
SM
MD
LG