Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:58

Pew: Amerikalılar Ukrayna və NATO-ya müsbət, Rusiyaya ‘düşmən’ kimi baxır


Nyu Yorkda ABŞ-a dəstək yürüşü, aprel, 2022-ci il
Nyu Yorkda ABŞ-a dəstək yürüşü, aprel, 2022-ci il

"Pew" Araşdırma Mərkəzinin sorğusuna görə, yetkin amerikalıların əksəriyyəti Ukrayna və NATO hərbi alyansı haqqında müsbət fikirdədirlər. Rusiyanı isə tərəfdaş və ya rəqib deyil, düşmən kimi görürlər.

Respondentlərin təxminən üçdə ikisi işğalçı Rusiya qoşunlarını dəf etmək üçün mübarizə aparan Ukraynayla bağlı müsbət fikir bildirib. Elə təxminən bu sayda respondent, 2022-ci ilin fevralında Kremlin əsassız işğalı ilə başlayan münaqişədən bəri Kiyevin əsas müttəfiqinə çevrilərək ona böyük miqdarda hərbi yardım göstərən NATO-ya eyni münasibətdədir.

Beynəlxalq öhdəliklərlə bağlı fikirlər də Ukraynaya münasibətlə uzlaşır. ABŞ-ın öz gələcəyi naminə dünya işlərində aktiv olmasını vacib sayanlar Ukraynaya daha müsbət yanaşırlar, nəinki Vaşinqtonun xaricdəki problemlərə deyil, ölkəiçi məsələlərə daha çox fokuslanmalı olduğunu düşünənlər.

Moskvanın Ukraynaya qarşı işğalçı addımından14 aydan çox vaxt keçdiyi bir dönəmdə amerikalıların 91 faizi Rusiya haqqında “mənfi fikirdədir”.

Liderlərə münasibət

Sorğuda Rusiya və Ukrayna liderləri haqqında fikirlər də öz əksini tapır. Əksəriyyət Ukrayna prezidenti Volodimir Zelenskinin “doğru olanı edəcəyinə” inanır, 90 faiz isə Rusiya prezidenti Vladimir Putinə çox az və ya heç güvənmədiyini deyib.

Sorğu amerikalıların dünyada öz yerlərinə baxış tərzində daimi dəyişiklik baş verdiyini üzə çıxarıb. 55 faiz respondent hesab edir ki, Birləşmiş Ştatlar xaricdəki məsələlərə daha az diqqət yetirməli, əvəzində öz daxili məsələlərinə yönəlməlidir. Bir il əvvəl eyni sorğuda bu nisbət 51 faiz idi.

Respondentlər arasında partiyalara görə də fikir ayrılıqları var. Respublikaçılara nisbətən Demokratlar Ukrayna və NATO-ya daha müsbət yanaşırlar.

"Pew" qeyd edir ki, 20-26 mart tarixləri arasında keçirilən sorğuda, 3 min 576 amerikalı iştirak edib.

XS
SM
MD
LG