Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:37

Brüsseldəki görüşdə nələr razılaşdırılıb - Şarl Mişelin açıqlaması


İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan Brüsseldə. 14 may 2023
İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan Brüsseldə. 14 may 2023

Azərbaycan XİN görüşdən razıdır

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Brüssel görüşünü dəyərləndirib.

Nazirlik bildirir ki, bu formatda (Azərbaycan, Ermənistan və Avropa İttifaqı) sayca beşinci görüşü iki ölkə arasında normallaşma gündəliyinin irəlilədilməsi baxımından faydalı və nəticə yönümlü hesab edirlər.

Nazirliyin vurğulamasına görə, dövlətlərin ərazi bütövlüyünə hörmətin bir daha təsbit edilməsi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün Ermənistan tərəfindən də qəbul olunması müstəsna əhəmiyyət kəsb edir: "Görüş həmçinin münaqişədən sonrakı normallaşma baxımından vacib olan humanitar məsələlərin müzakirəsi üçün bir fürsət təşkil edib. Bu kontekstdə, xüsusilə itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi və minasızlaşdırma sahələrində addımlar atılmasının sürətləndirilməsinin vacibliyi bir daha vurğulanıb".

+++

Mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü keçirilib. Üçtərəfli görüşə qədər Azərbaycan prezidenti və Ermənistaın baş naziri ayrılıqda Mişellə görüşüblər.

Birgə görüşdən sonra Mişel mediaya açıqlama verib. O, müzakirələrdə sərhədin delimitasiyası ilə bağlı irəliləyişlərin və növbəti addımların nəzərdən keçirildiyi bildirib. Mişel deyib ki, liderlər sərhəd məsələlərinə dair ikitərəfli görüşlərin bərpası barədə razılığa gəliblər.

"Liderlər 1991-ci il Almatı Bəyannaməsinə və Ermənistanın (29,800 km2) və Azərbaycanın (86,600 km2) müvafiq ərazi bütövlüyünə birmənalı sadiq olduqlarını təsdiq etdilər. Sərhədin son delimitasiyası danışıqlar yolu ilə razılaşdırılacaq", - açıqlamada deyilir.

Şarl Mişel tərəflərin regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasına yönəlik müzakirələrdə aydın irəliləyişin əldə edildiyi vurğulayıb. O, tərəflərin özəlliklə Naxçıvana və oradan keçən dəmir yolu əlaqələrinin yenidən açılması ilə bağlı mövqelərinin bir-birinə çox yaxınlaşdığını qeyd edib. Mişelin sözlərinə görə, tərəflərin müvafiq komandalarına konkret qrafik üzrə dəmir yolu əlaqələrinin açılması və zəruri tikinti işlərinin aparılması ilə bağlı razılaşmanı yekunlaşdırmaq tapşırılıb. Tərəflər həmçinin bu işdə Ümumdünya Gömrük Təşkilatının dəstəyindən istifadə etmək barədə də razılığa gəliblər.

Humanitar məsələlərə gəlincə, Şarl Mişel yaxın həftələrdə daha çox məhbusun azad ediləcəyi ilə bağlı anlaşmanın olduğunu bildirib.

"Mən həmçinin, sadəcə olaraq azmış və qarşı tərəfə keçən hərbçilərin tezliklə azadlığa buraxılması ilə bağlı qarşılıqlı anlaşmanın vacibliyini vurğuladım. Biz, həmçinin itkin düşmüş şəxslərin taleyi və minalardan təmizlənmə üzrə işlərin sürətləndirilməsinin vacibliyini müzakirə etdik", - Mişel vurğulayıb.

Avropa İttifaqı Şurasının Prezidenti həmçinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi ilə bağlı məsələyə də toxunub. O, Azərbaycanı beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq edərək, bu əhalinin hüquq və təhlükəsizliyini təmin etmək məqsədi ilə müsbət gündəliyin işlənib hazırlanmasında iştiraka həvəsləndirdiyini bildirib:

"Mən Bakı ilə bu əhali arasında şəffaf və konstruktiv dialoqun aparılmasının zəruriliyini də qaldırdım".

Açıqlamada bildirilir ki, Aİ-nin heç bir gizli gündəmi yoxdur və yeganə məqsəd Ermənistan və Azərbaycana hərtərəfli və ədalətli sülhə nail olmaqda kömək etməkdir.

Tərəflərin birgə səylərinə Aİ-nin tövhə verməyə hazır olduğunu bildirən Mişelə görə, lazım gəldikdə Brüssel görüşlərinin tez-tez keçirməsilə bağlı razılıq da əldə olunub. Onun sözlərinə görə, liderlər iyulda Brüsseldə yenidən görüşəcəklər. Ondan öncə isə Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz ilə Kişinyovda Avropa Siyasi Birliyinin 2-ci Zirvə Toplantısı çərçivəsində görüş keçiriləcək. Mişel liderləri oktyabrda Qranadada keçiriləcək üçüncü EPC sammiti çərçivəsində növbəti belə görüşə dəvət etmək niyyətini də açıqlayıb.

***

Azərtac-ın məlumatına görə, İlham Əliyev Şarl Mişellə görüşündə hər iki tərəf Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin Brüssel formatının bərpası ilə bağlı məmnunluqlarını ifadə ediblər.

Söhbət zamanı son aylar ərzində Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı baş verən hadisələr, Vaşinqton danışıqları, Azərbaycan-Ermənistan sərhədində vəziyyət, habelə bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçiriləcək üçtərəfli görüşün gündəliyi müzakirə olunub.

"Azattutyun"un yazdığına görə, Nikol Paşinyan Şarl Mişellə qeyri-rəsmi görüşdə Azərbaycanı sülh danışıqlarını pozmağa cəhddə ittiham edib.

Xəbərdə o da vurğulanır ki, görüşdə Laçın dəhlizi və Qarabağda yaranmış vəziyyət, eləcə də Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması ilə bağlı məsələlər müzakirə edilib.

Brüsseldə görüşün keçirildiyi vaxtda, mayın 14-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya televiziyasına müsahibəsində üçtərəfli sazişin Bakı ilə Yerevan arasında nizamlanma üçün mübahisəsiz əsas olaraq qaldığını deyib.

“Əlbəttə, müəyyən həssas məqamlar var. Bilirsiniz, Rusiya iki il əvvəl imzalanmış o üçtərəfli sənədlərə tam riayət edir. Biz onların hələ də həll üçün mübahisəsiz əsas olduğunu əsas götürürük. Razılaşmaya nail olmaq üçün isə əldə edilmiş razılaşmaların yerinə yetirilməsi yolu ilə getmək lazımdır”, - Kreml sözçüsü vurğulayıb, TASS xəbər verir.

Peskov və digər Rusiya rəsmiləri də 2020-ci ilin noyabrında Dağlıq Qarabağda 44 günlük müharibə nin dayandırılması ilə bağlı Moskva, Bakı və Yerevan arasında üçtərəfli sazişlərin həyata keçirilməsinə “alternativin olmaması” fikirini dəfələrlə səsləndiriblər.

Daha əvvəl Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə dörd görüş baş tutub. İlk görüş 14 dekabr 2021-ci ildə, ikinci görüş 6 aprel 2022-ci ildə, üçüncü görüş 23 may 2022-ci ildə, dördüncü görüş 31 avqust 2022-ci ildə baş tutub. Ötən ilin son görüşü oktyabrın 6-da Praqada keçirilib. Dörttərəfli formatda olan görüşdə Fransa prezidenti Emmanuel Makron da iştirak edib.

Daha əvvəl Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə dörd görüş baş tutub. İlk görüş 14 dekabr 2021-ci ildə, ikinci görüş 6 aprel 2022-ci ildə, üçüncü görüş 23 may 2022-ci ildə, dördüncü görüş 31 avqust 2022-ci ildə baş tutub.

Ötən ilin son görüşü oktyabrın 6-da Praqada keçirilib. Dörttərəfli formatda olan görüşdə Fransa prezidenti Emmanuel Makron da iştirak edib.

Mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olub.

Daha sonra nazirlər ikitərəfli müzakirələrə davam ediblər. Tərəflər 4 gün ərzində Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair müzakirələr aparıblar.

Azərbaycan Xarici İşlər Nazirliyi açıqlayıb ki, nazirlər və onları müşayiət edən nümayəndə heyətinin üzvləri Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər.

ABŞ-ın dövlət katibi Entoni Blinken isə qeyd edib ki, intensiv, konstruktiv ikitərəfli və üçtərəfli danışıqlar silsiləsindən sonra tərəflər çətin məsələlərlə bağlı əhəmiyyətli irəliləyişə nail olublar.

Ermənistan tərəfi də müzakirləri oxşar şəkildə dəyərləndirib.
Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır. ABŞ Aİ formatını dəstəkləyir.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG