Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:04

Ermənistan Azərbaycanın Qarabağda 9 yox, azı 16 nəfəri saxladığını iddia edir


Ermənistan İstintaq Komitəsinin başçısı Argişti Karamyan
Ermənistan İstintaq Komitəsinin başçısı Argişti Karamyan

Azərbaycan Qarabağda sentyabrın 19-20-də keçirdiyi əməliyyat zamanı 9 keçmiş və indiki separatçı lideri deyil, azı 16 nəfəri saxlayıb.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu Ermənistan İstintaq Komitəsinin başçısı Argişti Karamyan deyib:

“Saxlananların arasında yüksək vəzifə tutmayan şəxslər də var. Bu adamların tutulması təsdiqlənib”.

Karamyan söhbətin kimlərdən getdiyini açıqlamasa da, Azatutyun onlardan birinin Melikset Paşayan olduğunu öyrənə bilib.

Xəbərdə deyilir ki, Paşayan Qarabağın Sznek (Azərbaycan variantı – Aşağı Yemişcan, Xocalı rayonunun Qızıloba kənd inzibati ərazi dairəsində kənd – red) kəndində yaşayıb.

Azatutyun yazır ki, o, yaşlı və xəstə şəxslərin təxliyəsinə kömək edərkən itkin düşüb. Paşayanın arvadı deyib ki, əri Bakıda həbsdədir və bu barədə özü telefonla məlumat verib.

30 əsgər, 12 mülki şəxs

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Qarabağın keçmiş separatçı liderləri Arayik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben VardanyanDavid İşxanyan, habelə David Babayan, Levon MnatsakanyanDavit Manukyan Azərbaycan tərəfindən saxlanaraq Bakıya aparılıblar.

Ermənistan hökuməti separatçı liderlərin həbsini pisləyib və onların azad edilməsi üçün beynəlxalq icmaya müraciət edib.

Azərbaycan Xarici İşlər Nazirliyi Yerevanın bəyanatını rədd edib və bildirib ki, sözü gedən şəxslər separatçılıq, “terror aktları” və “Azərbaycana qarşı təcavüz” ittihamları ilə mühakimə olunacaqlar.

Azatutyun yazır ki, rəsmi Bakı indiyədək yalnız 9 separatçı liderin saxlandığını təsdiq edib.

Karamyan isə israr edir ki, onun idarəsində 16 nəfərin saxlanmasına dair məlumat var. O bildirib ki, bu saya Qarabağdan olan 30 əsgər və 12 mülki şəxs daxil deyil. Bunlar hazırda itkin sayılırlar.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Üstəlik, separatçı qurumun bəzi liderləri tutularaq Bakıya gətirilib.

XS
SM
MD
LG