Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:53

Məşqçini evə əxlaqsız qadınlar gətirdiyinə görə öldürdüyünü deyən xanımı yenə psixiatriya xəstəxanasına göndərilir


Əfsanə Qalabəyli
Əfsanə Qalabəyli

Kikboksinq məşqçisi Nurani Qalabəylini uşaqların gözü önündə evə əxlaqsız qadınlar gətirdiyi üçün öldürdüyünü deyən həyat yoldaşı Əfsanə Qalabəyli yenidən psixiatriya xəstəxanasına göndəriləcək.

Noyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun işinə baxan hakimlər belə qərar veriblər.

Daha öncə də hadisə baş verəndə, eləcə də hazırda psixi durumunu müəyyənləşdirməkdən ötrü məhkəmə Ə.Qalabəyliyə ekspertiza təyin eləmişdi. Əvvəlki ekpertizada onun anlaqsız olmasına, hadisəni törədərkən əməlinin nəticəsini anlaya bilməməsinə dair rəy vermişdi.

Prokuror məhkəmənin bu rəyi əsas götürüb, cinayəti törədərkən Ə. Qalabəylinin anlaqsız olması nəticəsinə gəlməsini istəmədiyindən, noyabrın 22-də məhkəmə iclasında vəsatət qaldırıb ki, təqsirləndirilən qadın bir daha komissiya-kompleks psixiatrik və psixoloji ekspertizadan keçirilsin. Vəsatət belə əsaslandırılıb ki, hazırda Ə.Qalabəylinin psixi və psixoloji durumuyla bağlı ortada bir-birinə zidd iki rəy var:

“İstintaq dövründə də ekspertiza keçirilib və anlaqlı sayılıb. O zaman ekspertiza belə nəticəyə gəlib ki, Əfsanə Qalabəyli cinayət törədiləndə hərəkətlərinin xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olub. Onun əqli (intellektual) imkanları da normaldır”.

Prokurorun sözlərinə görə, hazırda bir-birinə zidd iki rəy olduğundan, təkrar ekspertiza keçirilməsinə ehtiyac var.

Ə.Qalabəylinin vəkili Seymur Kərimov müvəkkilinin bir daha psixiatrik və psixoloji ekspertizadan keçirilməsinə ehtiyac görmür. O, prokurorun vəsatətinə etiraz edib. Fikrini də belə əsaslandırıb ki, istintaq dövründə ekspertiza ambulator şəraitdə keçirilib.

Məhkəmə zamanı təyin edilən ekspertiza isə stasionar şəraitdə gerçəkləşdirilib, Ə.Qalabəyli bir müddət mütəxəssislərin müşahidəsi altında saxlanıb. Onlar hərtərəfli müayinə və müşahidələrdən sonra rəy veriblər:

“Daha bir ekspertiza keçirilməsi təkrarın təkrarı olacaq. Hesab edirik ki, effektiv olmayacaq”.

Müdafiə tərəfinin etirazına baxmayaraq, hakimlər prokurorun vəsatətini təmin ediblər. Yenə Ə.Qalabəylinin psixiatrik ekspertizadan keçirilməsinə qərar verilib. Ekspertiza onun hazırda və əri qətlə yetirilən vaxt anlaqlı olub-olmamasına yenidən rəy verməlidir.

Xatırlatma

Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə ittiham edilən Ə.Qalabəyli ötən ilin sentyabrından həbsdədir. O, sentyabrın 2-də yaşadıqları evdə 48 yaşlı Nurani Qalabəylini qətlə yetirməkdə ittiham olunur.

36 yaşlı Ə.Qalabəyli ifadəsində deyib ki, əri illərdir ona əzab verir, döyür, təhqir edir, münasibətdə olduğu qadınları evə gətirməkdən də çəkinmirdi. Bu hərəkətini ona irad tutanda isə evlərində dava düşürdü:

“Mən və uşaqlarım evdə ola-ola, pozğun qadınları gətirirdi. Bizi bir otağa salırdı. Məni o adamlar üçün əvvəldən yemək bişirməyə, hazırlıq görməyə məcbur edirdi. Deyirdi ki, “qonağım olacaq, hazırlıq gör”. Dəfələrlə uşaqlar da ona iradını bildirmişdi. Neçə dəfə demişdim ki, uşaqlar böyüyüb, ayıbdır, yığışdır özünü...”

Qalabəylilərin birgə nikahdan üçü oğlan, biri qız olmaqla 4 övladı var.

13 yaşlı oğlu da məhkəmədə dindirilərkən, anasının söylədiklərini təsdiqləyib.

N.Qalabəylinin evə gətirdiyi iddia olunan qadınlardan biri də məhkəmədə şahid kimi dindirilib. O da təqsirləndirilən şəxsin dediklərinə uyğun ifadə verib.

N.Qalabəylinin atası bu cinayət işi üzrə zərərçəkmişin hüquqi varisi qismində tanınsa da, məhkəməyə gəlmir. İstintaq dövründə də gəlinindən şikayətçi olmadığını söyləyib.

XS
SM
MD
LG