Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:45

Priqojin qüvvələrini Baxmutdan çıxarmaqla hədələyir


Yevgeni Priqojin
Yevgeni Priqojin

"Vaqner" qrupunun rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini, bütün muzdlu qüvvələrini Ukraynanın şərqindəki xarabalığa çevrilmiş Baxmut şəhərindən çıxarmaqla hədələyib.

Mayın 5-də yayılan videoda Priqojin Müdafiə Naziri Sergey Şoyqunu və ölkənin ən yüksək rütbəli generalını səriştəsiz rəhbərlikdə günahlandırıb. O, qüvvələrini mayın 10-dək Bxmutdan çıxaracağını deyib. Mayın 9-da isə Kreml 2-ci Dünya müharibəsində qələbənin ildönümünü qeyd edəcək.

Priqojin arxa planda görünən bir qrup "Vaqner" əsgəri ilə video çəkərək bildirib ki, “psevdo-hərbi bürokratlar” onları artilleriya sursatından, təchizatdan məhrum ediblər.

"Vaqner"in rəhbəri Sergey Şoyqu və Rusiya Baş Qərargahının sədri, general Valeri Gerasimovu, eləcə də prezident Vladimir Putini tənqid atəşinə tutub, onları ittiham edib. Sursat çatışmazlığının onun qoşunları arasında "böyük" itkilərə səbəb olduğunu deyib. O, əlavə edib: "Rəhbərlik etməli olduqları şeyə rəhbərlik etmək iqtidarında deyillər".

Priqojinin qüvvələri Donetsk vilayətinin şərqində yerləşən Baxmut şəhərini ələ keçirmək üçün səkkiz aydır davam edən amansız səylərin mərkəzində dayanıb. Davamlı şəkildə Rusiya qüvvələri ilə birlikdə döyüşən Vaqner qoşunları, on minlərlə həbsxana məhkumunu öz sıralarına cəlb edib.

Döyüşdə nə qədər Vaqner əsgərinin iştirak etdiyi bəlli deyil, lakin şəhər bu prosesdə dağıdılıb, Rusiya qüvvələri böyük əsgər itkiləri bahasına ağrılı, mərhələli irəliləyişlər əldə etdilər.

İtkilər

Ağ Ev bu həftənin əvvəlində bildirib ki, dekabrdan bəri Rusiyanın Ukraynada ümumi itkiləri, ölənlər və yaralananlarla birlikdə, ən azı 100 min nəfərdir. Bura döyüş zamanı öldürülən 20 min rusiyalı daxildir ki, onların da yarısı "Vaqner" muzdluları olub.

Priqojin hökuməti Rusiyanın ümumi səylərini puça çıxarmaqda günahlandırır.

Vaqnerin Baxmutu almaq cəhdi Ukraynanın da ağır itkilər verməsinə səbəb oldu. Bəzi ukraynalı əsgərlər komandanlığın şəhərdən çıxmamaq qərarını şübhə altına alan açıqlamalar verdilər. Hərbi ekspertlər şəhərin Rusiya üçün strateji əhəmiyyətini də sorğulayırlar.

Videoda Priqojin bildirib ki, Qələbə Gününü "korlamamaq" üçün mayın 10-na qədər geri çəkilməyəcəklər. Mayın 10-dan sonra isə qoşunlarının "yaralarını sarımaq məqsədilə" Baxmutdan geri çəkiləcəyini və mövqelərini Müdafiə Nazirliyinin qoşunlarına təhvil verəcəyini söylədi.

Kreml, eləcə də Müdafiə Nazirliyi Priqojinin dediklərini şərh etməkdən imtina edib.

“Yeni öldürülmüş döyüşçülər”

Bir gün əvvəl yayımlanan başqa bir videoda Priqojin onlarla cəsədin yanında dayanıb və onların "yeni öldürülmüş Vaqner döyüşçüləri" olduğunu deyib. O, Şoyqu və Gerasimovu onların ölümlərində əli olmaqda günahlandırıb. “Onlar bura könüllü kimi gəliblər və burada ölürlər ki, siz qırmızı ağacla bəzədilmiş kabinetlərinizdə oturub, kökələsiniz”.

Priqojinin iddialarını müstəqil təsdiqlətmək mümkün olmayıb. O, əvvəllər də oxşar şərhlər və təhdidlər edib, lakin sonradan bunları yerinə yetirməyib.

Priqojinin bəyanatları Ukraynanın Rusiyanın mövqelərinə kütləvi əks-hücum etməyə hazırlaşdığı bir vaxta təsadüf edib.

"Rusiya xalqının bizə yenidən ehtiyacı olana qədər gözləyəcəyik və məncə, həmin vaxt uzaqda deyil", – Priqojin deyib:

+++

Moskva Ukraynanın şərqindəki hücumlarının episentri Baxmut şəhərində toqquşmaları şiddətləndirib.

Donetsk vilayətinin rəsmiləri Rusiyanın mayın 5-də gecə saatlarında Ukraynanın cənubundakı Nikopol şəhərini də bombaladığını açıqlayıb. Güclü artilleriya atəşi Nikopolda mülki və enerji infrastrukturunu məhv edib. Bu barədə Dnepropetrovsk vilayət şurasının rəhbəri Nikolay Lukaşuk məlumat verib.

Fərdi evlər dağılıb

Lukaşuk Teleqramda yazıb: "İşğalçılar şəhər əhalisinin evlərini hədəfə alıblar. On fərdi ev, bir bina, qaz sobaları, elektrik şəbəkələri dağıdılıb".

Rusiya son günlər Ukraynanın cənub istiqamətində hücumları gücləndirib. Bu həftə ərzində Xerson vilayətinin azad edilmiş ərazilərini hədəfə alıb, ən azı 23 mülki şəxsin həlak olduğu bildirilir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı mayın 5-də gündəlik bülletenində bildirib ki, son 24 saat ərzində ukraynalı müdafiəçilər Baxmutdakı döyüş meydanında Rusiyanın 60 hücumunu dəf ediblər.

Baş Qərargahdan deyilib ki, Rusiya qüvvələrinin taktiki mövqelərini yaxşılaşdırmağa çalışdığı Baxmut yaxınlığındakı Maryinkada da şiddətli döyüşlər qeydə alınıb. Hərbçilərin bildirdiyinə görə, Zaporojjya və Xerson vilayətlərində də bir sıra yaşayış məntəqələri atəşə tutulub.

Zelenskinin çıxışı

Mayın 4-də axşam saatlarında Kiyevdə şübhəli dron hücumu ilə bağlı həyəcan siqnalları verilib. Amma daha sonra Ukrayna Hərbi Hava Qüvvələri həyəcan siqnalına səbəb olan təyyarənin öz təyyarəsi olduğunu bildirib.

Mayın 4-də Ukrayna prezidenti Volodimir Zelenski Haaqa məhkəməsi kimi tanınan Beynəlxalq Cinayət Məhkəməsində (BCM) çıxış edib. O, çıxışında deyib ki, Rusiya prezidenti Vladimir Putinin “cinayət əməllərinə” görə mühakimə olunmalıdır. “Hamımız burada, beynəlxalq hüququn paytaxtında, törətdiyi cinayətlərə görə cəzasını almağa layiq olan fərqli Vladimir görmək istəyirik. Əminəm ki, biz qalib gələndə bu baş verəcək", – Zelenski sözlərinə əlavə edib.

Bu məhkəmə martın 17-də Ukraynada törədildiyi iddia olunan hərbi cinayətlərə və ukraynalı uşaqların qeyri-qanuni yollarla deportasiyasına görə Putinin həbsinə order verib.

XS
SM
MD
LG