Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:00

Prezident Əliyev Söyüdlü etirazlarından danışdı. 'Kiminsə nazı ilə oynayası deyilik'


İlham Əliyev və Rza Vəziri Gədəbəydəki qızıl zavodunun açılışında. 2013
İlham Əliyev və Rza Vəziri Gədəbəydəki qızıl zavodunun açılışında. 2013

Prezident İlham Əliyev iyunun 20-də Gədəbəyin Söyüdlü kəndində baş verənləri "qəbuledilməz" adlandırıb. Prezident iyulun 11-də 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini tənqid edib.

İyunun 20-də Söyüdlü sakinləri "Gədəbəy" yatağından qızıl hasilatı və emalı müəssisəsinin çirkab suları üçün ikinci süni gölün yaradılmasına etiraz ediblər. Polis etirazlara müdaxilə edib, 10 nəfərə yaxın şəxsin xəsarət aldığı, rəsmi olaraq beş nəfərin inzibati həbs olunduğu deyilir.

"Ya bilirdi gözünü yumurdu..."

"Mən hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib. İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil", – Əliyev bildirib.

'Nə sovet hökuməti, nə də Heydər Əliyev izn vermişdi' - Söyüdlüdəki zəhər gölü ilə bağlı önəmli detallar açılır
Gözlə

No media source currently available

0:00 0:05:05 0:00

Prezident ikinci tullantı gölünün qurulmasının ciddi araşdırmaya ehtiyacı olduğunu deyib: "Kim onlara icazə verib? Görünür, ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sövdələşiblər, ya da ki, onu özbaşına ediblər, ona görə ciddi araşdırılmalıdır".

Britaniyanın Azərbaycanda qızıl hasil edən "Anglo Asian Mining plc." şirkətinin rəhbəri Rza Vəziri isə şirkətin Gədəbəy rayonundakı fəaliyyəti ilə bağlı tənqidlərə cavab olaraq AzadlıqRadiosuna deyib ki, mədənçilik fəaliyyətlərini ən yüksək beynəlxalq standartlar əsasında aparırlar: "Monitorinq keçirmək istəyən varsa, gələ bilərlər. Ekologiya Nazirliyinin nümayəndələri orada olublar, yoxlayıblar və bildiriblər ki, heç bir pozuntuya yol verilməyib".

"Kiminsə nazı ilə oynayası deyilik"

Əliyev vətəndaşların bir hissəsinin təxribatçıların fitnəsinə uyaraq "ədəbsiz, qanunsuz" hərəkətlər etdiyini iddia edib, bunu "dözülməz, qəbuledilməz" adlandırıb. Prezidentin iddiasına görə, o təxribatçıların bəziləri Azərbaycanda, bəziləri xaricdə gizlənir: "Azərbaycandakılar artıq müəyyən edildi və bir neçəsi məsuliyyətə cəlb olunmuşdur. Xaricdəkiləri də biz məsuliyyətə cəlb edəcəyik".

Polis nəzarətində olan Söyüdlüdən səslər: 'Evimizdə dustağa çevrilmişik'
Gözlə

No media source currently available

0:00 0:05:57 0:00

Bu deyilənlərə Söyüdlüdə saxlanan şəxslərin, onların vəkillərinin münasibəti bəlli deyil.

Prezident Əliyev bir daha polisi müdafiə edərək deyib ki, kimsənin polisə ləkə vurmasına imkan verməyəcək. O, vətəndaşların qanuna tabe olmalı olduğunu deyib: "Əgər Azərbaycan polisi dözümlülük göstərirsə, o demək deyil ki, kim istəyir polisə daş ata bilər. Bu, qətiyyən mümkün deyil. Mən hər kəsə deyirəm, burada biz kiminsə nazı ilə oynayası deyilik, necə lazımdır, əgər lazım bilsək, kimi lazımdır, elə cəzalandırarıq ki, peşman olar".

Bir neçə gün öncə AzadlıqRadiosunun Söyüdlüyə təsadüf telefon zəngləri nəticəsində bəlli olub ki, kənd polis nəzarətindədir, bəziləri evlərində dustağa çevrildiklərini deyiblər. Bir sakinin sözlərinə görə, "polis hamını döyüb, təhdid edib. Qorxudan heç kəs danışmır. Səsini çıxaranı dama basırlar, döyürlər".

Azərbaycanda etirazların polis tərəfindən zorakılıqla yatırdılması, saxlananlarla pis rəftar olunması beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında da tənqid olunub. Ancaq rəsmi orqanlar, bir qayda olaraq, tənqidləri rədd edib.

Qızıl mədənlərində Əliyevlərin payı
Gözlə

No media source currently available

0:00 0:05:48 0:00

Bir həftə vaxt verib

Dövlət başçısı məsələnin araşdırılması üçün komissiya yaratmaq göstərişi verdiyini, ancaq bugünə qədər cavab almadığını bildirib. O, bir aya yaxın vaxt keçməsinə baxmayaraq, nə Nazirlər Kabinetinin, nə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ona məruzə etdiyini bildirib. Əliyev bir həftə ərzində həm ona, həm ictimaiyyətə məlumat verməyə və məsələni araşdırmağa tapşırıb.

İyunun 22-dən Söyüdlü kəndinin girişinə və çıxışına polis postları qurulub. İyunun 27-də isə kəndə əlavə dörd avtobus xüsusi təyinatlı polis əməkdaşlarının gətirildiyi bildirilib. Yerli sakinlərin "Turan"a dediklərinə görə, onlar bildiriblər ki, istənilən yeni etiraz aksiyasının qarşısı qəti şəkildə alınacaq.

XS
SM
MD
LG