Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:01

Qırğızıstan prezident aparatı 'trol fabriki' saxlamadığını deyir


Checkit Media-nın araşdırması
Checkit Media-nın araşdırması

Qırğızıstan Milli Televiziya və Radio Korporasiyası (MTRK) hökumətin siyasətinin təbliği və tənqidçilərinə hücum məqsədilə saxta sosial hesablar şəbəkəsi yaradıb. Ölkədə aparılan müstəqil araşdırma belə bir qənaətə gəlib.

Ancaq bu iddianı həm dövlət televiziyası, həm də Prezident Sadır Japarovun idarəsi təkzib edib.

“Prezidentə saxta hesabların dəstəyi gərəkdirmi?” adlı tədqiqatı Qırğızıstanda bir neçə müstəqil media orqanını birləşdirən “Checkit Media” qrupu aparıb. Video araşdırmada deyilir ki, vergiödəyicilərinin pulu ilə maliyyələşən MTRK internetdə informasiya yaymaq üçün xüsusi şöbə açandan sosial mediada hökumətyönlü reportaj və şərhlərin sayı artıb. “SMM və Yeni media” adlı şöbə noyabrda yaradılıb.

Şəbəkənin arxasında kim dayanır

Hökumətpərəst kontent həm MTRK işçilərinin şəxsi sosial media hesablarında, həm də saxta hesablarda yerləşdirilib və paylaşılıb. “Checkit Media”nın iddiasına görə, dövlət televiziyası işçilərinin hesabları “trol hesabları” ilə sıx bağlıdır.

Saxta hesablar hökumətin tənqidçiləri, müstəqil jurnalistlər və QHT-lərə qarşı məhkəmə işlərində hökumətin siyasətinin təbliğində xüsusilə fəal olublar. Məsələn, trol hesabları “Kempir-Abad” işində xüsusi canfəşanlıq göstəriblər. Bu iş Japarovun Özbəkistanla sərhədin demarkasiya siyasətinə qarşı çıxan 27 fəal, jurnalist və siyasətçiyə açılıb.

“Checkit Media” bildirir ki, SMM şöbəsinə “vaxtaşırı hakimiyyəti tərifləyən sosial media postları paylaşan Usubalı Mabmetov” başçılıq edir.

Anonim mənbələrə görə, prezident administrasiyasında İnformasiya Siyasəti Departamentinin başçısı Daiyrbek Orunbekovdan “tapşırıqlar gəlib”.

Orunbekovun adı daha öncə keçmiş dövlət gömrük agentliyinin qalmaqallı rəis müavini Raimbek Matraimovun ailəsini dəstəkləyən trol fabriki ilə əlaqələndirilib. Matraimov on milyonlarla dollarlıq çirkli pulyuma işində mərkəzi fiqur idi.

Təkzib

Orunbekov iddianı rədd edərək böhtan adlandırıb. O, AzadlıqRadiosuna deyib ki, “Checkit Media”nın iddiaları inandırıcı olmayan anonim mənbəyə əsaslanır və “inam yaratmır”.

“Checkit Media dövlət televiziyası jurnalistlərinə ona görə trol damğası vurub ki, onlar ölkədə pozitiv dəyişikliklərlə bağlı material paylaşıblar”, – rəsmi AzadlıqRadiosuna deyib.

O, “Checkit Media” jurnalistlərini “neqativ axtarmaqda”, hökumətin imicinə zərbə vurmağa çalışmaqda suçlayıb.

MTRK isə bəyanat yayaraq SMM və Yeni media departamentinin “guya saxta hesablarla öz fikirlərini yayan trolları işə götürməsi” haqda iddiaları “rəsmi təkzib edib”.

MTRK işçisi Çinara Kaparova Facebook-da “Checkit Media”nın araşdırmasına cavab verib.

“‘Dövlət büdcəsindən milyonlar MTRK-ya xərclənir’ deyərək informasiya hücumuna başlamaq, sonra isə yalnız Yeni media departamentini hədəfə almaq yanlışdır. Bu, ictimaiyyəti aldatmaqdır”, – o yazıb.

Trollarla necə mübarizə aparmalı

Son illər Qırğızıstanda müxtəlif siyasi qüvvələrə və hakimiyyətə bağlı onlayn trolların sayı artır.

Ölkədə bir neçə media orqanı keçmişdə bu fenomeni araşdırıb. Tədqiqatlar müəyyən siyasi hadisələr vaxtı ictimai rəyi formalaşdırmaq, fərdlərin ictimai imicini hədəfə almaq üçün saxta hesablardan necə istifadə olunduğunu üzə çıxarıb.

“Saxta hesabları təkcə hakimiyyətdə olanlar yaradıb istifadə etmir, müəyyən nüfuzu və pul olanlar da bunu edir”, – qırğızıstanlı jurnalist Mirjan Balıbayev deyib.

Onun sözlərinə görə, trollar və saxta hesablardan istifadəni aradan qaldırmaq asan deyil, çünki bu, onları yaradanların mesajlarını yayması üçün “rahat” metoddur.

Jurnalist deyir ki, saxta hesablar və trollarla mübarizənin ən səmərəli yolu cəmiyyəti onlarla bağlı maarifləndirməkdir. Yəni, ictimaiyyət saxta və həqiqi kontent və xəbərləməni fərqləndirə bilsin.

“Checkit Media” fevralda saxta hesablar və informasiyadan manipulyasiyaya qarşı layihə çərçivəsində yaradılıb. Qrupa April TV, Bashtan Bashta, Bulak.kg, Factcheck.kg, Media.kg, Mediahub və PolitKlinika kimi media orqanları daxildir.

XS
SM
MD
LG