Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:36

Azərbaycanda özəl bağçaların sayı çoxalıb


'Tələb olsaydı, açardıq' - Azərbaycandilli bağçalar niyə azdır
Gözlə

No media source currently available

0:00 0:04:33 0:00

'Tələb olsaydı, açardıq' - Azərbaycandilli bağçalar niyə azdır

Dövlət Statistika Komitəsi (DSK) Azərbaycanda məktəbəqədər təhsil ocaqlarına dair bilgiləri açıqlayıb. Açıqlanan göstəricilərdən bəlli olur ki, son illərdə ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayı artır. Bu ilin əvvəlinə Azərbaycanda 1 min 844 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Azərbaycanda müstəqilliyin ilk illərindən 2009-cu ilədək uşaq bağçalarının sayı azalsa da, 2010-cu ildən bəri ardıcıl artım qeydə alınır. Son beş ildə ölkədə bağça sayı 78; son 10 ildə isə 162 ədəd artıb. Ancaq hələ də ölkədəki bağçaların sayı müstəqilliyin ilk illəri ilə müqayisədə aşağıdır. 1990-cı illərin əvvəllərində ölkədə bağça sayı 2 mini aşırdı.

Son bir neçə ilin göstəricisindən bəlli olur ki, bağçaların say artımı, əsasən, özəl sektorla bağlıdır. 2018-2022-ci illər arasında Azərbaycanda dövlət bağçalarının sayı 16 ədəd, özəl bağçaların sayı 43 ədəd artıb. Hazırda ölkədə 1 min 696 dövlət, 148 özəl uşaq bağçası fəaliyyət göstərir. Bu o deməkdir ki, Azərbaycandakı uşaq bağçalarının cəmi 8 faizi özəldir.

Azərbaycanda özəl uşaq bağçalarının maksimum sayı 2019-cu ildə qeydə alınmışdı. Həmin vaxt ölkədə 156 özəl uşaq bağçası fəaliyyət göstərirdi. Pandemiya dövründə belə müəssisələrin fəaliyyətini dayandırması bəzi uşaq bağçalarının birdəfəlik bağlanmasına yol açdı. Rəsmi rəqəmlərə görə, 2020-ci ildə ölkədə 23 uşaq bağçası fəaliyyətini dayandırıb.

Bağçaya gedən uşaqların sayı necə dəyişib?

Son bir neçə il içində ölkədə məktəbəqədər təhsil ocaqlarının sayı artsa da, oradakı uşaqların sayı azalıb. Əgər 2020-ci ildə 129 min uşaq bağçasına gedirdisə, bu ilin əvvəlinə həmin göstərici 11 min nəfər azalaraq (9 faiz) 118 min nəfərə enib. Azalma, əsasən, son illərdə ölkədə doğumun aşağı düşməsindən qaynaqlanır. 2020-2022-ci illərdə Azərbaycanda toplam 120 min uşaq dünyaya gəlib. 2017-2019-cu illərdə bu, ortalama 141 min nəfər, ondan öncəki üç ildə isə 160 min nəfər idi.

Məktəbəqədər təhsil ocaqlarında uşaqların sayca azalması, əsasən, dövlət sektorunda qeydə alınıb. Ötən il dövlət bağçalarına gedən uşaqların sayı biröncəki illə müqayisədə 7 min nəfərdən çox azalıb. Əvəzində, eyni dövr ərzində özəl bağçalara gedənlərin sayı təxminən 300 nəfər artıb.

Azərbaycanın dövlət bağçalarında təhsilin keyfiyyətinin ürəkaçan olmaması, eləcə də bəzi hallarda infrastrukturun zəifliyi tez-tez valideynlərin narazılığını doğurur. Keyfiyyətcə yetərsiz dövlət bağçalarının alternativi sayılan özəl bağçaların qiymətləri heç də hər kəsə çatımlı deyil.

DSK-nın açıqladığı rəqəmlərdən aydın olur ki, hazırda Azərbaycanda bağçaya gedən uşaqların cəmi 4.8 faizi özəl bağçalara gedə bilir. Bu rəqəm ölkədə gəlir bərabərsizliyinin nə qədər yüksək olmasının göstəricisi sayıla bilər. Bakıdakı özəl bağçaların əksəriyyətində orta aylıq qiymət 500 manata yaxındır və bundan baha qiymətə xidmət təklif edən özəl məktəbəqədər təhsil müəssisələri yetərincədir.

Uşaqların nə qədəri məktəbəqədər təhsilə cəlb edilib?

DSK-nın açıqladığı rəqəmlərdən bəlli olur ki, 2023-cü ilin əvvəlinə ölkədəki 3-5 yaş aralığında olan uşaqların 51.4 faizi məktəbəqədər təhsillə əhatə edilib. Ancaq həmin faizdə məktəbəqədər hazırlıq qruplarına gedənlər də nəzərə alınıb. Bu baxımdan, sırf bağçaya gedən uşaqların nisbəti daha aşağıdır. İnkişaf etmiş ölkələrdə bu göstərici 80 faizi aşır. Müstəqil ekspertlərin fikrincə, Azərbaycanda dövlət məktəbəqədər təhsil ocaqlarında təhsilin keyfiyyətcə yetərsizliyi təhsilin növbəti mərhələsindəki nəticələrə də təsir edir.

1-5 yaşarası əhali qrupununsa cəmi 35.3 faizi məktəbəqədər təhsillə əhatə olunub. Eyni göstərici şəhərlərdə 47.3 faiz olduğu halda, kəndlərdə cəmi 23.7 faizdir. Bu göstəricilər kəndlərdə yaşayan uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsinin şəhərlərdə yaşayan uşaqlarla müqayisədə kəskin aşağı olduğunu göstərir.

Müəllimlərin təhsil göstəriciləri kəskin fərqlənir

DSK-nın açıqladığı bilgilər arasında dövlət və özəl bağçalarda çalışan müəllimlərin təhsil səviyyəsinə aid göstəricilər də yer alır. Hazırda ölkədəki məktəbəqədər təhsil müəssisələrində 17 min 286 pedaqoji işçi çalışır. Onlardan 94 faizi dövlət, cəmi 6 faizi özəl bağçalarda çalışmaqdadır. Bu müəllimlərin təhsil səviyyəsi göstəricilərindən aydın olur ki, dövlət bağçalarında çalışan pedaqoji işçilərin 33 faizi ali təhsillidir. Özəl uşaq bağçalarında çalışan pedaqoji işçilər arasında eyni göstərici 82 faizdir. Dövlət məktəbəqədər təhsil ocaqlarındakı pedaqoji işçilərin 62 faizi orta ixtisas təhsillidir. Özəl məktəbəqədər təhsil müəssisələrində eyni göstərici 18 faizdir.

XS
SM
MD
LG