Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:43

Ermənistan Qafan aeroportuna Azərbaycan tərəfdən atəş açıldığını deyir


Qafandakı "Syunik" hava limanı
Qafandakı "Syunik" hava limanı

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun Ermənistan Milli Təhlükəsizlik Xidmətinə istinadla xəbər verir ki, avqustun 18-də səhərin erkən saatlarında hələ ki müəyyən edilməmiş avtomobildə olan naməlum şəxs Azərbaycan-Ermənistan sərhədinin Qafan aeroportuna yaxın hissəsindən hava limanına üç dəfə atəş açaraq gedib.

Məlumatda deyilir ki, güllələrdən ikisi hava limanının pəncərələrindən birini və damını zədələyib.

Ermənistan MTX-nin bu barədə bəyanatında deyilir:

“Azərbaycan hökumətini bu insidentin lazımi təhqiqatına və belə insidentlərin təkrar olunmasının qarşısının alınması üçün tədbirlərin görülməsinə çağırırıq. Ermənistan Respublikası MTX sərhəd qoşunları birgə təhqiqat aparmağa və ya müvafiq video materialların Azərbaycan tərəfinə təqdim olunmasına hazırdır”.

Bir gün əvvəl aeroporta Paşinyan gəlibmiş

Bundan bir gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Yerevan-Qafan reysi ilə məhz bu hava limanına gəlmişdi.

Azatutyun yazır ki, sabah (avqustun 19-da) Yerevan-Qafan təyyarə reysinin təqdimat mərasimi olacaq və bundan sonra gələn həftədən Yerevan və Qafan arasında müntəzəm reys fəaliyyət göstərəcək.

Qafan aeroportu 1990-cı illərdən bəri bağlı idi. Aeroportun uçuş-eniş xətti Azərbaycanla sərhədin 100 metrliyindədir.

Azərbaycan tərəfi hələ ki, bu xəbərlə bağlı açıqlama verməyib.

Azərbaycan MN-nin məlumatı

Amma Azərbaycan Müdafiə Nazirliyinin avqustun 18-də verdiyi məlumatda deyilir ki, Rusiya sülhməramlı kontingentinə aid maşının müşayiəti ilə Qarabağdakı erməni silahlı birləşmələrinin mövqelərinin gücləndirilməsi müşahidə olunub.

Məlumatda deyilir ki, əraziyə silah-sursat və minaların daşınması üçün təcili tibbi yardım maşınından da istifadə edilib.

Bildirilir ki, bundan əvvəl Azərbaycanın hava məkanından keçən mülki təyyarələrin uçuşlarının təhlükəsizliyinə ciddi təhdid yaradan REM vasitələrinin quraşdırılmasında da təcili yardım maşınlarından istifadə olunduğu qeydə alınıb.

Azərbaycan Müdafiə Nazirliyi habelə avqustun 18-də bildirib ki, Kəlbəcər rayonundakı mövqeləri atəşə tutulub.

Açıqlamaya görə, onlar da adekvat cavab tədbirləri görüb.

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib. Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə (2020-ci il 10 noyabr) Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG