Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:00

Ukrayna ordusu müdafiə xəttini yarmağa çalışır


Rusiya və Ukraynanın teleqram kanalları avqustun 21-də Zaporojye vilayətindəki Rabotino qəsəbəsinin yaxınlığında gedən intensiv döyüşlər barədə xəbər verirlər.

Bu qəsəbə Rusiya qüvvələrinin Tokmak və Melitopol istiqamətindəki birinci müdafiə xəttinin üstündə yerləşir.

Ukrayna qoşunları bu qəsəbə istiqamətində döyüşləri iyun ayında əks-hücum başlanandan bəri aparır. Son günlərdə Ukrayna hərbçilərinin qəsəbəyə daxil olduğu xəbər verilirdi.

Ukrayna müdafiə nazirinin müavini Hanna Malyar avqustun 21-də Teleqramda yazıb ki, Ukrayna qüvvələri Zaporojye vilayətində Rabotino qəsəbəsindən cənub-şərqdə və Malaya Tokmaçkadan cənubda uğur qazanıb, qəsəbənin özündə isə “döyüş planı üzrə iş davam edir”.

Rusiyalılar Kupyansk istiqamətində irəlilədiklərini deyirlər

Rusiyanın hərbi blogerləri döyüşün artıq qəsəbənin içərisində getdiyini yazırlar.

Elə həmin blogerlər iddia edirlər ki, Rusiya qüvvələri başqa cəbhə xəttində, Kupyansk istiqamətində irəliləyib. Onlar xəbər verirlər ki, Rusiya hərbçiləri Kupyanskın şimal-şərq istiqamətində Sinkovka kəndini tutublar.

Amma Ukrayna mənbələri rusiyalıların guya Sinkovka kəndində çəkdikləri videonu qurma adlandırıblar.

Müharibə şəraitində tərəflərin iddialarını dəqiqləşdirmək çətindir.

Bundan əvvəl Xarkov vilayətinin Kupyansk şəhəri ətrafından təxliyə başlandığı xəbər verilmişdi.

Ukrayna hökuməti Kupyanskın itirilə biləcəyindən narahatdır.

Şəhər mərkəzinə raket hücumu. Şahid: "Dəhşətli idi..."
Gözlə

No media source currently available

0:00 0:00:59 0:00

Kaluqa vilayətində Ukrayna dronu “düşüb”

Bu da xəbər verilir ki, Rusiyanın Kaluqa vilayətindəki aerodromun ərazisinə Ukrayna dronu düşüb.

Bu barədə məlumatı regionun qubernatoru Vladislav Şapşa verib.

Baza teleqram kanalının yazdığına görə aerodromda “istifadəsiz təyyarəyə ziyan dəyib”.

Bundan əvvəl Rusiya tərəfi bildirirdi ki, ötən şənbə günü Ukrayna dronu Soltsı kəndində, hərbi-hava bazasındakı təyyarəyə ziyan vurub.

Daha sonra yayılan foto və videolarda T-22MZ strateji bombardmançı təyyarəsinin tamamilə yandığı görünür.

Ukrayna taktikanı dəyişir

Bu arada The Economist yazır ki, Ukrayna 2023-cü ilin iyununda başlamış əks-hücumun taktikasını dəyişib.

Ukrayna qoşunları bundan əvvəl böyük itki verirdi, indi isə əsas diqqət düşmənin artilleriya, radioelektron mübarizə vasitələri və dronlarla vurulmasına verilir.

The Economist Ukrayna baş qərargahındakı mənbəyə istinadla yazır ki, Kiyev ona yüzlərlə tank vəd olunmasına baxmayaraq hələ ki, yalnız 60 Leopard tankı alıb.

Jurnalın mənbəyi deyib ki, hazırda minaların təmizlənməsi üçün texnika fəlakətli şəkildə çatışmır:

"Bizim Qərbin istədiyi kimi ön cəbhə döyüşləri üçün resurslarımız yoxdur”.

Qeyd olunur ki, daha bir problem havadan qorumanın olmamasıdır. Bu, minalı sahələrin və müdafiə xəttinin təmizlənməsini çətinləşdirir.

Mənbənin sözlərinə görə Ukraynanın hərbi rəhbərliyi məhz bu səbəbdən əks-hücumun başlanmasını mümkün qədər ləngitməyə çalışırdı.

"Əks-hücum fəlakət idi"

The Economist həmin mənbəyə istinadla yazır ki, iyun ayındakı hücum “fəlakət” idi.

Media xəbərlərində deyilir ki, Ukraynanın Qərbdə təlimləndirilmiş iki briqadası minalı sahələrdə çox sayda canlı qüvvə və texnika itirib.

Baş qərargahdakı mənbənin sözlərinə görə Ukrayna hazırda əsas diqqətini ordunun qorunub saxlanmasına yönəldir.

Bu da qeyd olunur ki, Ukrayna silahlı qüvvələri cənub cəbhəsində uğur qazanaraq kifayət qədər böyük ərazidə minalı sahələrdən keçib.

Buna baxmayaraq iki ay yarımdır ki, Ukrayna özünün strateji məqsədinə - Azov dənizinin sahilinə çıxışa nail ola bilməyib.

Rusiya yeni ordu təşkil edir

Bu arada Britaniyanın hərbi kəşfiyyatının məlumatına görə Rusiya Ukrayna cəbhəsində döyüşmək üçün daha bir böyük birləşmə - 18-ci ümumqoşun ordusunun təşkilinə başlayıb.

Məlumatda deyilir ki, yeni ordu ehtimalən Krım qarnizonuna daxil 22-ci ordu korpusu da daxil Ukraynanın Xerson vilayətində döyüşən başqa hissələrin birləşdirilməsindən təşkil olunacaq.

Britaniya kəşfiyyatı bildirir ki, yeni ordunun əsasən səfərbərlərdən təşkil olunacağı düşünülür:

"Rusiya belə görünür ki, əsas istiqamətlərdə döyüşmək üçün daha çox təcrübəli hissələri azad etməyə çalışır. Belə bir real ehtimal var ki, hərbi hava desant qüvvələrinin Xersondan Orexov istiqamətinə gətirilməsi də bununla bağlıdır”.

Britaniya kəşfiyyatı bundan əvvəl bildirirdi ki, Rusiya Ukraynanın işğal olunmuş ərazilərində yeni iri quru qoşunu birlikləri yaradılmasına başlayıb.

Moskva bu məqsədlə mövcud qanunlara dəyişikliklər edir ki, orduya mümkün qədər çox adamı cəlb edə bilsin.

Dövlət Duması bu yaxınlarda həqiqi hərbi xidmətə çağırış yaşının yuxarı həddini 27-dən 30-a qaldırıb.

Bundan başqa ehtiyatda olan hərbçilərin yuxarı səfərbərlik yaşı 70-ə qaldırılıb.

Bununla belə Britaniya kəşfiyyatının məlumatına görə Ukraynanın cənub istiqamətindəki əks-hücumu Rusiyanın iki ordusunu əldən salaraq tükəndirib.

XS
SM
MD
LG