Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:58

İndi də Lukaşenka nüvə silahı ilə hədələyir


Kollaj: Lukaşenka və Putin
Kollaj: Lukaşenka və Putin

Belarusun avtoritar başçısı Alyaksandr Lukaşenka Rusiya prezidenti Vladimir Putindən Minskə nüvə silahının qaytarılmasını xahiş etməsi barədə danışıb.

Onun sözlərinə görə “hələlik” söhbət yalnız taktiki nüvə silahından gedir, amma Belarus gələcəkdə həm də strateji nüvə silahının yerləşdirilməsi üçün meydançalar hazırlayır.

Onun sözlərindən belə çıxır ki, Belarus və Rusiya nüvə silahının yayılmamasına dair müqaviləni poza bilərlər.

Lukaşenka jurnalistlərlə söhbətində iddia edib ki, o Belarus ərazisində yerləşdiriləcək taktiki nüvə silahlarından istifadə barədə qərar verə bilər.

Hərçənd Moskva qəti şəkildə bildirmişdi ki, Belarusdakı nüvə silahından istifadə barədə qərar yalnız Rusiya tərəfindən qəbul edilə bilər.

Lukaşenka deyib:

"Allah eləməsin ki, mən müasir zamanda bu silahdan istifadə barədə qərar verməli olum. Amma əgər bizə qarşı təcavüz olsa, bu məsələdə heç bir tərəddüd olmayacaq”.

“İsrarla dostcasına tələb etdim ki...”

Belarusda Rusiya ordusunun taktiki nüvə başlıqlarının yerləşdiriləcəyini mart ayında Putin elan etmişdi.

O vaxt Putin demişdi ki, burada söhbət Minskə nüvə silahının verilməsindən getmir.

Amma Lukaşenkanın iddialarından belə çıxır ki, nüvə silahı Belarusa faktiki olaraq qaytarılır. Bu ölkədə 1996-cı ilədək nüvə silahları olub:

"Əvvəlcə mən Putindən xahiş etdim. Sonra isə israrla dostcasına tələb etdim ki, hələlik bu silahı mənə qaytar. Bu mənə kifayətdir. Bu mənim tələbim idi. Buna məni Rusiya məcbur etməyib. Nə üçün? Çünki siz hamınız deyirsiniz ki, nüvə dövləti ilə dünyada heç kim döyüşməyib”.

Belarus və Rusiya nüvə silahının yayılmamasına dair Müqavilənin üzvüdürlər.

Bu müqavilə hər hansı ölkəyə belə silahın, o cümlədən birbaşa və dolayısı ilə nəzarətlə verilməsini və ya qəbul edilməsini qadağan edir.

Ukrayna və Belarusun nüvə silahları

SSRİ dağılanda Belarus, Ukrayna ilə birlikdə könüllü şəkildə ərazisindəki nüvə silahından imtina etmişdi.

Minsk nüvəsiz zona olması barədə niyyətini 1990-cu ildə, müstəqillik aktı ilə birlikdə bəyan etmişdi.

Nüvə başlıqlarının Belarusdan Rusiyaya aparılması 1996-cı ildə həyata keçirilib. Lukaşenka onda iki il idi ki, prezident idi.

Ukrayna öz ərazisindəki nüvə silahından 1994-cü il Budapeşt memorandumu ilə imtina etmişdi.

Həmin memoranduma görə ABŞ və Rusiya Ukraynanın ərazi bütövlüyünə qarantiya vermişdilər.

Əslində istər Belarusda, istərsə də Ukraynada olan nüvə silahlarının kodları daim Moskvada olub. Kiyev və Minsk bu silahdan texniki baxımdan müstəqil şəkildə istifadə edə bilməzdilər.

Bəzi politoloqların fikrincə Rusiyanın Belarusda nüvə silahı yerləşdirməsi, Moskvanın pozduğu Budapeşt memorandumunu yenidən gündəmə gətirə bilər.

XS
SM
MD
LG