Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:30

Fransa Ermənistana silah verəcəkmi?


Fransa Senatının sədri Jerar Larşe
Fransa Senatının sədri Jerar Larşe

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistan Müdafiə Nazirliyində Fransa Senatının sədri Jerar Larşenin Ermənistanın silahlarla təchizinə dair bəyanatını şərh etmirlər.

Ötən həftə Larşe Ermənistan Milli Məclisinin spikeri Alen Simonyanı qəbul etdikdən sonra Twitter-də yazmışdı:

“Mən Ermənistanı Dağlıq Qarabağla birləşdirən Laçın dəhlizinin dərhal açılmasını və onun təhlükəsizliyinin təminatı üçün Ermənistana müdafiə silahları verilməsini sürətləndirməyi tələb etdim”.

Azatutyun yazır ki, onun Fransadan Ermənistana silah verilməsi prosesinin gedib-getmədiyinə dair sorğusuna Alen Simonyanın ofisi də cavab verməyib.

Hakim Vətəndaş müqaviləsi partiyasından deputat, Milli Məclisin müdafiə məsələləri komissiyası sədrinin müavini Armen Xaçatryan deyib ki, Ermənistan silah almaq üçün bütün ölkələrlə fəal iş aparır:

“Fransa ilə prosesin hansı mərhələdə olduğu, hara yetişdiyimiz, hansı hərbi-texniki əməkdaşlıqdan söhbət getdiyi barədə fransızların dediyindən başqa heç nə deyə bilmərən. Düşünürəm ki, bu kifayətdir”.

Rusiya ehtiyacları təmin edə bilmir

Xaçatryan vurğulayıb ki, Rusiya silah məsələsində Ermənistanın əsas müttəfiqi olaraq qalır:

“...Rusiya Federasiyası məlum səbəblərə görə uzun müddətdir ki, Ermənistan Respublikasının silaha olan ehtiyaclarını təmin edə bilmir. Təbiidir ki, biz də ordumuzu silahlandırmaq üçün bütün dünya boyunca partnyorlar axtarmağa məcburuq”.

Azatutyun xatırladır ki, ötən ay Ermənistanın müdafiə naziri Suren Papikyan Fransada olub, aviasiya sərgisinin açılışında iştirak edib və Fransa müdafiə sənayesi şirkətlərinin rəhbərləri ilə görüşüb.

Azatutyun bunu da qeyd edir ki, son vaxtlarda Azərbaycan hökumətinin Fransa ilə münasibətləri xeyli korlanıb.

Erməni politoloq: Fransa artıq vasitəçi kimi qəbul olunmur

Ermənistan politoloqlarından Areq Koçinyan Azatutyuna deyib ki, Fransa artıq Ermənistan-Azərbaycan münasibətlərinin normalalşdırılmasında vasitəçi kimi qəbul olunmur.

“Biz birmənalı şəkildə bu istiqamətdə işləməliyik ki, Fransa vasitəçi rolundan çıxıb bizim müttəfiqimizə, imkanlarımızı, müqavimətimizi gücləndirən müttəfiqə çevrilsin. Məsələn Azərbaycan üçün Pakistan və ya Türkiyənin olduğu kimi bir dövlət olsun. Fransa bir vasitəçi kimi indiyədək Ermənistan üçün edə biləcəyini maksimum edib. İndi Fransanı vasitəçi kimi görmək Ermənistanın marağında deyil. Ermənistanın marağında olan Fransanı müttəfiq kimi görməkdir”.

“Problem Ermənistanın Rusiyadan asılılığıdır”

Lakin Koçinyan əlavə edib ki, burada bir problem var: Qərbdə Ermənistanla hərbi-sənaye əməkdaşlığına birmənalı yanaşmırlar və buna səbəb Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olmasıdır:

“Başlıca problem Ermənistanın Rusiyadan asılılıq dərəcəsidir. Başlıca problem Ermənistanda idarəçiliyin əsasını təşkil edən şəxslərin Rusiya Federasiyası ilə bağlılığıdır. Əgər bu iki məqam olmasaydı, Ermənistanın KTMT üzvlüyü prinsipial problem olmazdı”.

Politoloq bildirib ki, hazırda Ermənistanın silah əldə etməsi üçün başqa bazarlar yoxdur.

Azatutyun yazır ki, bir vaxtlar Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərindən olmuş Fransa bundan əvvəl münaqişə tərəflərinə nə müdafiə, nə də hücum silahları satmayıb.

Ermənistan Müdafiə Nazirliyi Azatutyunun bu barədə sorğularına hələ ki, cavab verməyib.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları aparır.

ABŞ Aİ formatını dəstəkləyir. Amma tərəflər arasında, hələlik, sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG