Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:24

Araşdırma: Bu payız Rusiya ordusundan fərarilik etmək istəyənlərin sayı iki dəfə artıb


Rusiyada 2023-cü ilin payızında yayla müqayisədə ordudan fərarilik etmək üçün kömək istəyənlərin sayı 89 faiz artıb.

The Moscow Times qəzeti yazır ki, bu məlumatı rusiyalılara Ukraynadakı müharibədən yayınmaqda kömək edən “Meşə ilə gedin” təşkilatı verib.

Rusiya ordusunda fərariliyin artmasını “Vətəndaş. Ordu.Hüquq” insan haqları qrupunun direktoru Sergey Krivenko da təsdiq edib.

Xəbər verilir ki, ordudan fərariliyin təşkili üçün “Meşə ilə gedin” qrupunun xidmətlərinə müraciət edənlərin sayı az qala iki dəfə artıb.

Qeyd olunur ki, payızın 3 ayı ərazində qrupa fərarilikdə kömək üçün 577 müraciət olub. Halbuki bu rəqəm iyun-avqust aylarında 305 idi.

Fərarilik fikrinə kimlər düşür?

Bu da bildirlir ki, 2023-cü ilin aprelindən bəri təşkilatın hüquqşünas və könüllüləri fərarilik etmək istəyən minədək əsgərə məsləhət veriblər.

“Meşə ilə gedin” layihəsinin rəhbəri Qriqori Sverdlinin sözlərinə görə hərbi qulluqçuların böyük bir qismi yaralanaraq hospitala düşdükdən sonra fərarilik qərarı qəbul edir.

Fərarilərdən biri The Moscow Times qəzetinə deyib ki, fərarilik etmək fikrinə yaralanaraq evə məzuniyyətə gəldikdən sonra düşüb. İnsan haqları müdafiəçiləri onun Rusiyadan qaçmasına imkan yaradıblar.

“Vətəndaş. Ordu.Hüquq” insan haqları qrupunun rəhbəri Sergey Krivenko əlavə edir ki, əsgərlər cəbhədə rotasiyanın olmamasını və hətta ən ağır yaralıların da döyüşdə saxlandığını görürlər.

Cəbhə xəttində fərarilik çətindir

Krivenko deyir ki, bilavasitə hərbi hissədən qaçmaq fikrinə çox az hərbçilər düşür. Çünki orada fərariləri tutur, daha sonra yenidən cəbhə xəttinə göndərirlər. Bu işlərin əksəriyyəti məhkəməyə gedib çıxmır.

Sverdlin isə qeyd edir ki, bəzən könüllülər cəbhəyanı bölgədən də fərarilik edənlərə dəstək veriblər, amma belələri çox az olur.

Bu onunla bağlıdır ki, cəbhə xəttində olanların çox vaxt mobil telefonları və hətta bəzən sənədləri də olmur.

Komandirlər onların pasportlarını və hərbi biletlərini əllərindən alır və sənədləri onlara yalnız xidmət başa çatanda və ya hərbçi məzuniyyətə gedəndə verirlər.

Əsir düşmək istəyənlər də az deyil

Vəkil Maksim Qrebenyuk deyir ki, onun praktikasında fərarilərə yalnız şərti cəza verilir və bu onları cəbhəyə göndərilməkdən xilas edə bilmir. Vəkilin sözlərinə görə üstəlik onları cəbhənin ən qızğın hissələrinə göndərirlər.

Mediazona saytının məlumatına görə Rusiyada ötən ilin sentyabrında elan edilmiş səfərbərlikdən bəri məhkəmələrə “hərbi hissənin özbaşına tərk edilməsi” ittihamı üzrə 4 mindən çox iş daxil olub. Bunlardan 3470-i barədə hökmlər çıxarılıb. Bu hökmlərin əksəriyyətində fərarilərə şərti cəzalar verilib.

“Yaşamaq istəyirəm” adlı Ukrayna layihəsi iddia edir ki, Rusiyada səfərbərliyin əvvəlindən ona əsir düşmək istəyən Rusiya əsgərlərindən 22 min ərizə daxil olub.

Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusovun dediyinə görə bu proqram üzrə günə üç-beş əsgər özünü təslim edir.

Bu məlumatları müstəqil mənbələrlə yoxlamaq mümkün deyil.

XS
SM
MD
LG