Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:40

Xersonda suyun səviyyəsi beş metr qalxıb


Sakinlər evakuasiya olunur
Sakinlər evakuasiya olunur

Dnepr üzərindəki Kaxovka bəndinin yarılmasından sonra Xerson şəhəri ərazisində suyun səviyyəsi təxminən beş metr yüksəlib. Bunu iyunun 7-də Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin sözçüsü Aleksandr Xorunji Ukrayna televiziyasına deyib.

Ukrayna prezidenti Volodimir Zelenski iyunun 7-də Kaxovka bəndinin dağıdılmasından sonra yüzminlərlə insanın içməli susuz qaldığını bildirib. “Rusiya işğalından əvvəl bu ərazilərdə ən azı 100 min insan yaşayırdı”, – Zelenski Telegram-da yazıb.

"Ən azı on minlərlə insan hələ də oradadır. Yüzminlərlə insan normal içməli sudan məhrum olub. Bizim xidmətlərimiz, insanlara kömək edə biləcək bütün şəxslər artıq cəlb olunub. Amma biz yalnız Ukraynanın nəzarətində olan ərazilərdə kömək edə bilərik. Rusiya tərəfindən işğal olunmuş hissədə işğalçılar insanlara kömək etməyə belə cəhd göstərmirlər”, - Zelenski qeyd edib.

+++

Dnepr çayında böyük bəndin dağılmasının yaratdığı daşqının iyunun 7-də səhər pik həddə çatacağı gözlənildiyindən Ukrayna hakimiyyəti on minlərlə insanın təxliyəsini davam etdirib.

Kiyev və Moskva Ukraynanın cənubundakı Xerson vilayətində sovet dövründən qalma Kaxovka bəndinin dağıdılmasına görə bir-birini günahlandırır. Ukrayna Prezidenti Volodimir Zelenski hadisəni “Rusiya işğalçılarının qəsdən törətdiyi dağıntı” və “ekoloji kütləvi qırğın bombası” kimi qiymətləndirib. Zelenski deyib ki, çayın aşağı hissəsindəki 80-ə yaxın yaşayış məntəqəsi təhlükə altındadır.

Ukraynanın qismən Rusiya işğalı aktında olan Xerson vilayətinin qubernatoru Oleksandr Prokudin iyunun 7-də səhər saatlarında bildirib ki, daşqının intensivliyinin azalmasına baxmayaraq, suyun səviyyəsi aşağıya doğru artmağa davam edəcək.

“Proqnozlarımıza görə, yaxın 20 saat ərzində suyun səviyyəsi daha bir metr qalxacaq”, –Prokudin videomüraciətində deyib.

Onun sözlərinə görə, Dnepr çayının Ukraynanın nəzarətində olan sağ sahilindən 1450-dən çox insan təxliyə edilib, burada 1850-yə yaxın ev su altında qalıb.

Əlavə daşqın ehtimalı

TASS xəbər agentliyi xəbər verir ki, Xersonun Moskvanın nəzarətində olan hissəsində Rusiyanın təyin etdiyi hakimiyyət orqanları iyunun 7-də fövqəladə vəziyyət rejimi tətbiq edib.

Britaniya Müdafiə Nazirliyinin dəyərləndirməsinə görə, rezervuar rekord həddə dolub, suyun təzyiqinin artması dağıntını daha da genişləndirəcək və daha güclü daşqın baş verəcək.

"Bəndin strukturunun yaxın bir neçə gün ərzində daha da pisləşəcəyi və əlavə daşqınlara səbəb olacağı ehtimalı var", – qurum bildirir.

BMT-nin Baş katibi Antonio Quterreş (Antonio Guterres) bəndin dağıdılmasını “monumental humanitar, iqtisadi və ekoloji fəlakət” adlandırıb, lakin birbaşa Rusiyanı günahlandırmayıb.

BMT-nin humanitar agentliyi bəndin dağıdılmasından və cəbhə xəttinin hər iki tərəfində yüzminlərlə insana ağır humanitar təsirdən ciddi narahat olduğunu bildirib.

Ekoloji fəlakət

Ukrayna prezident aparatı rəhbərinin müavini Oleksey Kuleba bəndin dağıdılmasının böyük ekoloji problem yaradacağını deyib. O, Kaxovka SES-də çənlərdə 400 tondan çox sürtgü yağının saxlandığını qeyd edib.

“Onun nə qədərinin Dnepr çayına töküldüyünü bilmirik, amma bu, böyük problem və ekoloji fəlakətə səbəb olacaq”, – Kuleba AzadlıqRadiosuna deyib.

Rusiya hücumu gerçəkləşdirdiyini inkar edib, Kreml isə bunu Kiyevin “təxribatı” adlandırıb.

Müdafiə naziri Sergey Şoyqu deyib ki, Ukrayna uğursuz əks-hücumundan sonra Rusiyanın Xerson bölgəsinə hücumlarının qarşısını almaq üçün bəndi dağıdıb.

Hündürlüyü 30, uzunluğu 3,2 kilometr olan Nova Kaxovka bəndi nəqliyyat və suvarma sisteminin vacib hissəsidir, həmçinin Rusiyanın ilhaq etdiyi Krım yarımadasını və Zaporojye nüvə zavodunu su ilə təmin edir.

Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) bildirib ki, elektrik stansiyasının reaktorlarını "bir neçə ay" soyutmaq üçün su anbarının üstündə yerləşən gölməçədə yetərincə su var.

XS
SM
MD
LG