Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:40

Ərdoğan və Putin İsraillə bağlı məsələdə yekdildirlər


Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin (Arxiv fotosu)
Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin (Arxiv fotosu)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail-Fələstin münaqişəsini rusiyalı həmkarı Vladimir Putinlə müzakirə edib.

Kremlin məlumatında deyilir ki, oktyabrın 10-da yer almış telefon söhbətində iki lider atəşin dərhal dayandırılmasına və danışıqların bərpa olunmasına çağırıblar.

Reuters agentliyinin məlumatına görə Türkiyə prezidentinin administrasiyası iki liderin gərginliyin artmasının qarşısının alınması tədbirlərini və humanitar yardımın çatdırılması təşəbbüslərini müzakirə etdiklərini bildirib.

Kremlin verdiyi bəyanatda “mülkilər arasında ölümlərin fəlakətli artımı” pislənib.

Bəyanatda bu da qeyd olunur ki, sözü gedən münaqişə yalnız “iki dövlət” planı üzərində, paytaxtı şərqi Yerusəlim olmaqla Fələstin dövlətinin yaradılması ilə həll oluna bilər.

Bundan əvvəl Ərdoğan eyni bəyanatla çıxış etmişdi.

Ərdoğan ABŞ-ı tənqid edib

Türkiyə tərəfinin bəyanatında deyilir ki, Ankara regionda sakitliyin bərpa edilməsi üçün səylərini davam etdirəcək.

Türkiyə prezidenti ABŞ-ı özünün təyyarədaşıyan gəmisini İsrail sahillərinə gətirdiyinə görə kəskin tənqid edib.

O deyib ki, bu hərəkət Qəzza zolağında “ciddi qətliamlara” səbəb olacaq.

Ötən həftə Həmas silahlı qruplaşmasının İsrail üzərinə qəfil hücumunun ardınca ABŞ müdafiə naziri Lloyd Ostin demişdi ki, Birləşmiş Ştatlar Gerald R. Ford təyyarədaşıyanı da daxil zərbə donanmasını İsrail yaxınlığına gətirir.

Ərdoğan Ankarada Avstriya kansleri Karl Nehammerlə birgə keçirdiyi mətbuat konfransında bu hərəkətdən qəzəbləndiyini bildirib:

"ABŞ təyyarədaşıyanı İsrail yaxınlığında nə edəcək? Onlar niyə gəliblər? Onlar Qəzzanı vuracaq və ciddi qətliamlar üçün addım atacaqlar”.

“Bu münaqişə bir-iki həftəyə qurtarmacaq”

Ərdoğan bildirib ki, müharibənin dayandırılması üçün vasitəçilik təşəbbüslərini regional və qlobal liderlərlə müzakirə edir:

"Düzünü desəm, mənim ciddi narahatlığım var. Mən inanmıram ki, münaqişə bir-iki həftəyə həll olunsun. Biz elə buna görə sülh cəhdlərimizi davam etdiririk”.

Reuters yazır ki, Türkiyə əvvəllər də fələstinliləri dəstəkləyib, Həmas üzvlərini himayə edib.

Ankara eyni zamanda uzun sürən qarşıdurmanın ardınca İsraillə münasibətlərini yaxşılaşdırmağa çalışır.

Ərdoğan bundan əvvəl demişdi ki, İsrailin baş naziri Benyamin Netanyahu oktyabr, ya da noyabrda Türkiyəyə səfər edə bilər.

O demişdi ki, tərəflər enerji və əməkdaşlıq məsələlərini müzakirə etməlidirlər.

Ərdoğan İsraildə böhran yaranandan bəri bu ölkənin prezidenti İshax Herzoqla, habelə Livan, Qətər, Misir liderləri ilə telefon danışıqları aparıb.

O həm də Qərb sahilindəki Fələstin lideri Mahmud Abbasla danışıb.

XS
SM
MD
LG