Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:36

Moskvaya yenə dron hücumu olub


Moskvada dron ofis binasına dəyib
Moskvada dron ofis binasına dəyib

Ukraynanın şərqi Xarkov şəhərində kollec yataqxanasının bir hissəsi Rusiyanın dron zərbəsindən dağılıb. Moskvanın meri Sergey Sobyanin isə Rusiya paytaxtına Ukraynanın dron zərbəsinin qarşısının alındığını bildirib. Bir ofis binasına ziyan dəyib, şəhərin əsas aeroportlarından biri isə qısa müddətə bağlanıb.

Xarkova hücumda azı bir nəfər yaralanıb. Mer İhor Terexovun dediyinə görə, zərbə şəhərin sıx məskunlaşmış kənarını hədəfə alıb, azı üç dronun iştirakıyla gerçəkləşib.

Dronlardan biri yataqxananın iki mərtəbəsini dağıdıb.

Rusiya ilə sərhədə yaxın yerləşən Xarkov Rusiyanın mütəmadi zərbələrinə məruz qalır.

Sobyanin avqustun 1-də deyib ki, şəhərin havadan müdafiə sistemləri ötən gecə çoxsaylı dronları dəf ediblər.

“Onlardan biri keçən dəfəki kimi eyni qülləyə dəyib”, – Sobyanin deyib. Həftəsonu dron hücumunda bir bina ziyan görmüşdü.

Moskvada ziyan dəymiş ofis binası
Moskvada ziyan dəymiş ofis binası

Vnukovo yenə bağlanıb

Rusiyanın Müdafiə Nazirliyi şəhər mərkəzindən qərbə doğru iki dronun vurulduğunu açıqlayıb. Radio-elektron sistemlə vurularaq nəzarəti itirən bir dron isə Moskva Citi-də qeyri-yaşayış binaları kompleksinin ərazisinə düşüb.

Hücumdan sonra Moskvadakı Vnukovo beynəlxalq aeroportu qısa müddətə bağlanıb. Xəbəri TASS dövlət xəbər agentliyi yayıb. Vnukovo Rusiya paytaxtında üç böyük aeroportdan biridir.

Son 24 saat ərzində şərqi Donetsk vilayətində Rusiya atəşindən iki dinc sakin öldürülüb. Bunu vilayət qubernatoru Pavlo Kirilenko avqustun 1-də Telegram-da yazıb.

Bir gün öncə isə cənubdakı Krivoy Roq şəhərində çoxmərtəbəli binaya raket zərbəsindən biri 10-yaşlı uşaq olmaqla altı nəfər öldürülüb, 22 nəfər yaralanıb.

Cənubi Xerson şəhərində bir nəfərin, şimal-şərqdəki Sumıda iki dinc sakinin öldürüldüyü, azı 17 nəfərin yaralandığı bildirilir.

Cəbhədə vəziyyət

Cəbhə boyu isə qızğın döyüşlər gedir. Britaniyanın Müdafiə Nazirliyi gündəlik kəşfiyyat bülletenində Ukraynanın cənubunda “intensiv döyüş” getdiyini yazıb.

Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimov Ukraynanın cənubundakı Zaporojye vilayətindəki rusiyalı əsgərlərə baş çəkib. Məlumatı avqustun 1-də Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Bundan bir gün öncə Ukraynanın Müdafiə nazirinin müavini Hanna Malyar Ukraynanın Zaporojyedə əkshücumunda irəliləyiş olduğunu bildirib.

Malyar deyib ki, mayda əkshücum başlanandan Ukrayna qüvvələri 205 kv kilometrə yaxın ərazini azad ediblər. Bunun 13 kv km-ə yaxını son bir həftədə azad olunub.

Bu məlumatı müstəqil təsdiqlətmək mümkün olmayıb.

XS
SM
MD
LG