Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:50

Moldova MDB-dən asanlıqla çıxa bilərmi


Moldovada hərbi təlimlər
Moldovada hərbi təlimlər

Moldova bu həftə Müstəqil Dövlətlər Birliyindən (MDB) daha da uzaqlaşaraq Rusiyanın rəhbərlik etdiyi qurumla əsas razılaşmaları ləğv edib. Bu addımın Kremllə gərginliyi artıra biləcəyi gözlənir.

Mayın 15-də Moldova parlamentinin spikeri İqor Qrosu bəyan edib ki, Moldova MDB Parlamentlərarası Assambleyasından çıxmaq prosesinə başlayacaq.

Qrosunun sözlərinə görə, bu, Moldovanın MDB-dən çıxması yönündə “ilk addımdır”. “Biz artıq işğalçı dövlətlə danışıqlar masasına otura bilmərik”, – o, Rusiyanın Ukraynaya qarşı müharibəsini nəzərdə tutaraq deyib.

İki gün sonra, mayın 17-də Moldovanın qərbyönlü hökuməti üzv dövlətlər arasında malların daşınması və sərhədlərin qorunması ilə bağlı iki sazişin ləğvini təsdiqləyib.

Kişinyov bir müddətdir ki, MDB-dən uzaqlaşır; Qrosunun hakim Fəaliyyət və Həmrəylik Partiyası (FHP) hesab edir ki, təşkilatla əlaqələrin kəsilməsi Moldovaya, öz siyasətini Avropa İttifaqı ilə uyğunlaşdırmağa və nəticədə bloka qoşulmağa imkan verəcək. Lakin son aylarda Rusiyanın Moldova siyasətinə müdaxiləsinin güclənməsi və kremlyönümlü daxili müxalifət səbəbindən MDB-dən çıxmaq cəhdi asan olmayacaq.

Təmsilçi geri çağrılıb

2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan Moldova hökumətinin üzvləri MDB-dən çıxmaq ehtimalından danışsalar da, 2022-ci ilin mayında ölkənin qərbyönlü prezidenti Maya Sandu təşkilatdan çıxmayacaqlarını dedi. 2020-ci ildə prezident postuna keçən Sandu o vaxtdan bəri MDB dövlət başçılarının iclaslarına qatılmayıb.

2023-cü ilin əvvəlində FHP Moldova ilə MDB arasında 300-ə yaxın sazişdən bəzilərini ləğv olunacağını açıqladı. Daha sonra fevralda, Kişinyov MDB Parlamentlərarası Assambleyasından öz nümayəndəsini geri çağıraraq bildirdi ki, Moldova MDB-də o qədər də fəal olmadığından təmsilçiyə ehtiyac yoxdur.

Apreldə Moldova hökuməti bütün MDB məkanında rus dilində yayımlanan, Moskvanın rəhbərlik etdiyi “Mir” televiziya və teleradio şirkətinin fəaliyyəti haqqında MDB sazişini ləğv edib. Hökumət sözçüsü Daniel Voda kanalın Ukrayna müharibəsi ilə bağlı yayımlarına istinad edərək Moldovanın “artıq təbliğat və dezinformasiyanı maliyyələşdirməyəcəyini” deyib.

“Gərəksiz və yersiz” sazişlər

Moldova ilə MDB arasında növbəti müqavilələrin ləğv olunacağı ehtimal edilir. Xarici İşlər Nazirliyi martın 20-də AzadlıqRadiosunun Moldova Xidmətinə açıqlamada sazişlərin ləğvi prosesinin mürəkkəb olduğunu deyib. Buna baxmayaraq, hökumətin “Respublika üçün qüvvədə saxlanılmasını gərəksiz və yersiz hesab etdiyi” bir sıra əməkdaşlıq sazişlərini müəyyən etdiyini də bildirib.

1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra yaradılmış MDB ilkin olaraq bir çox iştirakçı dövlətlər tərəfindən iqtisadi, siyasi əməkdaşlıq və ticarətin asanlaşdırılması üçün faydalı forum kimi görünürdü. MDB həmçinin üzv dövlətlərdə seçkilərin monitorinqini əlaqələndirir, təhlükəsizlik məsələləri və təhdidləri ilə mübarizə aparır. Lakin təşkilat illərdir zəifləyir, iştirakçıların sayı azalır və onun bəzi üzvləri Rusiyanın hökmranlığından narahatdırlar.

Hazırda MBD-nin doqquz tamhüquqlu üzv dövləti var: Ermənistan, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan və Özbəkistan. Türkmənistan və Ukraynanın təsisçi dövlətlər olmasına baxmayaraq, tamhüquqlu üzv deyillər. Kiyev 2014-cü ildə Krımın ilhaqından sonra iştirakını dayandırıb və 2018-ci ildə bütün təmsilçilərini geri çağırıb. Gürcüstan 2008-ci ildə Rusiya ilə müharibədən sonra təşkilatdan çıxıb.

İclaslara getmirlər

Moldovanın MDB Parlamentlərarası Assambleyasına qatılan 20 nümayəndəsinin bəziləri, xüsusən də Aİ tərəfdarı olan hakim partiyanın təmsilçiləri təşkilatın illərdir faydasız olduğunu düşünür, iştirakı azaldıblar.

Müxalifətçi və rusiyayönlü Moldova Sosialist Partiyasının (MSP) deputatı və MDB assambleyasında təmsilçi Vasile Boleya “uçuş problemləri” səbəbindən ötənilki assambleyada iştirak etmədiyini bildirib. Rusiyaya artıq reyslərin olmadığını deyən deputat əlavə edib ki, Kişinyov parlamenti yol xərclərini ödəməkdən imtina edib.

Moldovanın hazırkı liderlərinin MDB-dən uzaqlaşmaq və Qərbə yaxınlaşmaq məqsədi, Moskva ilə Kişinyov arasında gərginliyi daha da artıra biləcək təhlükəli cəhddir.

Prezident Sandu Moldovanı Rusiyanın orbitindən çıxarıb, qərbə yaxınlaşdırmağa başlayandan sonra, 2002-ci ilin iyununda Moldovaya Aİ-na namizədlik statusu verildi. Konstitusiyasında tərəfsizlik əks olunduğundan, Moldova NATO hərbi alyansına qoşulmağa cəhd etmədi. Lakin Xarici İşlər Naziri Niku Popesku 2022-ci ilin noyabrında bildirib ki, bu, özünü təcrid etmək, silahsızlaşdırmaq və ya dünya işlərinə biganəlik demək deyil.

Moskvadan açıqlamalar

Bunların heç biri isə Moskvanı qane etməyib. Bu ilin əvvəlində Rusiya prezidenti Vladimir Putinin İnsan Haqları Şurasının üzvü Aleksandr Brod Moldovanın "Qərbin ən pis rusiyafob xüsusiyyətlərini mənimsəməkdə davam etdiyini" söylədi.

Rusiya Xarici İşlər Nazirliyinin MDB üzrə İkinci Departamentinin direktoru Aleksey Polişçuk yanvarda TASS-a verdiyi müsahibədə bildirib ki, Moskva, Moldovanın MDB-nin üzvü olaraq qalmasını və onun qurumlarında iştirakını davam etdirəcəyini gözləyir.

Rusiyanın Ukraynaya təcavüzü başlayandan Kişinyov və Moskva arasında gərginlik artıb. Rusiyanın müharibəni, moskvayönlü separatçı Dnestryanı bölgədə 1500-ə qədər rus əsgərinin yaşadığı Moldovaya yayacağına dair qorxular var. Moldova hökuməti Rusiyanın Ukraynaya təcavüzünü tənqid edir və Sandu 2022-ci ilin mayında Krım, Donbas və Kiyevin Ukraynanın bir hissəsi olduğunu deyib.

Fevralın 13-də Sandu Kremlin ölkəsində çevriliş planlaşdırdığını açıqladı. Kreml isə bunu təkzib edib. Sızdırılmış ABŞ hərbi sənədlərinə görə, bu yaxınlarda Ukraynada Rusiya qoşunları ilə birlikdə fəaliyyət göstərən “Vaqner” muzdlu qruplaşması Kremlin Moldovada vətəndaş iğtişaşlarını qızışdırmağa yönəlik iddia olunan cəhdlərdə iştirak edib.

Siyasi partiyalar və ictimaiyyətin mövqeyi

Moldovanın MDB-dən çıxıb-çıxmayacağı bəlli deyil. Xüsusən də ölkədəki siyasi partiyalar arasında bu məsələ ilə bağlı fikir ayrılığı var.

Rusiyapərəst sosialistlər bildiriblər ki, Moldova MDB-nin tamhüquqlu üzvü statusunu itirsə, Avrasiya ölkələri ilə siyasi, iqtisadi, sosial və mənəvi əlaqələrini gücləndirə bilməyəcəyi üçün ayaqda qala bilməyəcək. Digər əsas müxalifət partiyaları Moldova Kommunist Partiyası və Şor Partiyası Rusiyanı dəstəkləyir və MDB-də qalmaq istəyir. Sosialistlər MDB-dən çıxmaq barədə qərarın yalnız referendumla verilə biləcəyini iddia edirlər

Moldova ictimaiyyətində də MDB-yə üzvlüyün faydaları ilə bağlı fikir ayrılığı var. Lakin bununla bağlı rəy sorğuları azdır. Moldovada yerləşən “iDATA” sorğu şirkətinin apreldə keçirdiyi sorğuya əsasən, moldovalıların 40,6 faizi MDB-dən çıxmaq, 41,2 faizi isə qalmaq istəyir.

MDB-ni “səmərəsiz təşkilat” kimi xarakterizə edən Baş nazir Dorin Reçan müsahibəsində Moldovanın qurumdan çıxmasının “illərlə çəkən bir proses olacağını” bildirib və xəbərdarlıq edib ki, Moldova Qərbə daha da yaxınlaşmağa cəhd etsə, Moskva Kişinyovun sakit şəkildə MDB-dən çıxmasına imkan verməyəcək.

XS
SM
MD
LG