Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:36

Polşa Belarusla sərhəddə qoşun sayını 10 minə çatdıracaq


Polşa ordusunun hərbçiləri
Polşa ordusunun hərbçiləri

Polşa hökuməti Belarusla sərhəddəki qoşunların sayını 10 min nəfərə çatdırmaq barədə qərar qəbul edib.

Bu barədə məlumatı “Polşa radiosuna” müsahibəsində ölkənin müdafiə naziri Mariuş Blaşşak verib.

Bundan bir neçə gün əvvəl Polşa sərhəd xidmətinin rəisi Tomaş Praqa Belarusla sərhədə əlavə qoşun göndərilməsini rica etmişdi.

Mariuş Blaşşak radioya müsahibəsində deyib ki, 10 min əsgərin 4 mini bilavasitə sərhəd xidmətinə dəstək verəcək, qalan 6 min hərbçi isə ehtiyatda saxlanacaq.

Onun sözlərinə görə nazirlik qoşunların yerini “Belarus sərhədinə yaxın əraziyə keçirir və bu təcavüzkarı hücum etməkdən çəkindirmək üçün edilir”.

Helikopter insidenti

Nazir habelə xatırladıb ki, bu yaxınlarda Belarusun iki hərbi helikopteri sərhədyanı ərazidə təlim keçərkən Polşanın hava məkanına daxil olmuşdu.

Müdafiə Nazirliyi məhz bu insidentdən sonra sərhəddəki hərbçilərin sayını artırmaq və bu bölgəyə döyüş helikopterləri göndərmək qərarına gəlib.

Avqustun 8-də Blaşşak sərhəd xidmətinin ricası ilə Belarusla sərhədə minədək hərbçi göndərmişdi. O vaxt sərhəddə 2 minədək əsgər vardı.

Bundan əvvəl Varşava Rusiyanın Vaqner özəl hərbi şirkəti muzdlularının Belarusa gətirilməsi ilə bağlı regionun mühafizəsini gücləndirmişdi.

Vaqnerçilər iyul ayında Belarus ordusu ilə birgə hərbi təlim keçirməli idilər.

Lukaşenkanın qorxulu “zarafatı”

Belarusun avtoritar başçısı Alyaksandr Lukaşenka Sankt Peterburqda Rusiya prezidenti Vladimir Putinlə söhbətində iddia etmişdi ki, guya vaqnerçiləri Varşavaya yürüşdən güc-bəla ilə saxlaya bilir.

Lukaşenka bundan bir həftə sonra zarafat etdiyini desə də, həmin iddianı yenidən dilə gətirmişdi.

Polşa baş nazirinin müavini Yarisolav Kaçinski ölkə silahlı qüvvələrindəki hərbçilərin sayını artırmağı təklif edib.

O demişdi ki, əvvəllər yalnız 3 diviziyadan ibarət Polşa ordusunda bundan sonra 6 divizya olacaq.

Onun sözlərinə görə bunun ardınca Polşada daha bir ehtiyat diviziyası təşkil olunacaq.

Lukaşenka təhlükəsi

Kaçinski dəqiqləşdirib ki, hökumət hazırda köhnə hərbi hissələrin bərpası və yenilərinin yaradılması üzərində işləyir.

Bundan başqa Polşa özünün raket divizionunu bərpa edib. İndi bu divizion HIMARS raketləri ilə silahlandırılıb.

2021-ci ildə Lukaşenkanın Avropa İttifaqına təzyiq göstərmək üçün minlərlə qanunsuz miqrantı bilərəkdən və məqsədli şəkildə Polşa sərhədinə buraxması nəticəsində yaranmış böhrandan sonra Polşa sərhədin 186 kilometrində hündürlüyü 5.5 metr olan hasar çəkib.

Sərhəd bir neçə müdafiə xəttindən ibarətdir və hərəkət aşkarlayıcıları və gecə görüntüsü də daxil müasir elektronika avadanlığı ilə təchiz edilib.

XS
SM
MD
LG